Neft, həkimlər və ideologiya: Kuba inqilabının son sövdələşməsi necə dağılır

Yeni monroist tipli Amerika doktrinası fonunda Kubanın strateji dayanıqlığı necə dəyişir, enerji blokadası və ideoloji təzyiq şəraitində ada hansı alternativ avtonomiya mənbələri hesabına Venesuela resursunun itirilməsini kompensasiya edə bilər?

Qərb yarımkürəsinin yeni düzənində Kuba

Venesuela neftinin dövrü başa çatdıqca və Vaşinqtonun sərt kursa qayıdışı ilə Kuba yenidən enerji asılılığı ilə geosiyasi təzyiqin kəsişməsində qalıb. 2025-ci ildə ABŞ prezidenti Donald Trampın hakimiyyətə gəlişi ilə Amerikanın Qərb yarımkürəsinə yönəlik siyasəti yenidən klassik Monro doktrinasının məntiqinə qayıtdı - Vaşinqtonun Latın Amerikasındakı "birmənalı təsir zonasını" bərpa etməyə yönəlmiş xəttə. Bu kontekstdə Havana yeni Amerika gücünün nümayişi üçün sınaq meydanına çevrilib, enerji blokadası isə siyasi transformasiyaya məcbur etmə alətinə çevrilir.

Kuba dünyada iki dəfə sistem dayağını itirərək ayaqda qalmağı bacaran nadir ölkələrdən biridir: əvvəl SSRİ-ni, sonra Venesuelanı. Krizislərə adaptasiya qabiliyyəti adanı qlobal sanksiyalar və resurs müharibələri dövründə avtoritar sistemlərin dayanıqlıq laboratoriyasına çevirib. Lakin enerji asılılığı, demoqrafik tənəzzül və struktur iqtisadi böhran ölkəni yeni bir "xüsusi dövr"ün - minimum xarici resurslarla sistemli sağ qalma mərhələsinin - astanasına gətirib çıxarır.

Enerji asılılığı və sağ qalma modelinin transformasiyası

Altı onillikdir ki, Kuba iqtisadiyyatı siyasi və enerji mübadiləsi məntiqi ilə formalaşıb: xarici loyalıq və ideoloji həmrəylik enerji təhlükəsizliyi üçün valyuta rolunu oynayıb. Soyuq müharibə dövründə qurulmuş bu mexanizm adanın əsas yaşamaq formuluna çevrilmişdi. 1960-1980-ci illərdə SSRİ hər il Kubaya 13 milyon tonadək neft tədarük edir, əvəzində şəkər, nikel və siyasi dəstək alırdı. SSRİ dağıldıqdan sonra Kuba iqtisadiyyatı iflic oldu: ÜDM 40%-ə yaxın azaldı, sənaye istehsalı 60%-ə qədər gerilədi, enerji istehlakı isə iki dəfədən çox düşdü. Bu dövr "Xüsusi mərhələ" (Período Especial) kimi tarixə düşdü - Kuba ilk dəfə xarici donordan məhrum olmağın nə demək olduğunu yaşadı.

XXI əsrin əvvəlində "şəkər-neft" formulu "həkimlər-neft" modelinə çevrildi. Havana ilə Karakas arasında bağlanmış razılaşmalar çərçivəsində Kuba hər il Venesuelaya 30 minə yaxın həkim, mühəndis və müəllim göndərir, əvəzində isə gündə 100 min barrelədək nefti güzəştli qiymətlərlə alırdı. Bu, ölkənin enerji tələbatının 60-70%-ni, valyuta gəlirlərinin isə 15%-ə qədərini təmin edirdi. BMT-nin Latın Amerikası üzrə iqtisadi komissiyasının (CEPAL) hesablamalarına görə, 2010-2015-ci illərdə Kuba Venesueladan ildə 3 milyard dollardan çox dəyərində neft və neft məhsulları alırdı ki, bu da nəqliyyat, energetika, səhiyyə və kənd təsərrüfatının fəaliyyətini təmin edirdi.

Amma 2020-ci illərin ortalarında Venesuela iqtisadiyyatı artıq güzəştli şərtlərlə neft ixracını davam etdirə bilmədi. Dərinləşən siyasi böhran, hasilatın azalması və beynəlxalq sanksiyalar tədarükləri kəskin şəkildə məhdudlaşdırdı. 2025-ci ilin dekabrında Karakas rəsmi şəkildə Kubaya neft göndərişlərini dayandırdı, səbəb kimi "daxili tələbatı" göstərdi. Bununla ada öz neft idxalının 70%-ni itirdi. Enerji sistemi çökmə həddinə çatdı. BMT-nin məlumatına görə, 2025-ci ilin sonuna sənaye istehsalı 18%, kənd təsərrüfatı 23% azalıb, adambaşına ÜDM isə 1980-ci illərin son səviyyəsinə - təxminən 9 min dollara (PPP ilə) düşüb.

