"İdarəolunan devrim": Pezeşkian ali dini lider institutunu mərhələli şəkildə sıradan çıxarır? – ÖZƏL
5 Yanvar 14:53 Siyasətİranın ali dini lideri Əli Xamenei ölkədə vəziyyət kritik həddə çatarsa, paytaxtı tərk etməyə hazırlaşır. The Times nəşrinin kəşfiyyat məlumatlarına istinadən yaydığı xəbərə görə, ordunun və təhlükəsizlik qüvvələrinin etirazçıların tərəfinə keçəcəyi təqdirdə Xamenei 20 nəfərlik yaxın çevrəsi ilə ölkədən qaçacaq. İsrail kəşfiyyatının sabiq əməkdaşı Beni Sabti bildirib ki, Bəşər Əsədin qaçış ssenarisinə uyğun hazırlanan bu planda əsas sığınacaq yeri kimi Moskva nəzərdə tutulub.
Belə bir qaçış planı gerçəkləşə bilərmi? Hesabatda qeyd olunan "ordunun etirazçıların tərəfinə keçməsi" ehtimalı İranın mövcud hərbi strukturu daxilində nə qədər realdır?
"Bu, sadəcə Amerika nəşrinin irəli sürdüyü iddiadır və bununla bağlı konkret, təsdiqlənmiş bir faktor mövcud deyil. Ancaq bəli, əgər İranda genişmiqyaslı və güclü etirazlar baş verərsə, ali rəhbərin ölkədən çıxarılması ehtimalı istisna olunmur".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib: İlk növbədə qeyd etmək lazımdır ki, ali rəhbərin təhlükəsizliyi hazırkı İran rejimi üçün son dərəcə önəmlidir və belə bir vəziyyətdə onu ölkədən çıxararaq, məsələn, Rusiyaya göndərə bilərlər. İkinci mühüm məqam isə İranda ali dini lider institutunun gələcəyi ilə bağlı mövcud olan daxili problemlərlə əlaqəlidir. Məsələn, hazırkı prezident Pezeşkianın rəhbərlik etdiyi bürokratik-siyasi komanda ümumilikdə ali dini lider institutunun təsir imkanlarının zəiflədilməsinə, hətta mərhələli şəkildə sıradan çıxarılmasına çalışır. Faktiki olaraq məqsəd İranın idarəetmə sisteminin prezident üsul-idarəsinə keçməsi və ölkənin real hakimiyyətinin prezidentin əlində cəmləşməsidir. Bu kontekstdə elə bir ssenari də mümkündür ki, ali dini lider ölkədən uzaqlaşdırılsın və faktiki olaraq hakimiyyətdən kənarlaşdırılsın. Hətta Əli Xamenei Moskva və ya başqa bir ölkədə vəfat etsə belə, onun yerinə yeni ali dini lider seçilməsin və ali dini lider institutu formal olaraq ləğv edilsin. Bu halda İranın idarə olunması tam şəkildə prezident üsul-idarəsinə keçə bilər.
Ekspert bildirib ki, belə bir ssenarinin reallaşması isə İranın gələcəyi baxımından ciddi ziddiyyətlər və təzadlar yarada bilər. Daha doğrusu, İranın faktiki olaraq prezident tərəfindən idarə olunması modeli ön plana çıxa bilər. Bunun baş verməsi üçün isə ilk növbədə prezident Pezeşkianın silahlı qüvvələrin əsas dayaqlarından biri olan SEPAH-la (İslam İnqilabı Keşikçiləri Korpusu) və dini elita ilə razılaşması zəruridir. Əgər bu razılaşmalar əldə olunarsa, İranın mərhələli şəkildə prezident üsul-idarəsinə keçməsi müəyyən qədər təmin oluna bilər. Ancaq Xameneiyə qarşı etirazlar daha da güclənərsə və İsrail ilə ABŞ aktiv şəkildə İrana qarşı hərbi əməliyyatlara başlayarsa, bəli, ali dini liderin ölkəni tərk etməsi real ehtimala çevrilə bilər. Bu halda o, təhlükəsizlik qüvvələrinin və SEPAH-ın nəzarəti altında Tehrandan Moskvaya aparıla bilər. Lakin bu addım İranın regional və beynəlxalq nüfuzuna ciddi zərbə vuracaq və eyni zamanda Rusiyanın İran üzərində təsir imkanlarının daha da artmasına şərait yaradacaq. Açıq desək, Xameneinin Rusiyaya getməsi faktiki olaraq Vladimir Putinin İrandakı təsir imkanlarını maksimum səviyyəyə çatdıracaq. Bu isə İranın gələcəyi ilə bağlı qərarların qəbulunda Rusiyanın daha çox söz sahibi olması ilə nəticələnə bilər.
Lamiyə Cəbrayılova