Vaşinqton-Bakı xəttində yeni dinamika: Demokratlar və Respublikaçıların "Azərbaycan marağı" – ÖZƏL
7 Yanvar 15:28 Siyasət"Yaxın günlərdə ABŞ-dən gələn nümayəndə heyətini ölkə başçısı, cənab Prezident qəbul etdi. Görüş zamanı bir sıra mühüm məsələlər müzakirə olundu. Bunlar arasında Ermənistan-Azərbaycan sülh müqaviləsi, bölgədə mövcud sülh vəziyyəti, eləcə də 8 avqust tarixində Vaşinqtonda baş tutmuş görüşdən sonra ABŞ-Azərbaycan münasibətlərində yaranan müsbət dinamika, strateji əlaqələrin gücləndirilməsi və inkişaf etdirilməsi kimi mövzular xüsusi yer tuturdu".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, bu gün ABŞ-də qlobal məsələlərə yanaşmada demokratlarla respublikaçıların baxışları üst-üstə düşmür. Demokratlar çalışırlar ki, Prezident Trampın bir çox qərarlarına veto qoysunlar. Düzdür, onların sayı kifayət qədər deyil və bu cəhdlər çox vaxt nəticə vermir, buna baxmayaraq, tərəflər arasında ciddi siyasi rəqabət mövcuddur. Nəzərə alaq ki, 2026-cı ildə ABŞ-də növbəti seçkilər keçiriləcək, həm demokratlar, həm də respublikaçılar qalib gəlmək üçün fəal mübarizə aparırlar. Bu da fikir ayrılıqlarını qaçılmaz edir.
Bununla belə, ABŞ-dən Azərbaycana nümayəndə heyətinin gəlməsi və bu səfərin tərəflərarası balanslı formada baş tutması onu göstərir ki, ölkəmizə hər iki siyasi partiya tərəfindən ciddi maraq var. Biz yaxşı bilirik ki, Demokratlar Partiyası, xüsusilə də Bayden administrasiyası dövründə, Azərbaycana qarşı hər zaman qərəzli mövqe nümayiş etdirib. Azərbaycanın ABŞ-də müəyyən mənada təcrid olunmasında da məhz bu partiyanın rəhbər şəxslərinin və onların hakimiyyəti dövründə qəbul edilən qərarların böyük rolu olub. Lakin indiki mərhələdə bu formatda dialoqun qurulması Azərbaycanın mövcud reallıqlarının qəbul edilməsi deməkdir. Bu, Cənubi Qafqazda Azərbaycanın güclü və sülhpərvər dövlət kimi tanınmasının göstəricisidir.
Ekspertin sözlərinə görə, mürəkkəb beynəlxalq şəraitdə bu görüş həm ABŞ, həm də Azərbaycan üçün məhsuldar sayıla bilər. Əsas məsələ isə onun nəticələrinin ölkəmizin maraqlarına uyğun olmasıdır. Xüsusilə qeyd etmək lazımdır ki, 907-ci düzəliş 1992-ci ildə haqsız olaraq, məhz Demokratlar Partiyasının təşəbbüsü və Baydenin fəal iştirakı ilə Azərbaycana qarşı tətbiq edilmişdi. Bu gün Azərbaycan həmin düzəlişin tam şəkildə ləğv olunmasını haqlı olaraq tələb edir. Doğrudur, Prezident Trampın dövründə 8 avqust görüşündən sonra bu düzəlişin tətbiqi dondurulmuşdu, lakin dondurulma onun ləğvi demək deyil. Məhz buna görə də cənab Prezident qeyd edirdi ki, artıq Ermənistan-Azərbaycan münaqişəsi mövcud deyil, iqtisadi əlaqələrin qurulması prosesi başlayıb və bu baxımdan həmin düzəlişin qüvvədə qalması məntiqsizdir.
"ABŞ-dən hər iki partiyanı təmsil edən nümayəndələrin ölkəmizə səfəri və Prezidentlə apardıqları müzakirələr müəyyən ümidlər yaradır ki, bu ədalətsiz düzəliş nəhayət ləğv oluna bilər. Azərbaycanın əsas maraqlarından biri də məhz budur ki, haqsız və ədalətsiz 907-ci düzəliş aradan qaldırılsın və hətta gələcəkdə Demokratlar Partiyası hakimiyyətə gəlsə belə, Azərbaycanın haqlı və güclü tərəf olduğu reallığı qəbul edilsin," - deyə ekspert sonda vurğulayıb.
Lamiyə Cəbrayılova