Enerji defisiti domino effekti yaratdı. Yanacaq çatışmazlığı nəqliyyatı və logistikanı iflic etdi - yükdaşımalar 40% azaldı, daxili aviareyslər üçdə iki qisqaldı, elektrik enerjisi çatışmazlığı isə 25%-ə çatdı. İqtisadiyyatın əsas sahələri - sement, kimya və qida sənayesi - qismən dayandı. 2025-ci ildə Kuba cəmi 1,4 milyon ton sement istehsal edə bildi (2018-ci ildə 2,3 milyon idi). Paytaxt Havananın və Santyaqo de Kubanın bəzi rayonlarında elektrik kəsintiləri gündə 8 saata qədər davam edir. Bu şəraitdə sənaye və xidmət sahələrində 120 minə yaxın iş yeri itirildi.

Sosial nəticələr də bir o qədər dağıdıcı oldu. Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) məlumatına görə, təkcə 2025-ci ildə adanı 180 min nəfər tərk edib - bu, əhalinin 1,6%-nə bərabərdir və 1994-cü il "balseros" böhranından bəri ən böyük miqrasiya dalğasıdır. Üstəlik, ölkəni tərk edənlər əsasən mühəndislər, həkimlər, müəllimlər kimi yüksək ixtisaslı mütəxəssislərdir. İnsan kapitalının axını artıq struktur problemə çevrilib: məhsuldarlığı azaldır, təhsil sistemini zəiflədir və eyni zamanda ideoloji loyalığı sarsıdır. Gənclik sosialist modelini artıq milli qürurun deyil, çıxılmazlığın simvolu kimi görür.

Alternativ mənbələr və yeni iqtisadi reallıq

Bu nöqtədə əsas sual yaranır: Kuba Venesuela neftini əvəz edə bilərmi? Cavab mürəkkəbdir. Formal olaraq - bəli, alternativlər var. Məsələn, Meksika 2026-cı ilin yanvarında Havanaya 200 min barrel həcmində "simvolik" xam neft partiyası göndərdi, lakin Vaşinqtonun təzyiqi altında uzunmüddətli müqavilə bağlamaqdan imtina etdi. Braziliya öz enerji profisitinə baxmayaraq, Kubanın vərdiş etdiyi ağır Venesuela neftini emal etmək üçün texnoloji infrastrukturdan məhrumdur. Kolumbiya isə daxili tələbat və coğrafi məhdudiyyətlər səbəbindən yardım göstərə bilmir.

Beləliklə, Kuba Qərb yarımkürəsindən kənarda neft axtarmağa məcburdur. 2025-ci ildə Rusiya təqribən 1,2 milyon barrel həcmdə humanitar yardım şəklində neft göndərdi, lakin Atlantika üzərindən daşınma bu əməliyyatları iqtisadi cəhətdən səmərəsiz edir. Əlcəzair və İran "barter" modeli təklif ediblər - yanacaq əvəzində tibbi xidmətlər, dərman və nikel. 2025-ci ilin iyulunda Havana və Tehran gündə 20 min barrelədək tədarükləri nəzərdə tutan memorandum imzaladılar, lakin bu, əvvəlki həcmlərin kiçik bir hissəsidir. Üstəlik, bu sazişlər ikinci dərəcəli sanksiya riski daşıyır, bu da onların davamlılığını sual altına alır.

Beləliklə, alternativ marşrutlar adaya yalnız "nəfəs payı" verir - böhranın yumşaldılması, lakin dayanıqlı çıxış yolu deyil. Uzunmüddətli strategiya artıq təkcə neft tədarükçüsünün əvəzlənməsinə deyil, gəlir mənbələrinin struktur diversifikasiyasına əsaslanmalıdır. Dias-Kanel hökuməti tibbi və təhsil xidmətlərinin, İT sektorunun və biotexnologiyanın ixracını inkişaf etdirməyə çalışır. Təkcə 2025-ci ildə kubalı həkim missiyaları və farmasevtika ixracı 4 milyard dollara yaxın gəlir gətirib, bu da müvəqqəti olaraq tədiyyə balansını sabitləşdirib.

Eyni zamanda, ölkə nikel və kobaltın qlobal texnoloji zəncirlərindəki rolunu bərpa etməyə çalışır. ABŞ Geoloji Xidmətinin məlumatına görə, Kubada 800 min tonadək nikel və 50 min tondan çox kobalt ehtiyatı var - bu göstərici adanı Qərb yarımkürəsinin ən iri təchizatçılarından birinə çevirir. 2025-ci ildə nikel ixracı 1,5 milyard dollara çatıb - bu, turizmdən əldə olunan gəlirin ikiqatıdır. Elektrikli nəqliyyat və akkumulyator texnologiyalarına keçid fonunda nikel və kobalt tələbi artdıqca, Kuba 2030-cu ilədək bu istiqamətdən valyuta gəlirlərini 2-3 dəfə artırmaq potensialına malikdir.

