"Düşmənçilikdən ticarətə": Tarixi iqtisadi rayonların potensialı necə bərpa olunacaq? – ÖZƏL

"Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalaması bir sıra sahələrdə regional tərəfdaşlığın güclənməsinə şərait yarada bilər. Bildiyiniz kimi, təxminən 30 il davam edən münaqişə nəticəsində Azərbaycanın bir çox sahələri ciddi zərər görmüşdü. İşğal altında olan ərazilər Azərbaycan nəzarətində olmadığı üçün iqtisadi, infrastruktur və ekoloji baxımdan ölkə böyük çətinliklərlə üzləşmişdi".

Bu sözləri iqtisadçı ekspert Asif İbrahimov Olaylar.az-a açıqlamasında deyib. Ekspert bildirib ki, bu proses təkcə Azərbaycana deyil, Ermənistanın özünə də mənfi təsir göstərmişdi. Sovet dövründə işğal altında qalmış ərazilərdə iki mühüm iqtisadi rayon - Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonları mövcud idi ki, bunlar Azərbaycanın ən potensiallı iqtisadi rayonları sayılırdı. İşğal dövründə bir milyondan artıq məcburi köçkün Azərbaycanın müxtəlif bölgələrinə, xüsusilə Bakı şəhərinə yerləşmişdi. Bu isə həm iqtisadi, həm sosial, həm də demoqrafik baxımdan ciddi problemlər yaratmışdı. Həmin iqtisadi rayonlarda turizm inkişaf etmişdi, sanatoriyalar, sənaye müəssisələri fəaliyyət göstərirdi, kənd təsərrüfatı və heyvandarlıq geniş yayılmışdı. Bu rayonlar Azərbaycanın böyük bir hissəsini ət, süd və yun məhsulları ilə təmin edirdi. İşğal dövründə bu sahələrdə ciddi çatışmazlıqlar yarandı. Eyni zamanda Ermənistan da özünü faktiki blokadaya salmışdı. Ölkə iki qonşusu ilə sərhədləri bağlı vəziyyətdə idi və normal ticarət əlaqələri qura bilmirdi. Ermənistanın əsas strateji tərəfdaşı olan Rusiya ilə də birbaşa tranzit yolu yox idi. Ticarət Gürcüstan üzərindən, Yuxarı Lars keçidi vasitəsilə həyata keçirilirdi və bu yolun dağlıq ərazidə yerləşməsi, xüsusilə qış aylarında logistik problemlər yaradırdı.

Ekspert əlavə edib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanarsa, bir sıra baryerlərin aradan qalxması mümkündür. Düzdür, dostluq və qardaşlıqdan danışmaq hələ tezdir və bunun mümkün olacağını da düşünmürəm. Çünki qarşılıqlı etimad hələ formalaşmayıb. Amma mühüm bir məqam var ki, indiyədək xarici investorlar üçün hər iki ölkəyə investisiya yatırmaq ciddi risk kimi qiymətləndirilirdi. Müharibə şəraiti, dağıntılar və qeyri-sabitlik investisiyaları təhlükə altına salırdı. Sülh müqaviləsi imzalandıqdan sonra isə həm Azərbaycana, həm də Ermənistana xarici investorların marağının artacağı gözləniləndir. Artıq bu istiqamətdə ilkin addımlar atılıb. Məsələn, Azərbaycan vasitəsilə Ermənistana taxıl daşınıb, Rusiyadan Ermənistana yanacaq tədarükü həyata keçirilib. Bu onu göstərir ki, iqtisadi və ticarət əməkdaşlığı genişləndikcə bir sıra siyasi məsələlər tədricən ikinci plana keçə bilər. Tarixdə bunun nümunələri çoxdur. Məsələn, Fransa ilə İngiltərə uzun illər müharibə aparsa da, ticarət əlaqələri genişləndikdən sonra qarşılıqlı maraqlar formalaşdı və düşmənçilik arxa plana keçdi. İnsanlar alış-veriş etməyə, iqtisadi fayda əldə etməyə başladıqca münasibətlər normallaşdı.

"Azərbaycan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin üzərində yerləşir və Çinlə Avropa arasında ticarət yollarında strateji açar ölkədir. Bu marşrutlarda əsas problemlərdən biri Ermənistan ərazisindən keçən cəmi 39 kilometrlik hissə idi. Münasibətlər normallaşdıqdan və sülh müqaviləsi imzalandıqdan sonra bu problemin də aradan qalxacağı gözlənilir. Hesablamalara görə, logistik daşımalar hesabına illik gəlir əvvəlcə 15 milyard, sonradan isə 23 milyard dollara qədər arta bilər. Kənd təsərrüfatı sahəsində də aktiv əməkdaşlıq mümkündür, xammal alqı-satqısı həyata keçirilə bilər. Son 30 ildə Ermənistanın ən böyük vergiödəyicilərindən biri "Qazprom Rusiya" olub. Digər iri vergiödəyicilər isə Azərbaycanın işğal altında olmuş ərazilərindən çıxarılan xammalı emal edən müəssisələr idi. Məsələn, Ermənistandakı mis-molibden kombinatı və Zod qızıl yatağı Azərbaycanın həmin ərazilərindən əldə olunan resurslardan istifadə edirdi. Ermənistanın illik taxıl tələbatı təxminən 200 min ton idisə, bunun 120-150 min tonu Azərbaycanın işğal altında olan ərazilərindən təmin olunurdu. Gələcəkdə isə əməkdaşlıq üçün ən həssas sahələrdən biri su ehtiyatları olacaq. Cənubi Qafqazda bir sıra su hövzələrindən birgə istifadə zəruridir, çünki 10-15 il sonra bölgədə su qıtlığı problemi yarana bilər.
Su ehtiyatları baxımından Azərbaycan region ölkələri arasında nisbətən zəif mövqedədir və bu resurslardan səmərəli istifadə xüsusi əhəmiyyət daşıyır. Bundan əlavə, tikinti materiallarının qarşılıqlı ixracı da mümkündür. Sovet dövründə İrəvanla Bakı arasında tikinti materiallarının alqı-satqısı həyata keçirilirdi. Məsələn, Ermənistanda çıxarılan tuf daşı Bakıda istifadə olunurdu, eyni zamanda Azərbaycandan da Ermənistana tikinti materialları ixrac edilirdi. Hazırda Azərbaycanda yaşıl enerjiyə keçidlə bağlı layihələr icra olunur. Külək və günəş enerjisi istehsalı genişlənir və bu enerjinin gələcəkdə ixracı da mümkün ola bilər. Müştərək infrastruktur layihələrində iştirak da əməkdaşlığın mühüm istiqamətlərindən biridir", - deyə iqtisadçı qeyd edib.

A. İbrahimov bildirib ki, Azərbaycan son 30 ildə iqtisadi baxımdan ciddi irəliləyiş əldə edib. Düzdür, potensial imkanların hələ təxminən 20 faizinə çatmışıq, işğal və müharibə olmasaydı, bu göstəricilər daha yüksək ola bilərdi. Buna baxmayaraq, sülh müqaviləsi daha çox Ermənistana sərf edir.
Ermənistan blokadadan çıxmaq imkanı əldə edəcək, əsas strateji tərəfdaşı olan Rusiya ilə əlaqələrini bərpa edəcək və Yuxarı Lars yolu əvəzinə Azərbaycan ərazisindən istifadə etməklə məhsullarını Rusiyaya daha rahat şəkildə ixrac edə biləcək.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31