Prokurorluğa göndərilən məktubun “sirri”, Rusiya nəbz yoxlayır, ya...

Ötən gün "BT News" "Telegram" kanalında Rusiya İstintaq Komitəsi tərəfindən Azərbaycan Baş Prokurorluğuna ünvanlandığı iddia edilən sənəd tirajlanıb.

Sənəddə bildirilir ki, 2025-ci ilin dekabrında Qazaxıstanın Aktau şəhərinin yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus təyyarə əlverişsiz hava şəraiti səbəbindən Rusiya ərazisində eniş edə bilməyib. Buna əsaslanaraq Rusiya Federasiyasının İstintaq Komitəsi cinayət işinə xitam vermək qərarına gəlib.

Rəsmi qurumlar sənədin həqiqi olub-olmadığına dair açıqlama verməyiblər.

Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair mətbuat konfransında Musavat.com əməkdaşının sualına cavabında bildirib ki, Azərbaycan rəsmiləri Rusiya tərəfi ilə təmaslar zamanı AZAL təyyarəsinin vurulmasının istintaqı barədə məsələni hər zaman qaldırır. Nazir xatırladıb ki, dekabrın 11-də Bakıda Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifovla Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə məsləhətləşmələr zamanı da bu mövzu müzakirə olunub.

C.Bayramov həmçinin, diqqətə çatdırıb ki, Rusiya İstintaq Komitəsinin rəhbəri tərəfindən imzalanmış məktub Azərbaycana təqdim edilib: "Məktubda yumşaq desək, ciddi təəccüb doğuran bəzi məqamlar diqqət çəkirdi. Məqamlardan biri ondan ibarədir ki, cənab Bastrıkin bu  cinayət işinə xitam verilməsi barədə məlumatı bölüşüb. Bu, ciddi suallar yaradır və təəccüb doğurur. Həmin məktuba Azərbaycanın müvafiq qurumu tərəfindən təfsilatlı mövqe ortaya qoyulub və Rusiya tərəfinə çatdırılıb. Güman edirəm ki, bu məsələyə aydınlıq gətiriləcək.  Ən azından bizim gözləntimiz iki ölkə lideri arasında aparılan danışıqlara uyğun olaraq bu məsələ ilə bağlı araşdırmanın başa çatdırılması, hüquqi qiymətin verilməsi, kompensasiyaların ödənməsidir", deyə C.Bayramov vurğulayıb.

Dekabrın 30-da Azərbaycan tərəfinin təşəbbüsü ilə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə görüşüb. Səfir  Düşənbədə iki lider arasında əldə edilən razılaşmaların, xüsusilə Vladimir Putinin "Rusiya bu cür faciəli hallarda kompensasiya təmin etmək üçün lazım olan hər şeyi edəcək və bütün vəzifəli şəxslərin hərəkətləri lazımi şəkildə qiymətləndiriləcək" açıqlamasının tez bir zamanda həyata keçirilməsinin vacibliyini vurğulayıb. Bu kontekstdə heç bir prosedur qərarının Rusiya Prezidentinin bəyanatında yer alan təlimatların həyata keçirilməsi zərurətini əvəz edə və ya ləğv edə bilməyəcəyi barədə bəyanat müsbət qarşılanıb.
 

Milli Məclisin deputatı Azər Badamov mövzunu Musavat.com-a şərh edib. Deputatın fikrincə, AZAL-a məxsus təyyarənin Rusiyada əlverişsiz hava şəraiti səbəbindən yerə enə bilmədiyi, daha sonra isə eniş zamanı yerə çırpıldığı əsasda cinayət işinə xitam verilməsi oyununun aktuallaşdırılması, ortaya atılması Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 9 oktyabrda Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclasında ifadə etdiyi fikirlə ziddiyyət təşkil edir:

"Hər şeydən öncə qeyd edilməlidir ki, təyyarə kənar müdaxiləyə məruz qalıb. Bu, artıq sübut olunmuş bir məsələdir və bu xüsusda Rusiya Prezidenti tələb edilən hər şeyi etməyə hazır olduqlarını bildirib. Bundan əlavə, 26 dekabrda Xarici İşlər Naziri Ceyhun Bayramov bildirdi ki, Rusiya tərəfindən Azərbaycana təəccüb doğuran bir məktub daxil olub. Məktub Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin cinayət işinə xitam verilməsi haqqında idi. Düzdür, həmin bu məktubda kompensasiya, sığorta məsələləri var idi. Lakin Azərbaycanın mövqeyi axı elə əvvəldən bu deyildi. Azərbaycan cinayətkarların lazımi cəza almasında qətiyyətini dəfələrlə qarşı tərəfə çatdırıb. Yayılan sənəd teleqram kanalında dərc edilib. Bu, bir növ münasibətləri korlama üzərindən nəbz ölçmə də ola bilər ki, yoxlanılsın ki, Azərbaycan bu məsələdə bundan sonra da qətiyyət nümayiş etdirəcək mi? Azərbaycanın istər bu məsələ, istərsə də digər amillərlə bağlı mövqeyi bəlli və aydındır. Görünür Rusiya tərəfi növbəti dəfə söz oyunlarına, nəbz ölçməyə və məsələləri kontekstdən çıxartmağa çalışır. ABŞ ilə son zamanlarda istiləşən münasibətlər Rusiyanı narahat etməmiş deyil. Xüsusilə, ABŞ nümayəndə heyətinin Azərbaycana səfərindən,  bir qrup şəxsin dövlət başçımız tərəfindən qəbul edilməsindən sonra bu məsələnin daha da aktuallaşması, görünür, Rusiya tərəfində qıcıq yaradır"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31