Lakin bu potensialın reallaşması investisiya, texnologiya və sabit xarici tərəfdaşlıqlar tələb edir - bunlar isə hələ ki, yoxdur. Kuba böhran və adaptasiya arasında tarazlıq axtarır: yaşaya bilir, amma inkişaf edə bilmir. Onun enerji həssaslığı XXI əsrdə sosialist avtonomiyasının sərhədlərini göstərir - dünya bazarlarına çıxış, gəlir şaxələndirilməsi və siyasi elastiklik olmadan sağ qalmaq tədricən durğunluğa çevrilir. Venesuela neftinin itkisi təkcə iqtisadi zərbə deyil, həm də bütün Kuba modelinin davamlılıq sınağına çevrilib - bu dəfə söhbət sadəcə enerji tədarükündən deyil, dövlətin öz siyasi, iqtisadi və insani enerjisini qoruyub saxlamaq gücündən gedir.

Siyasi-ideoloji amil: legitimliklə loyalıq arasında

Müasir Kuba siyasi sistemi nadir və özünəməxsus bir nümunədir - sabit görünən, amma daxilən gərgin bir konstruksiya. Onun dayaqları ikiqat struktur üzərində qurulub: 1959-cu il inqilabının simvolik mirasından gələn karizmatik legitimlik və partiya, ordu, dövlət ideologiyası vasitəsilə qorunan səfərbərlik loyallığı. Bu mexanizm onilliklər boyu sabitlik verib, amma əvvəl SSRİ-nin, sonra Venesuelanın itirilməsi fonunda artıq sistem böhranının mənbəyinə çevrilib. Bu gün Kuba inqilab mifinin və institusional intizamın inersiyası ilə yaşayır, lakin hər iki resurs tükənmək üzrədir.

Karizmatik legitimlik - Fidellə Raul Kastronun siyasi irsindən doğan simvolik hakimiyyət - artıq təkrarlana bilmir. "Xüsusi dövr"dən sonra böyüyən nəsil üçün inqilab artıq canlı proses deyil, muzey ekspozisiyasına çevrilmiş mifologiyadır. Latinobarómetro-nun 2024-cü il hesabatına görə, 30 yaşadək gənclərin hökumətə etimadı 42%-ə düşüb - bu, yaşlı nəsillərlə müqayisədə 20 bənd aşağıdır. Eyni zamanda siyasi strukturlara qoşulma kəskin azalıb: Kommunist Partiyasının üzvləri əhalinin 6%-dən də azdır, aktivlərin orta yaşı isə 55-i keçib. Bu göstəricilər sistemin dayandığı səfərbərlik bazasının tükəndiyini nümayiş etdirir.

Səfərbərlik loyallığı - sistemin ikinci dayağı - də aşınma mərhələsindədir. Tarixən ordu və partiya bir idarəetmə konturunda birləşib: zabitlər yalnız hərbi deyil, həm də iqtisadi təsirə malik idilər, GAESA kimi dövlət holdinqləri vasitəsilə ixracı, turizmi və infrastruktur layihələrini nəzarətdə saxlayırdılar. Lakin son illər bu struktur daxilində iki cərəyanın toqquşması güclənib: bir tərəfdə ideoloji saflığı və sovet tipli idarə modelini qorumağa çalışan "köhnə qvardiya", digər tərəfdə isə rəqəmsallaşma, tibbi ixrac və xarici kontraktlarla bağlı yeni texnokrat bürokratiya. Onlar daha çox praqmatizmə və məhdud liberallaşmaya meyillidirlər.

Bu daxili gərginlik SSRİ-nin son illəri ilə müqayisəni qaçılmaz edir. Formal monolit saxlanılsa da, elita daxilində parçalanma dərinləşir. İqtisadi texnokratlar müəssisələr üçün daha çox müstəqillik, xarici investisiyaya çıxış və özəl təşəbbüslərin genişlənməsini tələb edir, ortodokslar isə idarəetmənin dağılmasından ehtiyatlanırlar. Bunun əlaməti kimi özəl sektorun payı artır: Kubanın Milli Statistika Ofisinin məlumatına görə, 2025-ci ildə xidmət, İT və logistika sahələrində 8 mindən artıq kiçik və orta özəl müəssisə (MSME) fəaliyyət göstərir, onların ÜDM-dəki payı artıq 13%-i ötüb. Rəsmi ritorika isə hələ də özəl sektoru "sosialist iqtisadiyyatının əlavə elementi" kimi təqdim edir.

Bu şəraitdə "kubalı Qorbaçov" anlayışı artıq şəxsiyyət deyil, struktur zərurətidir. Sistem idarə olunan liberallaşmanı reallaşdıra biləcək islahatçını tələb edir. Dias-Kanel bu rolu oynamağa cəhd edir, amma onun səlahiyyətləri ordunun və partiya bürokratiyasının çərçivəsində məhdudlaşıb. Onun siyasəti "islahatlarsız islahatçılıq" effekti yaradır: ticarətə qismən azadlıq, səhiyyə və təhsil xidmətlərinin rəqəmsallaşması, ixrac əməliyyatları üçün elektron platformaların tətbiqi. 2024-cü ildə tibbi xidmət və İT məhsullarının ixracı 4,2 milyard dollar gəlir gətirib, lakin bu uğurlar davamlı iqtisadi artıma çevrilmir - çünki Kuba beynəlxalq kredit bazarlarından təcrid olunub, dollar əməliyyatları isə sanksiyalarla bloklanır.

