Venesuela böhranı: Müxalifətin reaksiyası Ankara-Vaşinqton xəttinə necə təsir edəcək? – ÖZƏL
5 Yanvar 16:42 SiyasətTürkiyənin müxalif liderləri ABŞ-nin Venesueladakı hərbi müdaxiləsini dövlət suverenliyinə və milli iradəyə hücum kimi qiymətləndiriblər. CHP sədri Özgür Özəl Vaşinqtonun bu addımını "dünya nizamı üçün bir çılğınlıq" adlandıraraq beynəlxalq müqavimətə çağırıb. MHP lideri Dövlət Baxçalı isə hadisəni Türkiyədəki 15 iyul çevriliş cəhdi ilə müqayisə edərək, bunu legitim hakimiyyəti devirməyə yönəlmiş "tanış bir ABŞ ssenarisi" kimi xarakterizə edib. Müxalifət cinahı Maduronun daxili siyasətini tənqid etsə də, xarici gücün ölkə rəhbərini zorla qaçırmasını qəbulolunmaz sayaraq ortaq sərt mövqe nümayiş etdirib.
"Türkiyənin müxalif partiyaları olan CHP və MHP-nin Amerika Birləşmiş Ştatlarının Venesuelada həyata keçirdiyi hərbi əməliyyata verdiyi reaksiyalar ümumi xətt üzrə bir-birinə yaxın görünsə də, düşünürəm ki, burada incə, lakin vacib məqamları bir-birindən ayırmaq lazımdır".
Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi ekspert Taleh Əliyev deyib. Ekspert bildirib ki, xüsusilə CHP çox yaxşı anlayır ki, bugünkü Türkiyə iqtidarı ilə Amerika Birləşmiş Ştatları arasında normal və institusional əməkdaşlıq mövcuddur. Buna baxmayaraq, CHP-nin verdiyi açıqlama ABŞ-Türkiyə münasibətlərinin mövcud əməkdaşlıq ruhuna uyğun olmayan, daha sərt və tənqidi bir bəyanat xarakteri daşıyır.
MHP tərəfindən verilmiş açıqlama isə, daha çox Türkiyə ilə Venesuela arasında uzun illərdir mövcud olan münasibətlərə və hakim koalisiyanın bu kontekstdə sərgilədiyi mövqeyə verilmiş bir reaksiyadır. Bu mövqe əsasən beynəlxalq səviyyədə legitimliyini xeyli dərəcədə itirmiş beynəlxalq hüquqa istinad üzərində qurulub. Halbuki, hamımıza yaxşı məlumdur ki, artıq bir neçə ildir böyük dövlətlər üçün beynəlxalq hüquq anlayışı faktiki olaraq arxa plana keçib. Onun yerini isə yenidən formalaşan dünya düzənində milli və qlobal maraqların qorunmasına yönəlmiş praqmatik siyasət tutub.
"Bu baxımdan hesab edirəm ki, Amerika Birləşmiş Ştatlarının Venesuelada həyata keçirdiyi əməliyyatı hüquq və demokratiya kontekstində deyil, daha çox ABŞ-nin geosiyasi maraqları və yeni dünya düzəninə hazırlıq strategiyası çərçivəsində təhlil etmək daha doğru olar. Çünki Venesuela uzun illər Cənubi Amerikada ABŞ siyasətinə və maraqlarına qarşı alternativ bir qütb kimi çıxış edib. Burada söhbət Venesuelanın Çin Xalq Respublikası, Rusiya Federasiyası və İran İslam Respublikası ilə qurduğu əməkdaşlıqdan gedir," - deyə T. Əliyev əlavə edib.
Siyasi şərhçi qeyd edib ki, Amerika Birləşmiş Ştatları isə özünün "arxa bağçası" hesab etdiyi Amerika yarımkürəsində digər böyük güclərin mövcudluğunu qəbuledilməz sayır və bunu öz milli və geosiyasi maraqlarına birbaşa təhdid kimi qiymətləndirir. Məhz bu kontekstdə Venesuelanın sözügedən dövlətlərlə əməkdaşlığı ABŞ üçün ciddi narahatlıq mənbəyi idi. Şübhəsiz ki, atılan bu addımı demokratiyanın müdafiəsindən daha çox Amerikanın geosiyasi maraqlarının qorunması, eləcə də bu gün də qlobal siyasətdə həlledici faktor olaraq qalan neft və qaz resurslarının ABŞ-nin əleyhinə deyil, lehinə işləməsini təmin etmək cəhdi kimi dəyərləndirmək lazımdır.
"Verilmiş açıqlamaların Türkiyə-ABŞ münasibətlərinə mümkün təsirinə gəldikdə isə, rəsmi Ankaranın, xüsusilə Prezident Rəcəb Tayyib Ərdoğanın hadisələrə balanslı və ölçülü yanaşması fonunda düşünmürəm ki, bu bəyanatlar iki ölkə arasındakı münasibətləri ciddi şəkildə zədələsin. Əksinə, bu açıqlamalar ABŞ-nin özündə olduğu kimi, dövlətin rəsmi mövqeyi ilə ölkə daxilində fəaliyyət göstərən ictimai-siyasi qüvvələr arasında fikir ayrılıqlarının mövcud olmasının normal və təbii bir hal olduğunu göstərən nümunə kimi də qiymətləndirilə bilər," - deyə ekspert sonda vurğulayıb.
Lamiyə Cəbrayılova