Pezeşkian istefa verə bilər
4 Yanvar 17:27 SiyasətCənub qonşumuz İranda baş qaldıran etiraz aksiyaları davam etməkdədir. Ölkənin ali rəhbəri Seyid Əli Xamenei baş verən etirazların əsaslı olduğunu deyib.
Milli valyutanın dəyərinin düşməsinə görə etirazları əsaslı hesab edən ali rəhbər söyləyib:
"Sahibkarlar belə şəraitdə işləyə bilməyəcəklərini deyəndə haqlıdırlar. Dövlət rəsmiləri bunu qəbul edirlər və mən bilirəm ki, hörmətli prezident və digər yüksək vəzifəli şəxslər bu problemin həlli üzərində işləyirlər".
Onun sözlərinə görə, bəzi qüvvələr yalan iddialar irəli sürərək ölkəyə, rəsmilərə, hökumətə və ya millətə nəyisə qəbul etdirmək istəyirlər:
"Hər bir insan buna qarşı qətiyyətlə dayanmalıdır, biz düşmənə boyun əyməyəcəyik".
Məsələ ilə bağlı Musavat.com-a danışan politoloq Kənan Novruzov bildirib:
"İranda sosial-iqtisadi vəziyyət kifayət qədər gərgindir. Bununla əlaqədər olaraq ölkədə aksiyalar bir neçə gündür davam edir. Amma, fikrimcə, aksiyaların yeganə səbəbi bu deyil. İsrail və ABŞ ilə münasibətlərin cari vəziyyəti də hazırkı proseslərə təsir edir. Adı çəkilən dövlətlərin, xüsusilə rəsmi Vaşinqtonun İranı daxildən məhv etməyə çalışması və bunun üçün artıq "düyməyə basması" da mümkündür.
Dini liderin səsləndirdiyi fikirlər isə göstərir ki, vəziyyət göründüyündən daha mürəkkəbdir. Görünür, ali dini liderlə prezident arasında gərginlik getdikcə gərginləşir. Bu, gözlənilən idi. İslahatçı lider olan Məsud Pezeşkiana ölkəsinin gələcəyi üçün çalışmağa imkan vermirlər.
Qarşıdakı günlərdə İranda aksiyaların daha da dərinləşəcəyi gözləniləndir. Hakimiyyətə həm daxildən, həm də xaricdən təzyiq edilir. Proseslər Pezeşkianın istefası ilə nəticələnə bilər".