İranlı generaldan sərt xəbərdarlıq: "Təcavüzkarın əlini kəsərik" – ÖZƏL
7 Yanvar 13:53 Siyasətİran ordusunun komandanı, general-mayor Əmir Hatəmi Tehrandakı Ordu Komandanlıq və Qərargah Universitetində çıxışı zamanı xarici güclərə qarşı sərt bəyanatlarla çıxış edib.
Olaylar.az xəbər verir ki, "Tasnim" agentliyinin məlumatına görə, general düşmənlərin hər hansı bir səhv addımının qətiyyətli cavabla qarşılanacağını bildirib.
General-mayor Hatəmi çıxışında vurğulayıb ki, İran Silahlı Qüvvələrinin hazırkı döyüş qabiliyyəti 2025-ci ilin iyun ayındakı müharibə vəziyyətindən xeyli yüksəkdir. İranın daxili işlərinə müdaxilə cəhdlərini rədd edən komandan, düşmənin yanlış hesablama aparacağı təqdirdə "təcavüzkarın əlinin kəsiləcəyini" qeyd edib.
O, İrandakı etirazların ABŞ prezidenti və ya İsrailin "cinayətkar baş naziri" ilə heç bir əlaqəsinin olmadığını, xalqın iqtisadi çətinliklərə baxmayaraq, "iğtişaşçıların" tərəfinə keçmədiyini bildirib. Tətbiq edilən ağır sanksiyalar iqtisadi təzyiq vasitəsilə İran xalqına zərər vurma planının tərkib hissəsi kimi qiymətləndirilib.
General sonda vurğulayıb ki, İran xalqına qarşı artan düşmən ritorikası birbaşa təhdid kimi qəbul edilir və bu, cavabsız qalmayacaq.