Ölkə iqtisadiyyatı üçtərəfli struktur tıxacında sıxılıb. Birincisi, ABŞ embarqosu Kubanı qlobal maliyyə sistemindən kənarda saxlayır - SWIFT sisteminə çıxış yoxdur, bütün ödənişlər üçüncü ölkələr vasitəsilə aparılır. İkincisi, 2021-ci ildə paralel valyutanın (CUC) ləğvi peso-nun beş dəfə dəyər itirməsinə səbəb olub, nəticədə inflyasiya 2023-də 200%-ə yüksəlib. Üçüncüsü, xarici investisiyaların çatışmazlığı islahatlara "kritik kütlə" qazandırmır - ÜDM-də onların payı 1,3%-dən azdır, halbuki real bərpa üçün ən azı 10% tələb olunur. Nəticədə Dias-Kanelin islahatları imitasiyadan o tərəfə keçmir: modernləşmə görüntüsü yaradır, amma iqtisadi strukturu dəyişə bilmir - ölkə müəssisələrinin 75%-i hələ də dövlətə məxsusdur.

ABŞ-ın Kuba strategiyası isə bu daxili ziddiyyətlərə hesablanıb. Ağ Ev açıq müdaxiləyə ehtiyac duymadan, "daxili eroziya" ssenarisinə ümid edir - ideoloji bazanın nəsillərarası aşınması, orta təbəqənin demoralizasiyası və səfərbərlik loyallığının dağılması. 2020-ci ildən bəri USAID və NED kimi amerikalı qurumlar klassik müxalifət yaratmaq əvəzinə "informasiya virusları" strategiyasına keçiblər - sosial şəbəkələrdə "inqilabdan yorulma" və "humanitar böhran" narrativlərini yayan platformalar, bloqlar, kanallar vasitəsilə ictimai fikri yönləndirirlər. Global Disinformation Index məlumatına görə, 2022-2024-cü illərdə anti-kubalı kampaniyaların sayı sosial mediada 5 dəfədən çox artıb.

Maliyyə təzyiqi bu strategiyanın digər istiqamətidir. Diasporadan göndərilən pul köçürmələrinə qoyulan məhdudiyyətlər əhalinin gəlirini təxminən üçdə bir azaldıb - bu, xüsusilə ABŞ və İspaniyadan asılı olan şəhər orta təbəqəsi üçün ağır zərbədir. Sanksiyalar və bank məhdudiyyətləri vasitəsilə ABŞ faktiki olaraq sosial boşluq yaradır: kiçik sahibkarlar və ixtisaslı mütəxəssislər loyal qalmaq üçün motivasiyanı itirirlər. Bunun fonunda "humanitar böhran" mövzusu Qərb mediasında daha çox istismar olunur - dərman, ərzaq və enerji çatışmazlığı simvolu kimi Kuba qeyri-səmərəli dövlət obrazında təqdim edilir.

Beləliklə, Kuba bu gün struktur dönüş nöqtəsində dayanıb. Onun siyasi sistemi hələ də monolit görüntüsünü saxlayır, amma daxilən nəsillər, ideologiyalar və maraqlar toqquşması ilə aşınır. Xarici sponsorun itirilməsi rejimin daxili kompensasiya mexanizmlərindən asılılığını üzə çıxarıb - lakin bu mexanizmlər artıq işləmir. Dias-Kanel nəzarət və islahat, ideologiya və praqmatizm arasında tarazlığı qorumağa çalışır, amma manevr imkanları daralır. İnvestisiya olmadan və sanksiyalar dərinləşdikcə, hər hansı "kubalı perestroyka" islahatdan çox idarə olunan dağılmaya çevrilə bilər - məhz buna da Vaşinqton ümid edir, Kubada "daxili eroziya" modelini sınaqdan keçirərək, bir güllə atmadan rejim dəyişikliyinin mexanizmini sınaqdan çıxarır.

Yeni Amerika doktrinası: Venesueladan Kubaya

ABŞ prezidenti Donald Trampın Latın Amerikası siyasəti klassik Monro doktrinasına - onun ilkin, imperiya mənasında qayıdışını simvolizə edir. Bu, artıq regionu xarici müdaxilədən qorumaq deyil, Qərb yarımkürəsində Amerika hegemoniyasının bərpasıdır. Venesuela eksperimentinin iflasa uğramasından və 2024-cü ildə Nikolás Maduronun rejiminin faktiki çöküşündən sonra Ağ Ev prioriteti açıq şəkildə dəyişdi - yeni hədəf Kuba oldu, Qərb yarımkürəsində sosialist modelinin son qalası. Vaşinqton "postinqilabi strukturların sökülməsi" zərurətindən artıq açıq danışır, bunu isə "demokratikləşmə" ritorikası ilə deyil, iqtisadi sağlamlaşdırma, bazar liberallaşması və "özəl təşəbbüsün bərpası" şüarları altında təqdim edir.

