Enerji məsələsi həm də qlobal siyasətin mərkəzi elementidir- ÖZƏL
5 Yanvar 12:05 Siyasət"Venesuela dünyanın ən böyük neft ehtiyatlarına sahib ölkələrdən biridir. Bu, ölkəni yalnız Latın Amerikası üçün deyil, qlobal enerji bazarı üçün də strateji əhəmiyyətli edir. Bəzi analitiklər Venesuelanı "planetin benzinstansiyası" adlandırır, çünki onun neft çıxarışı və ixracı qlobal bazarda qiymətlərin formalaşmasına birbaşa təsir göstərir". Bunu "Olaylar"a Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov deyib: "ABŞ tarixi boyunca enerji təhlükəsizliyinə və bazar sabitliyinə strateji maraqla yanaşıb. Venesuelaya tətbiq etdiyi sanksiyalar, neft ixracına məhdudiyyətlər və diplomatik təzyiqlər vasitəsilə ABŞ həm bazara nəzarət, həm də qiymətlərin öz maraqlarına uyğun istiqamətlənməsini təmin etməyə çalışır.
Bu situasiya qlobal neft qiymətlərinin sadəcə iqtisadi deyil, həm də siyasi oyunlara bağlı olduğunu göstərir. Venesuela kimi resurs zəngin ölkələr, qlobal enerji siyasətində həm təzyiq, həm də təsir aləti rolunu oynayır. Nəticədə, qlobal bazarda neftin hər barelinin qiyməti təkcə təklif-tələb balansından deyil, eyni zamanda geosiyasi gedişlərdən də asılı olur. Venesuela misalı bir daha sübut edir ki, enerji yalnız iqtisadi resurs deyil, həm də qlobal siyasətin mərkəzi elementidir".