"Xameneinin qaçışı yalnız son ssenari kimi nəzərdən keçirilir"-Politoloqdan açıqlama- ÖZƏL
5 Yanvar 15:38 Siyasətİranın ali lideri Əli Xamenei etirazlar nəzarətdən çıxarsa və ordu etirazçıların tərəfinə keçərsə, ölkəni yaxın çevrəsi ilə tərk etməyə hazırlaşır. İsrail kəşfiyyatının sabiq əməkdaşı Beni Sabti bildirib ki, Bəşər Əsədin qaçış ssenarisinə bənzər planda Xameneinin əsas sığınacaq yeri kimi Moskva nəzərdə tutulub.
Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlama verib:
" İranda yeni ilin başlanması ilə etirazların baş qaldırması yenidən müxtəlif fikirlərin ortaya çıxmasına səbəb olur və hər bir etirazın məntiqi sonluqla nəticələnməsindən sonra nə baş verəcəyi barədə düşüncələr formalaşır. Şübhəsiz ki, burada İsrail və ABŞ İranın zəngin resurslarına nəzarət etmək planı ilə yanaşı, həm də İranın dövlət idarəçiliyi məsələsi üzərində düşünürlər. Lakin İranda təkcə siyasi hakimiyyət deyil, həm də dini hakimiyyətin olması dövləti ayaqda saxlayır və xarici qüvvələrə qarşı dövlət daxilində həmrəyliyin formalaşmasında dini rəhbərliyin də müstəsna rolu var. Şübhəsiz ki, bütün hakimiyyətin Ali Dini Lider- Əli Xameneinin əlində cəmləşməsi, onun hakimiyyətdən getməsi halında İranın mövcud rejiminin dağılması planını aktuallaşdırır və ölkədən qaçış planı da, təbii ki, ən son düşünülən ssenarilərdən biri kimi dəyərləndirilir. Rusiya, əlbəttə, Xameneiyə qucaq aça bilər, Bəşər Əsəd və digər Rusiyaya pənah aparan liderlər kimi, Xameneinin də Rusiyaya sığınması ehtimal daxilindədir və bu, Rusiyanın Yaxın Şərq siyasətində böyük itki kimi qiymətləndirilə bilər. Onsuz da Suriyada nüfuz itkisi Rusiya üçün ciddi nəticələrə gətirib çıxarır və nəzərə almaq lazımdır ki, İran ilə Rusiya arasında çox möhkəm strateji münasibətlər mövcuddur. Hətta bu yaxınlarda İran və Rusiya arasında yenilənən strateji əməkdaşlıq haqqında sənədlər də bunu deməyə əsas verir.
Digər tərəfdən, İranda ordunun etirazçılar tərəfinə keçməsi hər zaman müzakirə mövzusudur. Lakin Sepah qüvvələri həmişə dini rəhbərliyin və ordu komandanlığının verdiyi əmrləri yerinə yetirir və dərhal etirazçıların küçələrdə, meydanlarda güllələnməsi, onların nümayişkar şəkildə qətlə yetirilməsi çox vaxt etirazların səngiməsinə və miqyasının qarşısının alınmasına səbəb olur. Ona görə də çox tezliklə Xameneinin qaçması və ordu qüvvələrinin etirazçılar tərəfinə keçəcəyini söyləmək çətindir".
Zeynəb Mustafazadə