Qarabağda aparılan quruculuq işləri ölkənin turizm potensialını artırır- ÖZƏL

"Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ölkənin idman və turizm potensialını kifayət qədər gücləndirir". "Olaylar" xəbər verir ki, bunu YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev deyib: "Köndələnçay və Suqovuşan su anbarlarında keçirilən yarışlar bu torpaqların idman həyatına qayıtdığını nümayiş etdirir. Gələcəkdə Sərsəng su anbarında avarçəkmə yarışlarının təşkili də regionun beynəlxalq idman arenasında tanıdılmasına xidmət edəcək. Beynəlxalq arenada himnimizi səsləndirən, üçrəngli bayrağımızı dalğalandıran və ölkəmizi ləyaqətlə təmsil edən gənc idmançılarımızın nailiyyətləri dövlət tərəfindən daim yüksək qiymətləndirilir. Prezident İlham Əliyev bu uğurları xüsusi vurğulayaraq qeyd etmişdir ki, "idmançılarımızın uğurlu çıxışları bir daha göstərdi ki, biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik". Dövlət başçısı idmançılarımızın yalnız qələbələri ilə deyil, eyni zamanda yarışlardakı mövqeyi, davranışı və məsuliyyətli çıxışları ilə gənclik üçün əsl nümunə olduqlarını diqqətə çatdırmışdır. Bütün bu nailiyyətlərin məntiqi nəticəsi kimi Bakı şəhərinin "Dünyanın İdman Paytaxtı" seçilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü idman siyasətinə beynəlxalq səviyyədə verilən yüksək qiymətin ifadəsidir. Dövlət başçısının vurğuladığı kimi, "Bu, bizim üçün böyük şərəfdir və eyni zamanda Azərbaycanda idman sahəsində görülən işlərə verilən qiymətdir". Bu status ölkəmizin üzərinə əlavə məsuliyyət qoysa da, formalaşdırılmış güclü infrastruktur, zəngin təşkilati təcrübə və artan beynəlxalq etimad Azərbaycanın bu adı ləyaqətlə daşımağa tam qadir olduğunu nümayiş etdirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31