QHT Agentliyinin missiyası böyüyür, inqilabi dəyişikliklər başlayır- ÖZƏL
7 Yanvar 11:51 Siyasət
"Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının ilk iclasında Agentliyin icra strukturları tam şəkildə müəyyənləşdirilib. Prezident İlham Əliyevin 29 dekabr 2025-ci il tarixli Fərmanından irəli gələrək, Agentlikdə kollegial İdarə Heyəti yaradılıb. Bu dəyişiklik QHT-lərə dövlət dəstəyinin idarə olunmasında daha balanslı, şəffaf və institusional yanaşmanın tətbiqini nəzərdə tutur. Müşahidə Şurasının qərarı ilə Aygün Əliyeva Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri təyin edilib. Eyni zamanda, Elnur Bağırlı və Emin Çaparlı İdarə Heyəti sədrinin müavinləri seçiliblər. Yeni idarəetmə modeli Agentliyin fəaliyyətində kollegial qərarvermə, institusional məsuliyyət prinsiplərinin gücləndirilməsinə xidmət edir". "Olaylar" xəbər verir ki, bunu politoloq Zaur İbrahimli deyib: "QHT Agentliyi son illərdəki fəaliyyəti və həyata keçirilən islahatlar QHT sektorunda keyfiyyətcə yeni mərhələnin formalaşmasına mühüm töhfə verib. Agentlik qısa müddətdə maliyyələşmə mexanizmlərini daha şəffaf, aydın və nəticəyönümlü modelə keçirib. Sektorda uzun illər mövcud olmuş pərakəndəlik, subyektiv yanaşmalar və qeyri-peşəkar təcrübələrin qarşısı alınıb. Xüsusilə rəqəmsal alətlərin genişləndirilməsi, plagiat və formal layihələrə qarşı prinsipial mövqe Agentliyin peşəkar və yeni çağırışlara uyğun yanaşmasını aydın şəkildə nümayiş etdirir.
Agentliyin fəaliyyəti təkcə qrantların bölüşdürülməsi ilə məhdudlaşmır, eyni zamanda QHT-lərin potensialının artırılması, beynəlxalq əməkdaşlığının genişləndirilməsi və ictimai problemlərin həllində tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsinı də ehtiva edir.
QHT-lərə dövlət dəstəyinin "bir pəncərə" prinsipi əsasında təşkili və koordinasiyasının Agentliyə həvalə edilməsi böyük etimad və inqilabi dəyişikliklərə vəsilə olacaq addım kimi dəyərləndirilməlidir. Bu bir daha göstərdi ki, QHT Agentliyi dövlət-vətəndaş cəmiyyəti münasibətlərində etibarlı və yeni sistem yarada bilib, dövlət başçısının QHT sektorunun inkişafı siyasətini milli inkişaf hədəfləri, strategiyası ilə uzlaşdırılmasında kimi mühüm missiyanı uğurla həyata keçirir.
Hazırda Agentlik müasir, çevik və rəqəmsal çağa çevik uyğunlaşan təsisat kimi yeni, daha məsuliyyətli mərhələyə qədəm qoyur, missiya daha böyüyür. Mənə bu proseslərin bir çoxuna şahidlik etmək, iştirakçı olmaq nəsib olub, QHT sektoru kimi dinamik, çoxlaylı, çoxseqmentli, ambisiyalı, passinonar, cəmiyyətin ən müxətlif təbəqələrinin təmsilçilərinin fəal olduğu sektorda uğur qazanmaq, davamlı islahatlar etmək, daim tarazlılığı saxlamaq, bəzən mümkün görünməyən hallarda belə ortaq nöqtələr, kompromis tapmaq dəhşətli dərəcədə çətindir, şəxsi məsuliyyət, cavabdehlik hüdudu böyükdür. Amma QHT sektorunun inkişafı siyasətini həyata keçirən, bu fəaliyyətə məsul olan bütün təsisatlar sistemi, QHT Agentliyinin komandası bu çətin missiyanı uğurla həyata keçirməyi bacardı.
Aygün xanımı və komandasını bir daha yüksək etimad göstərildiyinə, uğurlara görə təbrik edirəm, yeni nailiyyətlər arzu edirəm. Missiya böyüyür, amma bu illər ərzində peşəkarlıq, səriştə də artıb, bacarıqlar da inkişaf edib, bir sözlə QHT Agentliyi, komandası də böyüyüb".