Venesuela ssenarisi: ABŞ-Türkiyə münasibətlərinə təsir edəcəkmi?- ÖZƏL
5 Yanvar 14:41 SiyasətTürkiyənin müxalif liderləri ABŞ-nin Venesueladakı hərbi əməliyyatlarını kəskin tənqid ediblər. ABŞ-nin addımlarını "çılğınlıq" adlandıran Özəl, "Trampın qurduğu düzən dünya düzəni ola bilməz" deyərək qlobal müqavimətə çağırıb. O, Maduronun seçki prosesindəki səhvlərini qeyd etsə də, liderin zorla ölkədən çıxarılmasını qəbulolunmaz sayır.
Müdaxiləni "tanış ssenari" və sui-qəsd adlandıran Baxçalı, bu hadisəni 15 iyul çevriliş cəhdi ilə müqayisə edib. O bildirib ki, ABŞ Türkiyədə bacarmadığını indi Venesuelada həyata keçirməyə çalışır. Hər iki lider fərqli yanaşmalar sərgiləsə də, Vaşinqtonun legitim hakimiyyəti devirmək cəhdinə qarşı ortaq sərt mövqe nümayiş etdiriblər.
Bu müdaxilə beynəlxalq hüquq müstəvisində "legitimlik" anlayışını necə dəyişir və dövlətlər buna rəsmi səviyyədə hansı reaksiyanı verə bilər? Bu açıqlamalar ABŞ-Türkiyə münasibətlərinə təsir edə bilərmi?
Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib:
" ABŞ-ın Venesuelada təşkil etdiyi xüsusi əməliyyat hər nə qədər diqqət çəkilsə də, beynəlxalq hüquq baxımından daban-dabana ziddir. Yəni, başqa bir ölkə, başqa bir ölkənin ərazisində gecə vaxtı xüsusi əməliyyat keçirir və onun prezidentini və xanımını götürür. İstənilən halda, bu, dünyanın bütün ölkələrindəki mövcud iqtidarları, hətta müxalifəti belə reaksiyaya sövq edən və etməli olan bir məsələdir. Maduro haqlı idi, ya haqsız, bu məsələdə onun kimliyi o qədər də böyük rol oynamır. Burada əsas məsələ beynəlxalq dünyanın nizamı və beynəlxalq hüquqdur. Əgər beynəlxalq hüquq varsa, o hüquq güclülər üçün də, zəiflər üçün də eyni prinsipdə işləməlidir. Məsələn, Azərbaycan və Ermənistan münaqişəsi beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır deyənlər indi, beynəlxalq hüququ pozulursa, bu, əlbəttə ki, problemdir və bu problemin həllində bütün dünya ölkələri səs çıxarmalıdır.
Türkiyədəki mövqeyə gəldikdə, həm müxalifətdən, həm də iqtidardan bu yöndə açıqlamalar gəlir. Faktik olaraq, bunlar həm narahatlıqla bağlıdır, həm də daxili auditoriya üçün, daxili gündəmə fokuslanan mesajlardır.
Mən inanmıram ki, ABŞ Türkiyədə eyni əməliyyatı keçirə bilsin. Ümumiyyətlə, ABŞ Venesuelada əməliyyatı keçirərkən, onun baş verəcəyi və nəticələrinin Madurodan asılı olacağı əvvəlcədən məlum idi. Bunun səbəbi budur ki, hətta Tramp dəfələrlə bu məsələdə tələblərini irəli sürmüşdü, yəni Madurodan hakimiyyətdən getməsini tələb etmişdi. Amma bunlar razılaşmadı. Görünür, daxildən müəyyən qüvvələr tərəfindən bu əməliyyat dəstəkləndi və bu dəstək sayəsində Maduro hakimiyyətini qorumağa çalışdı. Venesuela kiçik bir ölkə deyil. Bu ölkənin özünə məxsus ciddi təhlükəsizlik orqanları, polis və kəşfiyyat qurumları, hərbi sistemləri var. Dünyanın ən böyük neft və qaz rezervlərindən birinə sahib bir ölkənin belə zəif sistemə malik olmaması inandırıcı deyil. Burada böyük ehtimalla daxili qurumlar vasitəsilə əməliyyatın həyata keçirilməsi mümkün olub və ABŞ bunu asanlıqla həyata keçirə bilib. Türkiyədə isə belə əməliyyat mümkün deyil. Çünki Türkiyənin ciddi kəşfiyyat qurumları və güclü polis qüvvələri var. Türkiyənin öz daxili problemləri var və bu tip məsələlər yalnız Türkiyə daxilində həll olunur. Hər ölkənin daxili strukturu, siyasi sistemi və dinamikası fərqlidir. Buna görə də, hər ölkədə eyni əməliyyatı həyata keçirmək asan deyil və uzun illər hazırlıq tələb edir. Maduro faktiki olaraq öz əli ilə vəziyyətini mürəkkəbləşdirmişdi. Daxili korrupsiyanın yüksək olması, məmurların nüfuzunun artması və rüşvətin yüksəlməsi əməliyyatın mümkünlüyünü artırmışdır. Böyük ehtimalla, daxildəki rüşvət və korrupsiya artıq xarici dəstək də tələb edən bir səviyyəyə çatmışdı. Maduro faktiki olaraq Sezar kimi ölkədə belə bir vəziyyətlə-xəyanatlə üzləşdi və bu səbəbdən onun hakimiyyəti ilə mübarizə aparılmalı oldu.
Bunun ABŞ-Türkiyə münasibətlərinə ciddi təsir edəcəyini düşünmürəm. Tramp ilə Ərdoğan arasında münasibətlər çox yaxşı səviyyədədir. Bu tip məsələlər dövlətlər arasında həll olunan məsələlərdir. ABŞ üçün dost və düşmən anlayışı bir qədər fərqlidir. ABŞ nə dostlarının birmənalı zəifləməsini istəyir, nə də özündən güclü olmasını, eyni qayda düşmənlərinə də aiddir. Məsələn, ABŞ bu gün Rusiyanı tam məğlub edə bilərmi edər, amma bunu istəmir, çünki Avropa üçün qorxuducu Rusiya obrazı vacibdir. Eyni yanaşma Çinə və Şimali Koreyaya da aiddir. ABŞ, öz tərəfdaş dövlətləri ilə münasibətlərdə müəyyən balansı qoruyur. Çox yaxınlaşmaq ABŞ-ın nüfuzunu artırır, çox uzaqlaşmaq isə ABŞ-dan ayrı düşmək kimi qiymətləndirilir. Buna görə də, ağıllı dövlətlər bu balansı yaxşı başa düşür və ona uyğun davranırlar".
Zeynəb Mustafazadə