Rejim dəyişmək amerikalılara yalnız qan və borc gətirib: Senator Şumer Trampın Venesuela risklərini açdı

ABŞ Senatında Demokrat azlığın lideri Çak Şumer bazar günü Venesuelaya qarşı həyata keçirilən və böyük rezonans doğuran ABŞ əməliyyatına münasibət bildirib.

Musavat.com xəbər verir ki, bu barədə o, ABCNEWS kanalına müsahibə verib.

Senator Şumer, Venesuela prezidenti Nikolas Maduronun ələ keçirilməsinin qanunsuz olduğunu deyib.

"Maduro dəhşətli, həqiqətən də dəhşətli bir insandır. Amma qanunsuzluğa qarşı başqa bir qanunsuzluqla cavab vermək olmaz. Burada baş verən məhz budur", - deyə Şumer ABC telekanalının This Week proqramında aparıcı Corc Stefanopulosa bildirib.
"Bunun üçün Trampın heç bir səlahiyyət olmayıb. Onlar sadəcə gəmiləri dənizdə saxlamadılar - Venesuelanın ərazisinə daxil oldular, həm mülki, həm də hərbi obyektləri bombaladılar. Konqresin icazəsi olmadan belə bir əməliyyat aparmaq qanunun pozulmasıdır",-deyə amerikalı senator qeyd edib.

Prezident Donald Tramp şənbə günü ABŞ-ın Venesuelanı "təhlükəsiz, düzgün və düşünülmüş keçid baş verənədək idarə edəcəyini" iddia etsə də, Şumer bildirib ki, hazırda ölkəni kimin idarə etdiyi heç kimə aydın deyil.

"Bu səhər amerikalılarbaş verənlərə həm təəccüb, həm də qorxu ilə baxırlar", Tarix bizə göstərib ki, ABŞ bu cür rejim dəyişikliyi və dövlət quruculuğu cəhdlərinə başlayanda, bunun əvəzini amerikalılar həm qanla, həm də pulla ödəyirlər"- - deyə senator vurğulayıb.

Şumer Trampın hücumdan sonra səsləndirdiyi iddiaya - ABŞ neft şirkətlərinin Venesuelanın dağılmış neft infrastrukturunu bərpa edə biləcəyinə - də şübhə ilə yanaşıb.

"Bu, daha çox tələsik və səthi planı xatırladır", - deyə o bildirib.
"Bu neft yataqları illərdir baxımsız vəziyyətdədir. Biz bilmirik, bu iş nə qədər vaxt aparacaq, nə qədər xərc tələb edəcək və bunu edərkən həmin yataqları qorumaq üçün hərbi qüvvələrə ehtiyac olub-olmayacaq",-deyə o, qeyd edib.

Şumer Trampın Venesuelaya müdaxiləsini onun seçki kampaniyası dövründə verdiyi vədlərlə də ziddiyyətli adlandırıb. Tramp dəfələrlə ABŞ-ın xaricdəki münaqişələrdən uzaq duracağını bəyan etmişdi.

"Donald Trampın kampaniyasında ən çox vurğuladığı mövzulardan biri 'sonsuz müharibələrə son' idi. Amma indi biz heç bir əyləc, heç bir müzakirə olmadan məhz belə bir müharibənin içinə giririk".Belə çıxır ki, bu addım bizi sonsuz bir müharibəyə sürükləyir", - deyə senator qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31