Karib hövzəsi yeni dünya nizamının sınaq meydanına çevrilir- ÖZƏL
5 Yanvar 15:32 SiyasətKarib dənizi və bütövlükdə Karib hövzəsi son dövrlərdə geosiyasi gərginliyin mərkəzinə çevrilib. ABŞ-ın Venesuela sahillərində hərbi mövcudluğunu artırması rəsmi olaraq narkotik qaçaqmalçılığına qarşı mübarizə ilə izah edilsə də, proseslərin mahiyyəti daha dərin və sistemlidir. Bu, narkotiklərlə mübarizədən çox, ABŞ-ın Qərb yarımkürəsində dominantlığını bərpa etməyə yönəlmiş geosiyasi və geoiqtisadi strategiyanın tərkib hissəsidir.
ABŞ-ın hərbi eskalasiyası: rəsmi ritorika və real məqsədlər
Venesuela dünyanın ən böyük sübut olunmuş neft ehtiyatlarına malik olsa da, iqtisadi çöküş nəticəsində "uğursuz dövlət" kateqoriyasına yaxınlaşıb. Venesuelanın ümumi daxili məhsulu 2012-ci ildə 372,6 milyard dollar olsa da, bu həcm 2023-cü ildə 97,1 milyard dollara düşüb ki, bu da adambaşına real gəlirin 70 faizdən çox azalması deməkdir. Ölkədə yoxsulluq səviyyəsi təxminən 96 faiz təşkil edir. 2018-ci ildə infilyasiya qısa müddətə 130.000 faizə hiperinflyasiya həddinə çatıb. Son illərdə infilyasiya azalsa da, 2024-cü ildə infiyasiyanın həddi 50 faiz, 2025-ci ildə 72 faiz civarında olub. Enerji resurslarının istifadəsiz qalması bu ölkəni böyük güclər üçün həm risk, həm də fürsətə çevirib. ABŞ üçün Venesuela təkcə problemli rejim deyil, həm də qlobal enerji bazarlarında uzunmüddətli üstünlük əldə etmək potensialıdır.
Çin faktoru: iqtisadi təsirdən strateji geriçəkilmə
Çin uzun müddət Venesuelanın əsas kreditoru və neft alıcısı olub. Pekin kredit xətlərini neft tədarükü və infrastruktur layihələri ilə əlaqələndirərək klassik "yumşaq güc" modelini tətbiq edib. Lakin ABŞ sanksiyalarının sərtləşməsi və hasilatın azalması Çinin maraqlarını məhdudlaşdırıb. 2020-ci ildən sonra Çin investisiyalarını tədricən azaldıb, 2023-cü ildə isə hərbi texnika tədarükünü dayandırıb. Bu, Pekinin ABŞ-la Qərb yarımkürəsində açıq qarşıdurmadan qaçdığını və Venesuelanın Çin üçün strateji yükə çevrildiyini göstərir.
İran və Rusiya: kapital əvəzinə hərbi rıçaqlar
Çindən fərqli olaraq, İran və Rusiya Venesuelada iqtisadi deyil, əsasən hərbi təsir mexanizmlərinə üstünlük verirlər. İranla imzalanmış uzunmüddətli hərbi tərəfdaşlıq sazişi dronlar, raket texnologiyası və əməliyyat təlimlərini əhatə edir. 2022-ci ildə Venesuela İran aarsında imzalanan iyirmi illik hərbi tərəfdaşlıq müqaviləsinə əsasən dronların, raket texnologiyasının və əməliyyat təliminin ötürülməsi daxildir. Şahed-131 döyüş dronları Marakaydakı "El Libertador" Hava Bazasında birbaşa İranın nəzarəti altında yığılır və istehsal olunur. Bu dronlar Rusiyanın Ukrayna və İranda İsrailə hücumlarında istifadə etdiyi modellərlə eynidir.
Venesuela Hərbi Dəniz Qüvvələri həmçinin İranın CM-90 gəmi əleyhinə raketləri və Zulfüqar sinifli raket qayıqları alıb. İranın rəhbərliyi altında Hizbullah şəbəkələri logistikanı əlaqələndirmək, hərbiləşdirilmiş qüvvələri işə götürmək və sanksiyalardan yayınmaq üçün Venesuela kəşfiyyatı ilə əməkdaşlıq edir. Bu, özünün iqtisadi zəifliklərinə baxmayaraq, İranın ABŞ materikindən bir neçə saatlıq məsafədə yerləşən güc proqnozlaşdırması üçün əməliyyat bazası kimi Venesuelada maraqlı olduğunu göstərir. Rusiya isə daha çox texniki dəstək və diplomatik himayə rolunu oynayır. Ukrayna müharibəsi Moskvanın maliyyə və hərbi imkanlarını ciddi şəkildə məhdudlaşdırsa da, Venesuela Rusiyanın ABŞ-a qarşı simvolik təzyiq nöqtəsi olaraq qalır.