Söhbət qısamüddətli kampaniyadan deyil, ABŞ xarici siyasətinə institusional səviyyədə yerləşdirilmiş kompleks strategiyadan gedir. Senator Marko Rubionun dövlət katibi postuna təyinatı həm simvolik, həm də sistem xarakterli addım oldu. Rubiо - Kubaya qarşı sərt kursun memarlarından biridir; 2017-ci ildən etibarən Havananı sanksiyalarla sıxışdırmaq məqsədilə 30-dan çox qanun layihəsinin təşəbbüskarı kimi çıxış edib. Məhz o, 1960-cı illərdə milliləşdirilmiş Amerika əmlakından istifadə edən xarici şirkətlərə qarşı ABŞ vətəndaşlarına iddia qaldırmağa imkan verən "Helms-Burton Qanunu"nun müddəalarının bərpasına nail olub. 2020-2025-ci illərdə bu hüquqdan 200-dən artıq Amerika şirkəti istifadə edib - onların arasında ExxonMobil, American Sugar, Carnival Cruises kimi nəhənglər də var. Bu iddialar Avropa və Asiyadan gələn investorlar üzərində daimi hüquqi təzyiq yaradır, onları layihələrini dondurmağa və ya bağlamağa məcbur edir.

Marko Rubiо eyni zamanda Respublikaçılar Partiyasının etibarlı elektorat dayağı olan Florida kubano-amerikan lobbiləri ilə əlaqələndirməni idarə edir. Yalnız Mayamidə 1,3 milyondan çox kubalı mənşəli sakin yaşayır və onların təxminən 74%-i ənənəvi olaraq respublikaçılara səs verir. Tramp üçün bu, sadəcə seçici bazası deyil, strateji rıçaqdır: 30 seçici səsini təmin edən Florida ştatını qazanmaq prezident seçkisinin taleyini həll edir. Buna görə də "Kubanı azad etmək" siyasəti Amerika seçicisinə xarici siyasət addımı kimi deyil, daxili mənəvi missiya kimi təqdim olunur - "kubalı xalq üçün ədalətin bərpası", antikommunist ritorika ilə populist milliçiliyin sintezi kimi.

Bununla belə, hərbi müdaxilə istisnadır. Müasir Latın Amerikası artıq 1980-ci illərin dövrü deyil: ABŞ-ın ən yaxın tərəfdaşları - Kolumbiya və Çili - belə, açıq şəkildə silahlı müdaxiləyə qarşı çıxırlar. Birbaşa hərbi əməliyyat ABŞ-ın regiondakı təsir sisteminin dağılması, Amerika Dövlətləri Təşkilatının (OAS) bütövlükdə zədələnməsi və Vaşinqtonun Qərb yarımkürəsində siyasi təcridi demək olardı. Üstəlik, Mariel və Santyaqo-de-Kuba limanlarına sərmayə yatırmış Çin, həmçinin hərbi texnika və neft tədarük edən Rusiya belə bir müdaxiləni diplomatik və iqtisadi qarşıhücum üçün bəhanəyə çevirə bilərdi.

Məhz buna görə Tramp administrasiyası "iqtisadi boğma" və "daxili yenidən formatlaşdırma" adlanan hibrid strategiyanı seçdi. 2024-cü ildə ABŞ Maliyyə Nazirliyi "Maqnitski Qanunu" çərçivəsində sanksiya siyahısını genişləndirərək ora 43 kubalı məmurun, 7 dövlət müəssisəsinin və Kuba ilə əməkdaşlıq edən 13 xarici şirkətin adını saldı. Ən ağrılı zərbə isə Western Union və digər pulköçürmə vasitəçiləri ilə əməliyyatların qadağan edilməsi oldu. 2019-cu ildə kubalı diasporanın vətənə göndərdiyi vəsait 3,5-4 milyard dollar idi, lakin məhdudiyyətlərdən sonra bu məbləğ 1,8 milyarda - yəni demək olar iki dəfə - düşdü. Bu, ölkə ÜDM-nin 12-15%-ni formalaşdıran, 600 minə yaxın şəxsi məşğulluqla təmin edən "özəl sahibkarlar" (cuentapropistas) təbəqəsinə ağır zərbə vurdu.

Eyni zamanda, dünyanın 60-dan çox ölkəsində fəaliyyət göstərən kubalı tibbi missiyalar da sanksiyalara məruz qaldı. Vaşinqton Havananı "həkimlərin istismarında" ittiham edərək həmin missiyaları qəbul edən dövlətlərə təzyiq göstərməyə, maliyyə yardımlarını məhdudlaşdırmaqla hədələməyə başladı. Nəticədə, təkcə 2023-2024-cü illərdə Braziliya, Boliviya və Ekvadordakı proqramlar dayandırıldı - bu da Kuba üçün 800 milyon dollarlıq valyuta itkisi demək idi. Bu sahə turizmdən və nikel ixracından sonra üçüncü ən mühüm gəlir mənbəyi idi.

