Azərbaycan geosiyasi oyunların alətinə çevrilməməlidir”- ÖZƏL
7 Yanvar 15:49 SiyasətPrezident İlham Əliyev yerli telekanallara müsahibəsində bildirib ki, Azərbaycanın Qəzza zolağında beynəlxalq "peace enforcement" əməliyyatlarında iştirakı nəzərdə tutulmur. O vurğulayıb ki, azərbaycanlıların həyatı və sağlamlığı riskə atılmayacaq. Dövlət başçısı həmçinin qeyd edib ki, keçmişdə Azərbaycan öz taleyinə buraxılmışdı və heç kim, o cümlədən Fələstin bizi müdafiə etməmişdi. Buna baxmayaraq, Azərbaycan BMT-də, Qoşulmama Hərəkatında və İƏT-də Fələstini dəstəkləyib və ölkədə Fələstinin səfirliyi fəaliyyət göstərir. Prezidentin mövqeyinə görə, ərəb ölkələrinin məsələlərini onlar öz aralarında həll etməlidir.
Prezidentin ərəb ölkələrinin məsələlərini öz aralarında həll etməsi və Fələstinin Azərbaycana yardım etməməsi ilə bağlı mövqeyi, Azərbaycanın xarici siyasət prioritetlərini necə əks etdirir? Cənab prezidentin bu çıxışı dünya mediasında da hazırda gündəmdədir, sizcə, Azərbaycanın bu mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən necə qiymətləndirilə bilər?
Sualı cavablandıran "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib:
" Cənab Prezidentin bu çıxışı, Azərbaycanın milli maraqlara üstünlük verdiyinin daha bir göstəricisidir. Yəni Azərbaycan dövləti, onun rəhbəri xarici siyasət məsələlərində hər hansı simvolik addımlar, emosional yanaşmalarla yox, real milli maraqlara əsaslanaraq davranır. Bunu həmin mövqenin göstəricisi kimi qiymətləndirə bilərik.
Fələstin bizim üçün uzaq coğrafiyadır. Düzdür, müsəlman amili var, İslam dünyası var və biz də İslam dünyası amilinə hörmətlə yanaşırıq. Amma Fələstin məsələsi bizim milli təhlükəsizliyimizlə bu gün birbaşa əlaqəsi olan məsələ deyil. Və mən hesab edirəm ki, Azərbaycan bu cür böyük və problemli məsələlərdə hər hansı geosiyasi oyunlara alət olmamalıdır. Biz Fələstinin ədalətli mövqeyini müdafiə edirik, müharibənin davam etməsinin tərəfdarı deyilik, iki dövlətli həll prinsipini dəstəkləyirik, Fələstinə humanitar yardım göstəririk-bu, təbii ki, var. Amma konkret olaraq bizim vətəndaşlarımızı, hərbçilərimizi geosiyasi oyunların alətinə çevirmək, onları ora göndərmək və nəticədə onların İsrail və Həmas tərəfləri arasında gərginliyin mərkəzində qalması, təbii ki, Azərbaycan üçün xoş və normal situasiya yaratmaz.
Bu məsələləri həll etməli olan əsas dövlətlər, təbii ki, ərəb ölkələridir. Cənab Prezident haqlıdır. Onlar vasitəçi olmalı, problemi həll etmək üçün ciddi çalışmalar aparmalıdırlar. Azərbaycan isə gedən ümumi proseslərdə sülh siyasətinə, diplomatik təşəbbüslərə müəyyən formada töhfə verməyə çalışa bilər.
Amma hərbçiləri göndərmək və bu cür gərgin, problemli məsələlərin içinə birbaşa daxil olmaq, fikrimcə, Azərbaycan üçün o qədər də müsbət nəticələr gətirməyə bilər. Bu mənada mən cənab Prezidentin bu fikrini, bu mövqeyini müsbət qiymətləndirirəm.
Düşünürəm ki, ərəb dünyası da, İslam aləmi də Azərbaycanın bu mövqeyinə anlayışla yanaşacaq. Gələcəkdə bu problemin həll olunduğunu və tərəflərin ortaq məxrəcə gələ bildiyini görə biləcəyimizə inanıram. Amma Azərbaycanın bu cür qaynar, gərgin proseslərin mərkəzinə daxil olması, məncə, o qədər də müsbət olmaz".
Zeynəb Mustafazadə