Prezidentin açıqlamaları parlaq gələcək üçün strateji yol xəritəsidir- ÖZƏL

  • Azərbaycan hadisələrin axarını formalaşdıran dövlətdir

Möhtərəm Cənab Prezident İlham Əliyevin yerli mətbuata verdiyi açıqlama müasir Azərbaycan dövlətçiliyinin mahiyyətini, keçdiyimiz yolu və qarşıdakı mərhələnin əsas konturlarını aydın şəkildə ortaya qoydu. Müsahibə ötən dövrün icmalı, eyni zamanda gələcək üçün siyasi yol xəritəsidir.

Prezidentin çıxışında diqqət çəkən əsas məqam ondan ibarətdir ki, Azərbaycan hadisələrin axarını formalaşdıran dövlətdir. Bu yanaşma bütün mövzulara, istər təhlükəsizlik, istər xarici siyasət, istərsə də sülh və quruculuq mərhələsinə münasibətdə aydın şəkildə hiss olunur.

Cənab Prezidentin müharibə dövrü ilə bağlı səsləndirdiyi fikirlər göstərdi ki, qəbul edilən hər bir qərarın mərkəzində insan həyatı dayanır. 
Ölkə rəhbərimizin vurğuladığı mühüm məqam ondan ibarətdir ki, sülh dövrü arxayınlıq dövrü deyil. Güc, ayıqlıq daim qorunmalıdır. 

Dövlət başçımız Cənab İlham Əliyevin torpaqla bağlı fikirləri dərin fəlsəfi məna daşıyır. Bir vaxtlar şəhid qanı ilə yoğrulmuş, ağrı ilə xatırlanan torpaqlar bu gün artıq məhsuldarlıq, həyat və quruculuq məkanı kimi dəyərləndirilir. Yanaşma Zəfərdən sonra cəmiyyətin psixoloji transformasiyasının göstəricisidir.
"Yaralı torpaq" anlayışının aradan qalxması o deməkdir ki, Azərbaycan artıq keçmişin ağrısı ilə yox, gələcəyin planları ilə yaşayır.

Dövlət rəhbərimizin 907-ci düzəlişlə bağlı açıqlamaları Azərbaycanın uzun illər üzləşdiyi ikili standartların etirafıdır. İşğala məruz qalan, Xocalı soyqırımını yaşamış bir ölkənin "blokada tətbiq edən tərəf" kimi təqdim olunması beynəlxalq ədalətsizliyin bariz nümunəsi idi.
Burada xüsusilə diqqət çəkən məqam dövlət başçısının məsələni tarixi və siyasi məsuliyyət prizmasından dəyərləndirməsidir. Azərbaycan mövqeyində qətiyyətlidir. 907-ci düzəlişin ləğvi siyasi-mənəvi ədalətin bərpası məsələsidir.

Cənab Prezident açıqlamasında xarici siyasətə dair toxunulan məqamlar göstərdi ki, Azərbaycan diplomatiyası olduqca inkişaf etməkdədir. Çinlə strateji tərəfdaşlıq, D-8 təşkilatına üzvlük, Mərkəzi Asiya Məşvərət Şurasında tamhüquqlu iştirak Azərbaycanın artan beynəlxalq çəkisinin göstəricisidir.
Bu qərarların heç biri təsadüfi deyil. Azərbaycanın coğrafi mövqeyi, etibarlı tərəfdaş imici və həyata keçirdiyi real layihələr onu regionlararası körpüyə çevirib. Bu gün Azərbaycan geosiyasi etibarlılıq nöqtəsidir.

Xankəndidə keçirilən beynəlxalq tədbirlər, Şuşa, Laçın və Ağdamda təşkil olunan forumlar Qarabağın yeni statusunu nümayiş etdirdi. Qarabağ və Şərqi Zəngəzur beynəlxalq əməkdaşlıq və dialoq platformalarıdır, Zəfərin davamıdır.

Möhtərəm Cənab Prezidentin yerli mətbuata müsahibəsi bir daha təsdiqlədi ki, Azərbaycan güclü və əvəzolunmaz liderin rəhbərliyi ilə idarə olunur. Ölkə başçımızın liderliyi nəticəyə, strateji baxışa söykənir.

Möhtərəm Cənab Prezident İlham Əliyev tarixi yaddaşı qoruyur, gələcəyi planlaşdırır. Məhz bu vəhdət Azərbaycanın bu günkü gücünün əsas mənbəyidir.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz gələcəyə hədəflənmiş, milli maraqları qətiyyətlə qoruyan dövlətdir.  Yolumuz sonsuz  və uğurludur. Güclü lider, möhkəm iradə və prezident-xalq birliyi ilə yolumuz davam edir.

Günay Ağamalı 

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31