Energetika xüsusi diqqət mərkəzindədir. Kuba enerji ehtiyacının 50-55%-ni Venesueladan idxal olunan neft və neft məhsulları hesabına təmin edirdi. Lakin 2024-cü ildə Karib dənizində həyata keçirilən "Freedom Corridor" əməliyyatı ilə bu marşrutlar bloklandıqdan sonra tədarüklər təxminən üçdə bir azaldı, ölkə enerji sistemi isə daimi kəsintilərlə üzləşdi. İllik itkilər 1,1 milyard dollara yaxın qiymətləndirilir. Ağ Ev eyni zamanda kubalı elektrik stansiyaları üçün amerikalı komponentlərin satışını qadağan etdi, bu isə sovet istehsalı avadanlıqların təmirini son dərəcə çətinləşdirdi.

Vaşinqton informasiya təzyiqini də gücləndirir. ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Dövlət Departamentinin "Kuba məsələləri ofisi" vasitəsilə hər il 25-30 milyon dollar məbləğində vəsait daxili və xarici mənşəli "müstəqil media", bloq və QHT-lərin maliyyələşdirilməsinə yönəldilir. 2024-cü ildə "Cuba Internet Freedom" proqramı çərçivəsində "idarə olunan islahatlar" və "vətəndaş dialoqu" mövzularını təşviq edən 400-dən artıq anonim onlayn resurs yaradılıb.

Beləcə, Kuba birbaşa güc tətbiq edilmədən həyata keçirilən yeni sanksion təzyiq modelinin sınaq meydanına çevrilib. Bu, incə düşünülmüş texnologiyadır: Vaşinqton dövlət institutlarını dağıtmaq deyil, onları öz maraqları istiqamətində çevirmək, "idarə olunan transformasiya"ya məcbur etmək istəyir. Konseptual olaraq bu, "yumşaq postsosialist keçid"in ixracıdır - inqilab yox, nəzarətli formatlaşdırma; elita tədricən kapitalist məntiqinə uyğunlaşır, lakin bunu xarici təzyiq fonunda edir.

ABŞ üçün Kuba bir sınaq laboratoriyasıdır. Əgər bu eksperiment uğurlu olarsa, eyni model Nikaraqua, Boliviya və gələcəkdə stabilləşmiş Venesuelada da tətbiq edilə bilər. Başqa sözlə, Kuba sadəcə hədəf deyil - Vaşinqtonun "rejim dəyişikliyinin hibrid texnologiyasını" sınaqdan keçirdiyi platformadır: tanksız, amma dondurulmuş bank hesabları ilə; işğalsız, amma çökdürülmüş energetika ilə; inqilabsız, amma idarə olunan "islahatlarla". Bu, XXI əsr üçün uyğunlaşdırılmış yeni Monro doktrinasıdır - neoliberal, alətçi və maksimal dərəcədə praqmatik.

Geo-iqtisadi və strateji alternativlər

Uzun illərdir davam edən iqtisadi blokada və sistemli təzyiqlərə baxmayaraq, Kuba daxili resurslarına, coğrafi üstünlüklərinə və adaptasiya üzrə unikal institusional təcrübəsinə söykənərək, diqqətəlayiq bir avtonom yaşama qabiliyyəti nümayiş etdirir. Bu, bolluq iqtisadiyyatı deyil, amma dağılma iqtisadiyyatı da deyil: ada özünütəminata, yüksək insan kapitalına və təbii sərvətlərin rasional istifadəsinə əsaslanan dayanıqlılıq modelini qurmağı bacarıb.

Kubanın birinci üstünlüyü - coğrafiyadır. Ada Karib hövzəsinin mərkəzində, Qərb yarımkürəsinin əsas ticarət-logistika marşrutlarının kəsişmə nöqtəsində yerləşir. Havanadan Florida sahillərinə məsafə cəmi 180 kilometrdir, Meksika körfəzinə isə bir sutkalıq dəniz yoludur. 2023-cü ildən etibarən Panama kanalında quraqlıq səbəbindən su nəqliyyatının 40%-ə qədər azalması qlobal dəniz axınlarının yenidən bölüşdürülməsinə gətirib. Bu vəziyyət Kubaya yeni imkanlar açır: ada re-eksport əməliyyatları, anbar infrastrukturu və xidmətlər üçün mühüm tranzit mərkəzinə çevrilə bilər. 2025-ci ildən etibarən Braziliya və Çin sərmayədarlarının iştirakı ilə Mariel limanının modernləşdirilməsi layihəsi müzakirə olunur. Ekspertlər bu azad ticarət zonasının potensial illik dövriyyəsini 2-3 milyard dollar səviyyəsində qiymətləndirirlər - əgər Kuba beynəlxalq tərəfdaşlar üçün logistika neytrallığı və şəffaf tranzit şəraiti təmin edə bilsə.

