Seçkilər, konstitusiya və təzyiqlər:Ermənistanda siyasi qeyri-sabitlik sülh prosesini ləngidir- ÖZƏL
16:02 SiyasətHadson İnstitutunun tədqiqatçısı Lük Koffi yazır ki, Ermənistan-Azərbaycan sülh prosesinə ciddi təkan lazımdır. Vaşinqtonda Donald Trampın iştirakı ilə imzalanmış razılaşmaya əsasən, sülh sazişi 12 ay ərzində ratifikasiya edilməli idi, lakin müddətin yarısı keçsə də, əsas problemlər həll olunmayıb. Başlıca maneələr Ermənistan daxilində siyasi qeyri-sabitlik, konstitusiyadakı Azərbaycana qarşı ərazi iddiaları, "Tramp Marşrutu" layihəsi və seçkilər ərəfəsində Rusiya ilə İranın təzyiqləridir. Müəllif hesab edir ki, beynəlxalq ictimaiyyət prosesdə fəal qalarsa, 2026-cı ildə sülhün möhkəmlənməsi mümkündür.
Ermənistan daxilindəki siyasi proseslər və qarşıdan gələn seçkilər sülh sazişinin imzalanmasını real olaraq nə dərəcədə ləngidə bilər? Mövzu ilə bağlı siyasi şərhçi Əli Mustafa Olaylar.az-a açıqlama verib:
"Ermənistanda hazırda kifayət qədər gərgin siyasi ab-hava var. Ölkə seçkilərə doğru gedir və bu prosesdə Paşinyan və tərəfdarları ilə onun əleyhdarları arasında ciddi siyasi qarşıdurmalarla müşayiət olunur. Ehtimal ki, seçkilərə yaxınlaşdıqca bu gərginlik daha da dərinləşəcək. Görünən odur ki, Paşinyan seçkilərə qədər sülh sazişinə , xüsusilə də Azərbaycanla bağlı tələblərə uyğun konstitusiya dəyişiklikləri məsələsinə gedə bilmir. Bu mövzuda cəmiyyətlə dialoq qurmağa çalışsa da, ona qarşı olan qüvvələr- xüsusilə Qarabağ klanı və Rusiya ilə əlaqəli siyasi dairələr onun bu istiqamətdə fəallığını ciddi şəkildə məhdudlaşdırır. Bununla yanaşı, Azərbaycanla Ermənistan arasında formalaşan münasibətlər və mümkün ticarət əlaqələri də prosesə müəyyən təsir göstərir. Lakin mövcud vəziyyəti nəzərə alsaq, seçkilərə qədər bu istiqamətdə ciddi addımların atılması böyük ehtimalla baş verməyəcək. Seçkilərdən sonra isə referendumun keçirilməsi və Ermənistanın yeni konstitusiyasının qəbul edilməsi məsələsi gündəmə gələ bilər. Hətta istisna deyil ki, referendum seçkilərlə eyni vaxta təsadüf etsin. Əgər Paşinyan hakimiyyətinə tam əminlik yaranarsa və ictimai rəyin göstəriciləri buna imkan verərsə, bu ssenari real ola bilər. Bu halda, 2026-cı ildə sülh sazişinin imzalanması da mümkün görünür. Bununla belə, prosesə mane olan digər amillər də mövcuddur. Böyük dövlətlərin regionda təsirini qorumaq istəyi və onların maraqları bu prosesdə müəyyən maneələr yaradır. Xüsusilə Ermənistan üçün bu təzyiqlər daha ciddi xarakter daşıyır. Hazırda ümid edək ki, Ermənistan tərəfi bu maneələri dəf edə biləcək. Əgər bu çətinliklər aşılmazsa, proses sadəcə müəyyən qədər yubana bilər. Digər tərəfdən, ABŞ-ın, xüsusilə Trampın prosesə təsir imkanları da kifayət qədər genişdir. Amerikanın beynəlxalq nüfuzunun artması və regiona marağının güclənməsi alternativ diplomatik təşəbbüslər üçün imkanlar yarada bilər. Bütün hallarda əsas qərar Ermənistan rəhbərliyi tərəfindən verilməlidir. Azərbaycan tərəfdən, bildiyim qədərilə, prosesə maneə yoxdur. Azərbaycan sülh sazişini imzalamağa hazırdır. Qalan məsələ Ermənistanın daxili problemlərini həll etməsi və aydın siyasi iradə ortaya qoymasıdır. Əlbəttə, başqa variantlar da mümkündür. Prinsip etibarilə, əvvəlcə sülh sazişinin imzalanması, daha sonra isə müəyyən addımların atılması da gündəmə gələ bilər. Ancaq bu, yalnız tərəflərin qarşılıqlı razılığı əsasında baş tuta bilər".
Zeynəb Mustafazadə