Prezident İlham Əliyevin milli inkişaf siyasəti strateji hədəfləri reallığa çevirir

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi ənənəvi müsahibələr ictimai-siyasi proseslərin cəmiyyətə dolğun və ardıcıl şəkildə çatdırılmasında mühüm rol oynayır. Bu müsahibələr təkcə informativ xarakter daşımır, eyni zamanda dövlət siyasətinin əsas istiqamətlərinin izahı, qəbul edilmiş qərarların məntiqinin açıqlanması və qarşıdakı dövr üçün strateji baxışların formalaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Həmin format bir tərəfdən ötən ilin əsas nəticələrinin sistemli şəkildə ümumiləşdirilməsinə, digər tərəfdən isə yeni mərhələnin prioritetlərinin və hədəflərinin ictimaiyyətə açıq şəkildə təqdim olunmasına imkan yaradır. Dövlətimizin başçısının 2025-ci ilin yekunlarına həsr olunmuş müsahibəsi də məhz bu baxımdan mövcud siyasi proseslərin məzmununu geniş və çoxşaxəli formada əks etdirən mühüm analitik mənbə kimi diqqət çəkir.

Müsahibədə qeyd olunan mövzulardan biri Azərbaycan-Amerika Birləşmiş Ştatları (ABŞ) münasibətlərində baş verən keyfiyyət dəyişikliyidir. Məlum olduğu kimi, uzun illər ərzində bu münasibətlərin inkişafına ciddi maneə yaradan 907-ci düzəliş ikitərəfli əməkdaşlığın potensialının tam reallaşdırılmasına imkan vermirdi. Müstəqilliyin ilk illərindən etibarən münasibətlərin inkişafı istiqamətində atılan addımlara baxmayaraq, Qarabağ probleminin davam etməsi, eləcə də ABŞ daxilində fəaliyyət göstərən anti-Azərbaycan dairələrin və erməni lobbi qruplarının təsiri bu məhdudiyyətlərin qorunub saxlanmasına zəmin yaradırdı. Nəticədə əməkdaşlıq müəyyən sahələrlə məhdudlaşır, münasibətlərin strateji müstəviyə keçidi ləngiyirdi.

2025-ci ildə Qarabağ probleminin siyasi müstəvidə başa çatması və ABŞ-da praqmatik yanaşmanı ön plana çəkən yeni administrasiyanın formalaşması bu vəziyyəti köklü şəkildə dəyişib. Vaşinqtonda atılan simvolik və eyni zamanda siyasi baxımdan mühüm addımlar Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin əsasını qoyub. Həmin mərhələ qarşılıqlı maraqlara, real nəticələrə və uzunmüddətli əməkdaşlıq perspektivlərinə əsaslanan münasibət modelinin formalaşmasını şərtləndirir.  Bu dəyişikliklər təsadüfi deyil, məhz yeni regional reallıqların və artan qarşılıqlı maraqların məntiqi nəticəsidir.

Ötən ilin mühüm hadisələrindən biri kimi D-8 təşkilatına üzvlük də dövlətimizin başçısının sözügedən müsahibəsində geniş şəkildə dəyərləndirilir. Təxminən otuz ilə yaxın müddətdə yeni üzv qəbul etməyən bu nüfuzlu platformada Azərbaycanın seçilməsi ölkənin beynəlxalq müstəvidə artan etimadının və müstəqil siyasətinin göstəricisi kimi təqdim olunur. Əhali və iqtisadi potensial baxımından nəhəng dövlətlərin birləşdiyi bu təşkilatda Azərbaycanın fəal iştirak niyyəti, təşəbbüslərlə çıxış etməsi və müxtəlif sahələr üzrə ixtisaslaşmış mərkəzlərin yaradılması qlobal əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir. Bu üzvlük, eyni zamanda ölkənin çoxtərəfli diplomatiya xəttinin daha da güclənməsinə töhfə verir.

Dövlətimizin başçısının yerli televiziya kanallarına müsahibəsində vurğulanan məqamlardan biri siyasətin mərkəzində vətəndaş amilinin dayanmasıdır. Sosial və investisiya yönümlü siyasət arasında tarazlığın qorunması uzunmüddətli sabitliyin və davamlı inkişafın əsas şərti kimi təqdim olunur. Son illərdə minimum əməkhaqqının dəfələrlə artırılması, pensiya və müavinətlərin mütəmadi indeksləşdirilməsi, ardıcıl sosial islahat paketlərinin icrası bu yanaşmanın real nəticələrini nümayiş etdirir. Xüsusilə şəhid ailələrinin və müharibə əlillərinin sosial təminatı istiqamətində həyata keçirilən tədbirlər dövlətin üzərinə düşən məsuliyyətə prinsipial və davamlı yanaşmasının göstəricisi kimi ön plana çıxır. Minlərlə ailənin mənzillə təmin olunması, müasir protezlərlə təminat, təhsil və səhiyyə infrastrukturunun genişləndirilməsi sosial siyasətin məqsədyönlü və uzunmüddətli xarakter daşıdığını aydın şəkildə göstərir. Prezident İlham Əliyevin müsahibəsində vurğuladığı kimi, son 20 il ərzində Azərbaycanda 3 min 600 məktəb, yüzlərlə xəstəxana tikilib və əsaslı təmir edilib: "Yəni bu, bizim siyasətimizin, o cümlədən iqtisadi siyasətin ayrılmaz hissəsidir və yenə də deyirəm, iqtisadiyyatımız nə qədər artsa, ilk növbədə o qədər də sosial məsələlərə diqqət yetiriləcək və maliyyə ayrılacaq".

Prezident İlham Əliyevin müsahibəsində vurğulanan istiqamətlərdən biri də ordu quruculuğunun fasiləsiz xarakter daşımasıdır. Qazanılmış hərbi uğurların arxayınlıq yaratmaması, Silahlı Qüvvələrin daha da gücləndirilməsi üçün stimul kimi dəyərləndirilməsi strateji yanaşmanın əsas elementlərindən biri kimi təqdim olunur. Bu kontekstdə müdafiə sənayesinin inkişafı təkcə təhlükəsizlik məsələsi kimi deyil, eyni zamanda iqtisadi və texnoloji inkişafın vacib komponenti kimi dəyərləndirilir. Hərbi təyinatlı məhsulların daxili istehsalının genişləndirilməsi, ixrac coğrafiyasının artırılması, aparıcı beynəlxalq şirkətlərlə birgə müəssisələrin yaradılması bu sahənin artıq müstəqil sənaye istiqaməti və gəlir mənbəyi kimi formalaşdığını göstərir. Qısa müddətli perspektivdə ixracın bir milyard dollara çatdırılması hədəfi real və əsaslandırılmış məqsəd kimi təqdim olunur.

Bütövlükdə müsahibə 2025-ci ilin təkcə ötən dövrün yekunu deyil, həm də yeni mərhələnin başlanğıcı kimi dəyərləndirildiyini aydın şəkildə ortaya qoyur. Xarici siyasətdə strateji tərəfdaşlıqların genişlənməsi, sosial sahədə vətəndaş yönümlü islahatların dərinləşdirilməsi, təhlükəsizlik və müdafiə sahəsində davamlı modernləşmə vahid dövlət siyasətinin əsas dayağı kimi çıxış edir. Bu yanaşma yaxın illərdə sabitliyin möhkəmlənməsi, dayanıqlı inkişafın təmin olunması və beynəlxalq mövqelərin daha da gücləndirilməsi üçün etibarlı zəmin yaradır.

Mahir Süleymanlı

Milli Məclisin deputatı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31