İkinci üstünlük - insan kapitalıdır. Kubanın təhsil sistemi dünyada ən yüksək əhatəlilik və əlçatanlıq göstəricilərindən birinə malikdir. YUNESKO-nun məlumatına görə, ölkədə savadlılıq səviyyəsi 99%-dən yuxarıdır, əhalinin orta təhsil müddəti isə 11 ili keçir - bu, Cənubi Avropa göstəriciləri ilə müqayisə oluna bilər. Amma əsas rol tibb sahəsinə məxsusdur. Kuba tibbi kadrları və xidmətləri 67-dən çox ölkəyə ixrac edir - o cümlədən İtaliya, Venesuela, Meksika, Anqola və Cənubi Afrika Respublikasına. "Tibbi briqadalar" hər il dövlətə 3,8 milyard dollara yaxın gəlir gətirir - bu, turizmi və kənd təsərrüfatını birlikdə üstələyən əsas valyuta mənbəyidir. Hazırda 30 mindən çox kubalı həkim və tibb bacısı xarici ölkələrdə dövlətlərarası müqavilələr əsasında çalışır, ölkə daxilində istehlak olunan dərmanların isə 70%-ə qədəri yerli istehsaldır. Bu sayədə Kuba sanksiyalar şəraitində belə sosial standartların bazasını qoruyub və biotexnologiya, vaksinologiya, genetik tədqiqat sahələrində irəliləyiş əldə edib.

Üçüncü dayağ - təbii resurslardır, xüsusən nikel və kobalt. ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, Kuba dünyada nikel ehtiyatına görə ilk beşlikdədir - təxminən 800 min ton. Həmçinin Qərb yarımkürəsinin ən iri kobalt ehtiyatlarına malikdir. Bu metalllar akkumulyatorlar, elektromobillər və yüksək texnoloji ərintilər üçün əsas komponentlərdir. Qlobal enerji keçidi fonunda tələbat sürətlə artır: 2020-2024-cü illərdə nikel istehlakı 45%, kobaltınkı isə demək olar iki dəfə artıb. 2008-ci ildə bu metallların ixracı Kubaya valyuta gəlirlərinin 20%-ə qədərini təmin edirdi. Hazırda hasilat azalıb, amma Çin və ya Rusiya sərmayəsi cəlb olunarsa, potensial bərpa mümkündür. Pekin artıq Oljin vilayətində filizlərin birgə emalı ilə maraqlanır, Moskva isə "Norilsk Nikel"in Moa yatağının reanimasiyasında iştirakını nəzərdən keçirir.

Beləliklə, Kuba təkcə sanksiyalar altında sağ qalma təcrübəsinə deyil, həm də iqtisadi müstəqillik üçün real bazislərə malikdir. Coğrafi logistika, yüksək ixtisaslı əhali və strateji metall ehtiyatları onu qlobal deyil, amma regional səviyyədə əhəmiyyətli oyunçuya çevirə bilər. Əgər minimal investisiya axını təmin olunsa və siyasi sabitlik qorunsa, ada təkcə yaşamaqla kifayətlənməyib, Karib regionunun dayanıqlı iqtisadiyyatlarından birinə çevrilə bilər.

Xarici siyasətdə mövqe: sağ qalmaq və balans axtarışı

ABŞ embarqosuna və xroniki iqtisadi çətinliklərə baxmayaraq, Kuba diplomatik manevr qabiliyyəti ilə seçilir - o, zəifləsə də hələ təsirli olan qüvvə mərkəzləri arasında incə balans qurmağı bacarır. Havana artıq ideoloji simpatiyalara deyil, real siyasətə üstünlük verir. Fidel Kastro dövrünün inqilabi romantizmi arxada qalıb. İndi ada çoxqütblü, amma təlatümlü dünyada sağ qalmaq və inkişaf etmək üçün praqmatik aktora çevrilib.

Rusiya Kubaya əsasən siyasi legitimlik və minimum iqtisadi dəstək mənbəyi kimi baxır. 2014-dən sonra Moskva Havanaya 32 milyard dollarlıq borcun 90%-ni silib və enerji, kənd təsərrüfatı, hərbi sahələrdə bir neçə saziş imzalayıb. Amma real iqtisadi həcmlər məhduddur: 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 500 milyon dolları keçməyib. Rusiya üçün Kuba daha çox simvolik tərəfdaş, diplomatik nümayiş alətidir. Kuba isə Rusiyanı Qərbə alternativ vektor kimi göstərməklə siyasi manevr vasitəsi kimi istifadə edir.