Narkotik amili: geosiyasi məqsədlər üçün istifadə olunan vasitə
Venesuela kokain istehsalçısı deyil, əsasən tranzit ölkədir. Lakin Venesuela və İran Avropaya kokain qaçaqmalçılığını asanlaşdırmaqda həqiqətən də daha əhəmiyyətli rol oynayıblar. Son illərdə Avropa kokain təchizat zənciri əhəmiyyətli dərəcədə genişlənib və Qərbi Afrika əsas tranzit dəhlizinə çevrilib. Venesuela və İran aktyorları burada rol oynayırlar. "Insight Crime" tərəfindən sənədləşdirilən "Tren de Aragua" kartelinin rolu üzə çıxır. Bu cinayətkar təşkilat qlobal miqyasda genişlənib və təkcə narkotik ticarəti deyil, həm də insan alveri, şantaj və fahişəlik kimi genişmiqyaslı cinayətkar fəaliyyətlərə görə məsuliyyət daşıyır.
ABŞ kəşfiyyatının məlumatına görə, 2025-ci ilin sentyabr ayından bəri narkotik qaçaqmalçılığında şübhəli bilinən gəmilərə edilən 19 hücumda ən azı 76 nəfər həlak olub. Lakin hücum edən gəmilərin əslində narkotik daşıdığına dair hələlik heç bir dəlil təqdim edilməyib. Bu, diqqətəlayiqdir, çünki narkotik əleyhinə ritorikanın qismən əsas məqsədi narkotiklərlə mübarizə aparmaq olmayan əməliyyatları haqlı çıxarmaq üçün istifadə edildiyini göstərir.
Yeni Monroe Doktrinası: klassik imperiya strategiyasına dönüş
Tramp administrasiyasının təhlükəsizlik strategiyası faktiki olaraq Monroe Doktrinasının sərtləşdirilmiş formasının bərpasıdır. Trampın yeni təhlükəsizlik strategiyası Qərb yarımkürəsində ABŞ-ın dominantlığına dair 200 illik doktrinası olan Monro Doktrinasını yenidən bərpa etmək niyyətini açıq şəkildə ifadə edir. Bu strategiya təkcə Venesuelaya deyil, həm də ABŞ-ın yüksələn rəqibləri, ilk növbədə Çin və Rusiya üzərində tarixi dominantlığını təsdiqləməyə çalışdığı regional güc münasibətlərinin hərtərəfli yenidən qurulmasına yönəlib. Strategiya sənədində deyilir: "Qitənin xaricindəki rəqiblərin orada hərbi qüvvələr və ya digər təhdid yaradan aktivlər yerləşdirməsinə və ya yarımkürəmizdə strateji əhəmiyyətli aktivlərə sahib olmasına və ya nəzarət etməsinə icazə verilməcək". Bu isə o deməkdir ki, ABŞ Rusiya və Çini Karib hövəzsində Venesueladan sonra Panama və Panama kanalından, Meksika körfəzindən, Kubadan çıxarmaqda qərarlıdır.
Bir sözlə Trampın niyyəti Venesuelada həyata keçirdiyi plan bütövlükdə Latın Amerikası və Karib hövzəsində nəzarəti təmin etməkdir. Trampın Venesueladan sonra Karib hövzəsində növbəti əsas strateji hədəfi Panama kanalında, Meksika körfəzində və Kubada nəzarəti təmin etmək olacaq. Bununla da Tramp Qərb yarımkürəsində Çin, Rusiya və İranın hərbi-siyasi təsirini sıxışdırmaq, ABŞ-ın tarixi hegemonluğunu yenidən təsdiqləməkdir. Bu baxımdan da ABŞ-Venesuela qarşıdurması enerji resursları, təsir dairələri və qlobal güc balansı uğrunda mübarizə kimi xarakterizə edilməlidir. Karib hövzəsi bu mənada yeni dünya nizamının sınaq meydanına çevrilir. Venesuela isə bu strategiyanın həm hədəfi, həm də katalizatorudur. Qarşıdakı dövrdə baş verənlər təkcə bu ölkənin deyil, bütövlükdə Latın Amerikası və Karib regionunun gələcək geosiyasi xəritəsini müəyyən edəcək.
Mürtəza Bünyadlı
Siyasi şərhçi