"ABŞ-nin Venesuela müdaxiləsi beynəlxalq hüququn iflasıdır" – ŞƏRH – ÖZƏL
5 Yanvar 12:39 SiyasətVenesuela artıq təkcə Latın Amerikası üçün yox, qlobal siyasət üçün də əsas diqqət mərkəzinə çevrilib. Prezident Nikolas Maduronun həbsi ilə bağlı proseslər beynəlxalq gündəmdə ciddi rezonans yaradıb və ABŞ-nin son addımı böhranı regional çərçivədən çıxararaq qlobal məsələ halına gətirib. Bu vəziyyət post-Maduro dövrü ilə bağlı ssenariləri və böyük güclərin Venesuelaya münasibətini daha da aktuallaşdırır.
Maraqlıdır, ölkəni bundan sonra hansı siyasi kurs gözləyir?
Mövzu ilə bağlı siyasi ekspert Elçin Xalidbəyli Olaylar.az-a danışıb. Ekspert bildirib ki, Venesuelada baş verən son hadisələr bir neçə istiqamət üzrə ciddi presedent yaradır:
"Birincisi, Amerika Birləşmiş Ştatlarının Venesuela diktatoru Nikolas Maduronu hərbi əməliyyat vasitəsilə ölkədən kənarlaşdıraraq faktiki olaraq bu dövləti öz nəzarəti altına alması beynəlxalq münasibətlər sistemində olduqca təhlükəli tendensiyanın başlanğıcıdır. Bu addımdan sonra Venesuelada hakimiyyətə kimin gələcəyini ABŞ müəyyən edəcək və hakimiyyətə gətirilən siyasi qüvvə və ya şəxs Ağ Evdən aldığı təlimatlar əsasında ölkəni idarə etməyə məcbur qalacaq. Bu isə o deməkdir ki, Venesuela uzun müddət ABŞ-nin qeyri-rəsmi təsir zonasına, hətta faktiki "vasal dövlətinə" çevrilə bilər.
Digər tərəfdən, ABŞ-nin bu addımı Latın Amerikası ölkələrində ciddi narahatlıq yaradıb. Kolumbiya, Boliviya kimi dövlətlər artıq açıq şəkildə təhlükə hiss edirlər. Hətta Ağ Ev tərəfindən bu ölkələrə də analoji addımların atıla biləcəyi ilə bağlı təhdid xarakterli mesajların verildiyi müşahidə olunur. Növbəti mərhələdə Latın Amerikası ölkələri, eləcə də Meksika ABŞ-nin maraqlarını prioritet hesab etməyə məcbur qalacaqlar. Çünki artıq aydın oldu ki, ABŞ-nin maraqlarına zidd addımlar atan ölkələrin dövlət başçıları ABŞ tərəfindən yaxalanaraq həbs edilə və ölkədən çıxarıla bilər. Bu hadisə təkcə Venesuela üçün deyil, digər dövlətlər üçün də son dərəcə neqativ və qorxu yaradan bir presedentdir.
Ekspertin sözlərinə görə, daha bir mühüm məqam ondan ibarətdir ki, ABŞ-nin Venesuelada törətdiyi bu qanunsuzluq bütün dünya üçün təhlükəli nümunə formalaşdırır. Şübhəsiz ki, Nikolas Maduro diktator idi və öz xalqına qarşı zorakılıq tətbiq edirdi. Lakin onu hakimiyyətdən kənarlaşdırmaq Venesuela xalqının iradəsi və daxili siyasi prosesi çərçivəsində baş verməli idi. Əgər Venesuela xalqının buna gücü çatmırdısa və ABŞ həqiqətən də zülmkar bir rejimi dəyişmək niyyətində idisə, bu halda beynəlxalq hüquq normalarına uyğun, legitim mexanizmlər işə salınmalı idi.
Maduronun hakimiyyətdən uzaqlaşdırılması yalnız BMT Təhlükəsizlik Şurasının razılığı və beynəlxalq hüquq çərçivəsində həyata keçirilə bilərdi. Əks halda bu addım beynəlxalq hüququn açıq şəkildə tapdalanması deməkdir. Yəni bir diktatoru devirmək adı altında qlobal hüquq sistemi ciddi şəkildə zədələnmiş oldu.
Hətta demək olar ki, bundan sonra beynəlxalq hüquq sistemi öz işləkliyini böyük ölçüdə itirəcək. Çünki digər güclü dövlətlər də ABŞ-nin Venesuelada həyata keçirdiyi əməliyyatı özləri üçün nümunə götürə bilərlər. Bu isə o deməkdir ki, güclü dövlətlər öz maraqlarına zidd fəaliyyət göstərən ölkələrin liderlərini, onların diktator olub-olmamasından asılı olmayaraq, oxşar üsullarla sıradan çıxarmağa cəhd göstərə bilərlər.
"Bütün bunlar onu göstərir ki, dünya artıq idarə olunan xaos mərhələsinə qədəm qoyub. Bu proses İkinci Dünya müharibəsindən sonra formalaşmış, təxminən 80 il mövcud olmuş beynəlxalq dünya düzəninin dağılması anlamına gəlir. Yeni dünya nizamının konturları hələ aydın olmadığı üçün bəşəriyyət hazırda xaos xarakterli, təhlükəli bir keçid dövrünü yaşayır," - deyə siyasi şərhçi qeyd edib.
Lamiyə Cəbrayılova