Çin isə daha ehtiyatlı, amma daha sistemli şəkildə hərəkət edir. Pekin Kubanın faktiki texnoloji donoru və "sonuncu instansiya" kreditoruna çevrilib. Çin Kubaya idxal olunan elektronika, tibbi avadanlıq və nəqliyyat vasitələrinin 30%-ni təmin edir. 2021-dən bəri günəş və külək enerjisi layihələri reallaşdırılır, 2023-dən isə nadir torpaq elementlərinin, xüsusilə ittriumlu filizlərin çıxarılması üzrə danışıqlar başlayıb. Çin üçün Kuba həm Karibdə geosiyasi müşahidə nöqtəsi, həm də hərbi iştirak olmadan iqtisadi nüfuz modelini sınaqdan keçirmək üçün meydançadır. Pekin Vaşinqtonla açıq qarşıdurmadan qaçır, iqtisadi ekspansiyanı kreditlər, infrastruktur layihələri və rəqəmsal texnologiyalar vasitəsilə aparır.

Havana eyni zamanda Avropa İttifaqı ilə "yumşaq normallaşma" siyasətini davam etdirir. 2016-cı ildə imzalanmış Siyasi Dialoq və Əməkdaşlıq Sazişindən sonra Kuba Avropa üçün ABŞ-dan müstəqil xarici siyasətin sınaq meydanına çevrilib. Xüsusilə İspaniya, İtaliya və Fransa aktivdir - bu ölkələr üçün Kuba həm mədəni nostalji, həm də iqtisadi praqmatizm obyektidir. 2024-cü ildə Aİ Havanaya su təchizatı, səhiyyə və aqrotexnologiya layihələri üçün 160 milyon avrodan çox sərmayə yatırıb. Brüssel üçün bu, "avropa avtonomiyasının" nümayişidir, Kuba üçün isə sanksiya təzyiqini yumşaltmaq və ABŞ tərzində siyasi şərtlərsiz valyuta cəlb etmək imkanıdır.

Nəhayət, Kuba 2000-ci illərin Bolivarya təşəbbüslərinin ruhunda, amma ideologiyasız Latın Amerikası həmrəyliyinin dirçəldilməsinə ümid edir. Meksika və Braziliya - Vaşinqton təzyiqinə qarşı bu gün əsas tampon ölkələr sayılır. Meksika prezidenti Andres Manuel Lopes Obrador və Braziliya prezidenti Luis İnasio Lula da Silva regionun iqtisadi müstəqilliyini, enerji və ərzaq əməkdaşlığını gücləndirməyin tərəfdarlarıdır. 2025-ci ildə "Petrocaribe 2.0" adlanan yeni enerji əməkdaşlıq mexanizmi ideyası müzakirə edilir - bu dəfə ideologiyasız, sırf iqtisadi əsaslarla: milli valyutalarda hesablaşma, bartersiz neft tədarükləri, birgə emal və logistik investisiyalar.

Enerji böhranı və ərzaq qiymətlərinin artımı Latın Amerikasını yaxınlaşdırır, Kuba isə bu prosesin intellektual mərkəzinə çevrilməyə çalışır. 2024-cü ildə Kubanın Meksika ilə ticarət dövriyyəsi 38%, Braziliya ilə isə 42% artıb. Eyni zamanda, birbaşa aviareyslər, humanitar proqramlar və tibbi əməkdaşlıq yenidən bərpa olunub.

Beləliklə, Havanın müasir strategiyası eyni anda bir neçə şahmat lövhəsində oynamaqdır. Kuba artıq ideoloji bastion deyil, diplomatik realizmin adasıdır. O, Moskva ilə Pekin arasında balans, Avropaya açıq pəncərə və Latın Amerikası ilə strateji dayaqlar üzərində çoxvektorlu siyasət qurur. Bu çoxqütblü dünyada Kuba zəifliyini manevr alətinə çevirir, geosiyasi təcridi isə diplomatik meydan halına gətirir.

Ssenari analizi: üç trayektoriya

1. "Dondurulmuş sabitlik" ssenarisi. Rejim siyasi monopoliya saxlayır, iqtisadiyyat aşağı səviyyədə, amma stabilləşmiş şəkildə qalır - gəlirlər əsasən tibb və metallardan təmin olunur. Kuba "postenergetik sosializm" modelinə çevrilir - xarici əlaqələri minimum, amma sistem dayanıqlığı qorunur.

2. "Daxili transformasiya" ssenarisi. Partiya daxilindəki islahatçı fraksiya məhdud iqtisadi liberallaşma başlatır - kiçik biznesin azadlığı, qismən özəlləşmə, valyuta mübadiləsinin leqallaşdırılması. Əvəzində ABŞ sanksiyaları yumşaldır. Sistem qalır, amma Vyetnam modelinə bənzər "yumşaldılmış sosializm"ə çevrilir.

3. "İdarə olunan keçid" ssenarisi. İqtisadi kollaps və ideoloji tənəzzül yeni elitanın - hərbçilər və texnokratların - önə çıxmasına gətirib çıxarır. Onlar milli suverenlik çərçivəsində, lakin xarici zəmanətçilərin (Aİ, Çin) iştirakı ilə siyasi islahatlara start verir. Bu variant xaos riskini minimuma endirir, amma inqilabi kimliyin tədricən itirilməsinə gətirib çıxarır. Bakunetwork

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31