“Zəngəzur dəhlizinin taleyi 2026-cı il seçkilərindən asılıdır” – Azad Məsiyev – ÖZƏL
17:44 Siyasət"Cənubi Qafqazda yeni siyasi situasiya formalaşıb və bu vəziyyəti yaradan əsas amil məhz Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətdir. 44 günlük Vətən müharibəsindən sonra regionda yaranan mövcud siyasi reallıq qlobal güclərin maraq dairəsinə düşüb. Zəngəzur dəhlizi məsələsi də məhz 44 günlük müharibədən sonra gündəmə gələn əsas mövzulardandır".
Bu fikirləri mövzu ilə bağlı siyasi şərhçi Azad Məsiyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert bildirib ki, bu məsələ ilə bağlı hazırda iki əsas sənəd mövcuddur. Onlardan biri 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdır. Həmin sənəd Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın Baş naziri tərəfindən imzalanıb. Ermənistan bu sənədi imzalamaqla üzərinə konkret öhdəliklər götürüb. 10 noyabr bəyanatının 9-cu bəndində açıq şəkildə qeyd olunur ki, Zəngəzur dəhlizinin təhlükəsizliyinə Rusiya Federal Təhlükəsizlik Xidməti nəzarət etməlidir. Lakin sonrakı dövrdə Ermənistanın siyasi rəhbərliyi, xüsusilə də Baş nazir Nikol Paşinyan bu sənədi faktiki olaraq gündəmdən çıxarmağa çalışır. Bundan başqa, 2025-ci il avqustun 8-də Ermənistan tərəfi açıq şəkildə Zəngəzur dəhlizinin fəaliyyətinin ABŞ-nin nəzarətinə verilməsi ideyasını gündəmə gətirdi. Beləliklə, hazırda ortada iki yanaşma var: biri 10 noyabr sənədi, digəri isə avqustun 8-də irəli sürülən təşəbbüs. Bu sənədlərdən hansının real gücə malik olacağını zaman göstərəcək. Hazırda Paşinyan hakimiyyətinin siyasətinə uyğun olaraq avqustun 8-də səsləndirilən yanaşma daha çox ön plana çıxarılır. Lakin məsələnin real həlli 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkilərindən ciddi şəkildə asılı olacaq.
Ekspert qeyd edib ki, əgər Paşinyan hakimiyyətdə qalarsa, onun siyasi kursu nəticəsində Zəngəzur dəhlizinin ABŞ-nin himayəsi altında fəaliyyət göstərməsi ehtimalı artacaq. Əksinə, Ermənistanda hakimiyyət dəyişərsə və Rusiyaya yaxın qüvvələr iqtidara gələrsə, bu halda 10 noyabr sənədinə istinad edilərək yeni siyasi şərait formalaşdırılacaq. Yəni Zəngəzur dəhlizinin gələcək taleyi birbaşa Ermənistan daxilindəki siyasi proseslərdən asılıdır. Artıq Rusiya rəsmilərinin 10 noyabr sənədinin hələ də qüvvədə olduğunu vurğulayan açıqlamaları səslənir. Bu, açıq şəkildə Qərbə verilən mesajdır: Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı strateji maraqları mövcuddur. Çünki Zəngəzur dəhlizi Orta Dəhlizin əsas qollarından biridir və bu dəhlizə nəzarət edən tərəf qlobal iqtisadi sistemə təsir imkanları əldə edir. Çinlə Avropa arasında daşınan yüklərin mühüm hissəsinin bu marşrutdan keçməsi nəzərdə tutulur. Ümumiyyətlə, Zəngəzur dəhlizinin işlək mexanizmi birbaşa Azərbaycandan asılıdır. Yüklərin dəhlizə daxil olması və oradan çıxması Azərbaycan ərazisi üzərindən həyata keçirilir. Zəngəzur dəhlizi vasitəsilə daşınan yüklər əvvəlcə Azərbaycan, daha sonra Naxçıvan üzərindən Türkiyəyə yönəlir. Bu baxımdan, Azərbaycanın şərtləri qəbul edilmədən dəhlizin real fəaliyyətə başlaması mümkün deyil.
