Ordumuzun qüdrətinin artırılması və türk dövlətləri ilə hərbi əməkdaşlıq günün tələbi, zamanın diktəsidir - Cəlil Xəlilov

Azərbaycan Silahlı Qüvvələrinin qüdrətinin artırılması, eləcə də türk dövlətləri ilə hərbi əməkdaşlığın daha da genişlənməsi günün tələbi, zamanın diktəsidir.

Bunu açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov bildirib.

O qeyd edib ki, dünən Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi fikirlər sadəcə dövlətimizin deyil, bütün türk dünyasının gələcək təhlükəsizliyi baxımından mühüm amil və istiqamətləri əhatə edir:

"Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində bir kəs daha güclü olmağın, ordunun döyüş hazırlığını, peşəkarlğını artırmağın son dərəcə zəruri olduğunu vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, dünyada baş verən proseslər güc faktorunun həlledici rol oynadığını, dövlətlərarası münasibətlərin "kim güclüdürsə, o da haqlıdır" prinsipi ilə idarə edildiyini göstərir.

Həqiqətən də, bu gün müasir dünyada baş verən proseslər sübut edir ki, artıq beynəlxalq hüquq heç bir dövlətin təhlükəsizliyini təmin etməyə, hər hansı təcavüzün qarşısını almağa, yaxud təcavüzkarı cəzalandırmağa qadir deyil. Bu gün təhlükəsizliyin yeganə qarantı hərbi gücdür. Məhz buna görə də dövlət başçısı Azərbaycan Silahlı Qüvvələrinin gücünü mütəmadi şəkildə artırmağa, ordumuzun texniki təchizatını, peşəkarlığını yüksəltməyə xüsusi diqqət göstərir.

Bildiyiniz kimi, bu il dövlətimiz təhlükəsizlik və müdafiə xərclərini ötən illə müqayisədə 4% artırıb. Bu, Prezident İlham Əliyevin xalqımızın və dövlətimizin təhlükəsizliyinə necə böyük diqqət və məsuliyyətlə yanaşdığını, ölkəmizi gələcək təhdid və təhlükələrdən qorumaq üçün necə uzaqgörən siyasət sərgilədiyini göstərir.

Prezident İlham Əliyevin çıxışında yer tutan mühüm məsələlərdən biri də milli hərbi sənayenin inkişafı, eləcə də müştərək hərbi müəssisələrin yaradılması oldu. Hansı ki, yerli hərbi sənayenin inkişafı təhlükəsizliyimizin təminatının mühüm şərtlərindən biridir və ölkəmiz bu istiqamətdə də prinsipial addımlar atmaqdadır".

Polkovnik Azərbaycanın digər türk dövlətləri ilə hərbi əməkdaşalığı genişləndirmək istəyinə də diqqət çəkdi:

"Prezident İlham Əliyev müsahibəsində türk dövlətləri ilə hərbi əməkdaşlığı genişləndirməyin, birgə hərbi təlimlər keçirilməyin vacibliyini də qeyd etdi. Bunun türk dünyasının təhlükəsizliyinin təmini baxımından vacib olduğunu vurğuladı və bildirdi ki, əgər bütün tərəflərin razılığı olarsa, elə bu il birgə hərbi təlimlər baş tutacaq.

Bir məqamı da qeyd edək ki, türk dövlətlərinin birgə hərbi təlimlər keçirməsi, hərbi əməkdaşlığı genişləndirməsi yalnız Azərbaycan və Türkiyənin deyil, bütün türk dünyasının marağına uyğundur. Bu, türk dünyasının təhlükəsizliklə bağlı problemlərə vahid strategiyadan yanaşması, bir-birlərinin təhlükəsizliyi ilə bağlı təhdidlərə biganə qalmayacağı deməkdir.

Bu baxımdan türk dövlətləri arasında hərbi əməkdaşlığın genişləndirilməsi bütün türk dünyasının təhlükəsizliyi baxımından həyati əhəmiyyət kəsb edir. İnanıram ki, türk dövlətləri Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin irəli sürdüyü bu təklifi dəstəkləyəcək, məlum istiqamətdə əməli addımlar atmaqla bütün dünyaya türk dünyasının hərbi əməkdaşlıq məsələsində də həmrəy olduğunu göstərəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31