Ramiz Mehdiyevin Türkiyədə dəniz imperiyası üzə çıxdı – “Enveroğlu” tankeri…

Dövlətə xəyanət ittihamı ilə həbsdə olan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gizli biznesi üzə çıxıb. Məlum olub ki, Mehdiyevin ömründə ayaq basmadığı Türkiyədə daşımaçılıq biznesində də payı varmış.

Bu haqda Gununsesi.info xəbər yayıb.

Sayt yazır ki, Mehdiyevin Türkiyədə ən azı 4 böyük yük tankeri mövcuddur və bu gəmilər hazırda Türkiyə-Avropa marşrutu üzrə kommersiya daşımalarında aktiv istifadə olunur. Məlumatlara əsasən, tankerlərdən ən böyüyü və kommersiya baxımından ən gəlirlisi çox güman ki, Mehdiyevin atasının şərəfinə "Enveroğlu" adlandırılıb.

Gəmi Türkiyə bayrağı altında fəaliyyət göstərsə də, mülkiyyət strukturu qapalı saxlanılır. Ən diqqətçəkən məqam isə budur ki, 4 yük tankeri Ramiz Mehdiyevin övladlarının adına rəsmiləşdirilib.

Hələ ki, Türkiyə və Avropa arasında həyata keçirilən daşımaların illik dövriyyəsi haqda səhih məlumat yoxdur. Müvafiq olaraq bu gəlirlərin harada vergiyə cəlb olunması sualı da açıqdır. Ekspertlərin fikrincə, dəniz daşımaları sektoru iri həcmli və izlənməsi çətin maliyyə axınları ilə seçildiyindən, postsovet məkanında olan bir çox sabiq məmurlar bu sahəni təhlükəsiz biznes növü kimi görürlər. Ramiz Mehdiyev ətrafında formalaşmış iddialar da məhz bu sxemin bir parçası kimi dəyərləndirilir.

Hazırda istintaq altında olan Ramiz Mehdiyevin Azərbaycandakı və xaricdəki aktivləri ilə bağlı rəsmi açıqlama verilməyib. Türkiyədə üzə çıxan bu dəniz daşımaları imperiyasının nə vaxt qurulduğu da bilinmir.

Bu günə qədər Ramiz Mehdiyevin ölkə daxilində çoxsaylı əmlakları üzə çıxıb.

Bakı, Abşeron və Goranboy rayonlarında ümumilikdə 216 hektar kənd təsərrüfatı torpaqları, o cümlədən Novxanıda 155 hektar və Xınalıq kəndində 50 hektar sahə, Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın adına Maştağada 892 sot, qızı Kamilə Əliyevanın adına isə 240 sot torpaq var. Mehdiyevin nəvəsi Nigar Mehdiyeva 2008-ci ildə Bakıda qeydiyyatdan keçmiş Media FM radiostansiyasının sahibi olan "Digital Media MMC"də paya sahibdir. Kamilə Əliyevaya İstiqlaliyyət küçəsi, 11 ünvanında yerləşən mənzil məxsusdur: həmin ünvan "İnfonet" MMC və "Caspian Telekom" MMC-nin hüquqi ünvanıdır. Bundan əlavə, Mehdiyevə Dilarə Əliyeva küçəsi, 251A ünvanında bir sıra obyektlər, o cümlədən "Topaz" və "Qala-R.L" Mənzil Tikinti Kooperativləri (MTK), NLT MMC və "Premium Store" MMC aid edilir. Siyahıda həmçinin NLT, "Servis", "Grand Palace", "Astoriya", "Astoriya Tibb Mərkəzi" MMC (2020-ci ildən German Hospital) və 2014-cü ildə açılmış, sahəsi 5 min m²-dən çox olan "Qrandezza Ticarət Mərkəzi" MMC qeyd olunur. Həmçinin 50 milyon manat nizamnamə kapitalı olan "Bank BTB" ASC-nin 75%-i Mehdiyevin nəvəsinə məxsusdur. O, eləcə də "BTB Lizinq" ASC və "BTB Kapital İnvestisiya Şirkəti" ASC-nin təsisçisidir.

Bundan başqa, Ramiz Mehdiyev Əhmədli qəsəbəsində yerləşən Şərq-Qərb nəşriyyatı ilə əlaqələndirilir. Həmin ərazidə agentliyin binasında 408 mənzilli 16 mərtəbəli yaşayış binası və yaxınlıqda daha bir 16 mərtəbəli bina inşa olunub. Əlaqəli şirkətlər arasında "Şərq-Qərb Nəşriyyat Evi" MMC və "Qlobal East West" MMC göstərilir. Ailəyə həmçinin "Sədərək" və "Binə" ticarət mərkəzlərində paylar, eləcə də bir neçə villa aid edilir: Bakıda Tbilisi prospektində (36 sot, satış qiyməti 8 milyon dollar), həmçinin Göyçay, Şamaxı və Göygöl rayonlarında yerləşən bağ evləri.

Qeyd edək ki, Ramiz Mehdiyevə qarşı Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham irəli sürülüb. Ötən ilin oktyabrında Bakının Səbail rayon Məhkəməsi Ramiz Mehdiyev barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. Mehdiyevin ittiham olunduğu maddələr təqsirləndirilən şəxsin əmlaklarının müsadirə olunmasını da nəzərdə tutur

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31