"Zəngəzur dəhlizinə kimin nəzarət etməsindən asılı olmayaraq - istər Rusiya, istər Ermənistan, istər ABŞ, istərsə də beynəlxalq təşkilatlar - Azərbaycan üçün əsas məsələ öz şərtlərinin təmin olunmasıdır. Əsas tələb isə Azərbaycan vətəndaşlarının Zəngəzur dəhlizi boyunca maneəsiz və toxunulmaz şəkildə hərəkətinə tam zəmanətin verilməsidir. Əgər bu zəmanət təmin edilməzsə, Ermənistanın nəqliyyat infrastrukturunun açılması real görünmür. Azərbaycan alternativ variantlara da malikdir. Məlum olduğu kimi, rəsmi Bakı İran üzərindən Araz dəhlizinin açılmasında maraqlıdır. Ermənistan və ya dəhlizə nəzarət edəcək hər hansı tərəf Azərbaycanın şərtlərini qəbul etməzsə, Azərbaycan Orta Dəhlizin bir qolunu Araz marşrutu vasitəsilə reallaşdıra bilər. Ərazi baxımından söhbət 42 kilometrlik dəhlizdən getsə də, onun işlək mexanizmi Azərbaycanın siyasi iradəsindən asılıdır. Azərbaycanın tələbləri qəbul olunmayınca Zəngəzur dəhlizinin fəaliyyətə başlaması mümkün olmayacaq. Bu dəhliz ətrafında qlobal güclərin maraqları toqquşur. Rusiya Zəngəzur dəhlizi vasitəsilə Türkiyə ilə birbaşa əlaqələr qurmaq imkanına malik ola bilər. Əgər dəhlizə ABŞ nəzarət edərsə, Rusiyanın bu marşrut üzərindən Türkiyə ilə əlaqələrinə məhdudiyyətlər qoyula, həmçinin Şimal-Cənub dəhlizinin fəaliyyəti zəiflədilə bilər. Buna görə də Rusiya öz cənub cinahının aktiv qalmasında maraqlıdır", - deyə siyasi şərhçi vurğulayıb.
Ekspertin sözlərinə görə, Ermənistanın apardığı avantürist siyasət nəticəsində regionda qlobal güclərin maraqları toqquşur. Ermənistanın hazırkı siyasi hakimiyyəti açıq şəkildə Zəngəzur dəhlizinin ABŞ-nin nəzarəti altında fəaliyyət göstərməsini dəstəkləsə də, bu məsələnin real həyata keçməsi ölkədə keçiriləcək seçkilərin nəticələrindən asılıdır. Ermənistan stabil və oturuşmuş dövlət deyil. Tarixən xarici güclərin təsiri altında qalaraq regionda sabitliyi pozan bir alətə çevrilib. 2026-cı ilin yayında keçiriləcək seçkilərdə ölkədə hansı siyasi qüvvənin hakimiyyətə gələcəyi Zəngəzur dəhlizinin gələcək taleyini də müəyyən edəcək. Bu baxımdan, Ermənistanın xarici işlər nazirinin və siyasi rəhbərliyinin hazırkı bəyanatları ciddi qəbul edilməməlidir. Ermənistan bu gün də böyük güclərin əlində alət olaraq qalır və müstəqil, suveren dövlət kimi çıxış etmir.
A. Məsiyev əlavə edib ki, Ermənistanın həqiqətən müstəqil və suveren dövlətə çevrilməsi onun qonşularla münasibətlərindən, xüsusilə Azərbaycan və Türkiyə ilə əlaqələrindən keçir. Əgər Ermənistan beynəlxalq hüquqa və mehriban qonşuluq prinsiplərinə əsaslanaraq bu ölkələrlə münasibətləri normallaşdırarsa, yalnız bu halda müstəqil və dayanıqlı dövlət kimi inkişaf edə bilər. Əks halda, yenə də qlobal güclərin maraqları çərçivəsində alətə çevriləcək və suverenliyini itirmək riski ilə üzləşəcək.
Lamiyə Cəbrayılova