“Azərbaycan Zəngəzura girəcək...” – İran olayları İrəvanda PANİKA yaratdı

Deputat Qüdrət Həsənquliyevin son müsahibəsində İrandakı etirazlarla bağlı cənubi azərbaycanlılara dəstək çağırışı Ermənistanda baş-ayaq oxunub. Deputatın konkret olaraq soydaşlarımıza yardımla bağlı fikirləri erməni mediasında təhrif olunub.

"Hraparak" nəşri bu xüsusda yazır: "Bakının qondarma (?! - red.) Qərbi Azərbaycana azərbaycanlıların qayıdışı ilə bağlı israrı qeyri-ixtiyari olaraq xatırlanır. Bu, Azərbaycan tərəfindən istənilən an həmvətənlərin hüquqlarının qorunması şüarı altında hərbi işğal üçün rəsmi bəhanə kimi istifadə edilə bilən ritorikadır".

Ardınca Prezidentin Yeni il müraciətində ki, "Azərbaycan dövləti harada yaşamasından asılı olmayaraq heç bir azərbaycanlının taleyinə heç vaxt biganə qalmayıb və qalmayacaq" sitatı iqtibas gətirilib.

Bununla da erməni KİV-i belə "rəy" yaradır ki, guya Azərbaycan qərbi azərbaycanlıların yurd-yuvasına qayıdışı üçün hərbi yoldan istifadə edə bilər. Buna qədər də erməni propoqandası belə təbliğat aparırdı ki, Azərbaycan Silahlı Qüvvələri Zəngəzura daxil olmağa hazırlaşır. İndi İranda baş verənlər və prezidentin açıqlaması, ardınca deputatın müsahibəsində səsləndirdiyi fikirlərdən erməni mediası konspirologiya düzəltmək istəyib.

Professor Qabil Hüseynlinin Musavat.com-a bildirdiyinə görə, Ermənistanda müxalifət nəşrləri boşboğazlıq etməkdədir. Zəngəzura hərbi müdaxiləni cəfəngiyat adlandıran həmsöhbətimiz deyib ki, qərbi azərbaycanlıların qayıdışı tanklarla deyil, minik avtomobilləri ilə reallaşa bilər: "Bu fikri də cənab prezident dəfələrlə bəyan edib. Azərbaycan qərbi azərbaycanlıların yurd-yuvasına qayıdışın təmin olunmasını tələb edir. Ancaq Ermənistan bundan yayınır. Çünki qayıdış nəticəsində Zəngəzurda demoqrafik üstünlük azərbaycanlılarda olacaq. Ona görə gündəlikdə bu məsələ var, amma həyata keçməsi hələlik real görünmür. Ancaq hərbi vasitələrdən istifadə haqda illüziyalar səslənir və əvvəllər də belə populist rəylər eşidilib".

Professor Zəngəzur dəhlizinə hərbi müdaxilənin Rusiyanın arzusu olduğunu yada salıb: "Rusiya istərdi ki, Azərbaycan ordusu girsin, sonra üçtərəfli sənədin 9-cu bəndi göstərilib Federal Təhlükəsizlik Xidməti koridora yerləşsin. Azərbaycan bu avantüraya getmədi və nəhayət, 8 avqustda tərəflər özü "Tramp marşrutu" adlanacaq logistikanın reallaşmasına razılaşdı. Bundan sonra hansı hərbi müdaxilə ola bilər?! İrandakı soydaşlarımızın müdafiəsinə çağırışı qərbi azərbaycanlıların qayıdışı ilə eyniləşdirmək məntiqli deyil. Bunlar fərqli məsələlərdi. Sözsüz ki, Ermənistana qayıdış olarsa, Azərbaycan dövləti orada yaşayan insanlarımızın da, hüquqlarını müdafiə edəcək".

Hərbi ekspert Ramil Məmmədli isə regionda yeni hərbi qarşıdurmanı istisna edir. Onun sözlərinə görə, bölgədə yeni doktrina hərbi yox, iqtisadi xarakter daşıyacaq: "Trampın adını daşıyacaq bir yolun işə düşməsi üçün sabitlik və təhlükəsizlik olmalıdır. Eyni zamanda, regionda hər hansı hərbi təhdid elementi qalmamalıdır ki, layihə dayanıqlı olsun. Bu səbəbdən, Amerika şirkətinə idarəçiliyi veriləcək dəhlizin fəaliyyəti üçün davamlı sabitlik qaçılmazdır. Mən şərti sərhəddə hər hansı hərbi eskalasiya görmürəm. O halda mümkündür ki, Ermənistan hərbi təxribatlara əl atsın. Bu da İrəvana sərf etmir".

image

O ki qaldı qərbi azərbaycanlıların ata-baba torpağına qayıdışa, hərbi ekspert hərbi yolla nonsens sayır: "Erməni avantürası yenə başıpozuq təbliğat aparır. Həmin ərazilər tarixi torpaqlarımız olsa da, hazırda Ermənistan respublikasıdır. Yəni beynəlxalq hüquqla onlara aiddir. Əgər Azərbaycan güc tətbiq edərək deportasiya edilmiş insanları Qərbi Zəngəzura qaytarmaq istəsə, bu zaman beynəlxalq təpki və sanksiya ola bilər. Bizim hər hansı ərazi iddiamız da yoxdur və sadəcə, insanların sivil şəkildə qayıdışını nəzərdə tuturuq. Revanşistlərin bu çirkin təbliğatı sərhədyanı ərazilərdə yaşayan erməniləri qorxutmağa, Paşinyanı ittiham etməyə və sülh prosesini pozmağa hesablanıb".

Emil Salamoğlu
Musavat.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31