Dövlət başçısı xalqı əmin etdi ki, uğurlarımız cari ildə də davam edəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən ilin son dəqiqələrində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa ünvanlandığı müraciət, həmin müraciətdə əksini tapan bir sıra mühüm məqamlar ətrafında müzakirələr, fikir mübadilələri davam edir. Sözügedən müraciətin üstündən bir neçə gün keçsə də, hələ də o, öz aktuallığını qoruyub saxlayır. Çünki dövlət başçısının sözügedən müraciəti bayram təbriki olmaqla yanaşı, eyni zamanda ötən ilin qısa hesabatı, qarşıdakı ilin yol xəritəsi və 2026-cı ilin hədəflərini özündə əks etdirirdi.

Belə ki, geridə qalan 2025-ci ili ölkəmiz üçün kifayət qədər uğurlu və əlamətdar il kimi xarakterizə edən dövlət başçısı bildirdi ki, il ərzində Azərbaycanda sabitlik hökm sürüb, təhlükəsizlik təmin olunub. Bunlarla paralel olaraq ölkədə sosial-iqtisadi inkişaf davam edib. Bütün bu sadalanan müsbət faktorların kökündə isə xalq-iqtidar birliyi dayanıb. Məhz bu iki qüvvənin birlik və həmrəyliyi nəticəsində Azərbaycan dövləti və xalqı 2025-ci ildə sadalanan nailiyyətlərə imza atıb.

Cənab İlham Əliyevin də dediyi kimi məhz xalq-iqtidar birliyi Azərbaycanın çətin sınaqlardan uğurla çıxmasına, qarşısına qoyduğu hədəflərə, strateji məqsədlərə nail olmasına yol açıb.

Prezident İlham Əliyevin xalqa müraciəti zamanı diqqət yetirdiyi ikinci mühüm bir məsələ Vətən müharibəsində qazanılan tarixi qələbə idi. Məhz həmin tarixi Zəfər nəticəsində Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin tam bərpa edildiyini vurğulayan İlham Əliyev, bu zəfərin davamlı olacağını vurğuladı və xalqımızda bir daha buna əminlik yaratdı. "Beş il bundan əvvəl Vətən müharibəsi zamanı əldə etdiyimiz tarixi Zəfərimiz bizimlə əbədi olacaq. Azərbaycan xalqı bu Qələbə ilə əbədi olaraq fəxr edəcəkdir",-deyə dövlət başçısı vurğuladı. Çünki Azərbaycan bu, tarixi zəfərlə Cənab Prezidentin qeyd etdiyi kimi regionda yeni reallıqlar yaratdı və bu reallıqlar dəyişməzdir.

Müraciətdə Ermənistanla Azərbaycan arasında imzalanması nəzərdə tutulan sülh müqaviləsi də xüsusi yer tuturdu. Prezident bir daha İlham Əliyev Azərbaycanın sülh tərəfdarı olduğunu, Cənubi Qafqazda davamlı sülh və əməkdaşlıq mühitinin yaradılmasının vacibliyini bildirdi. Bununla yanaşı, o, ölkənin müstəqil siyasət yürütdüyünü və heç bir xarici qüvvənin Azərbaycanın daxili işlərinə müdaxilə etməsinə imkan verilmədiyini qəti şəkildə bəyan edib.

2025-ci il ərzində iqtisadi sahədə əldə edilən uğurlar, xüsusilə qeyri-neft sektorunun, əsas etibarilə də alternativ enerji mənbələri, "yaşıl enerji", nəqliyyat-logistika imkanlarının genişlənməsi, yeni nəqliyyat dəhlizlərinin gündəmə gəlməsi bu inkişaf tempinin 2026-cı ildə də davam edəcəyi əminliyi yaradır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev ilin son günü xalqa etdiyi müraciətində bu məqama diqqət çəkdi. Dövlət başçısı xalqı əmin etdi ki, uğurlu iqtisadi və sosial siyasət nəticəsində iqtisadi sahədə qazandığımız uğurlar cari il üçün də davam edəcək.

Müraciətdə diqqət çəkən məqamlardan biri də dövlət başçısının dünya azərbaycanlılarına ünvanlanan çağırış oldu. Prezident İlham Əliyev dünya azərbaycanlılarını həmrəylik nümayiş etdirməyə, milli maraqlar ətrafında daha sıx birləşməyə çağırdı və diasporanın Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsində mühüm rol oynadığını qeyd etdi.

Ümumiyyətlə, sözügedən müraciətə diqqətlə nəzər saldıqda aydın şəkildə görürük ki, Cənab İlham Əliyevin 31 dekabr müraciəti Azərbaycanın güclü dövlət kimi formalaşdığını, öz milli maraqlarını qətiyyətlə qoruduğunu və gələcəyə inamla addımladığını bir daha dünyaya nümayiş etdirdi. Bir daha qeyd etmək istərdim ki, Cənab Prezidentin müraciəti həm ötən ilin yekunu, həm də qarşıdakı dövr üçün strateji yol xəritəsi idi.

Nəsib Məhəməliyev
 Milli Məclisin deputatı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31