Əkbər Qoşalı: "Həmrəylik Günü diplomatiyamızı tamamlayan ictimai dayaqdır" – ÖZƏL
17:33 Siyasət"31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü azərbaycanlıların qlobal miqyasda vahid kimlik, vahid mövqe və vahid iradə nümayiş etdirdiyi strateji gündür. Bu gün diasporu, belə deyək, mədəni birlikdən çıxarıb beynəlxalq təsir mexanizminə çevirən əsas mənəvi-siyasi platformdur".
Bu fikirləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar Əkbər Qoşalı deyib. Yazar bildirib ki, Həmrəylik Günü dünya azərbaycanlılarının öz aralarında bağ qurmasını gücləndirməklə yanaşı, onların yaşadığı ölkələrdə daha təşkilatlanmış, məqsədyönlü və təsirli fəaliyyət göstərməsinə stimul verir. Məhz bu gün çevrəsində formalaşan ideoloji birlik diaspor təşkilatlarının informasiya müharibəsində, lobbiçilik fəaliyyətində və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında koordinasiyalı çıxışını təmin edir. Özəlliklə 44 günlük savaşda və sonrakı mərhələdə bu həmrəyliyin gefçək sonucları açıq şəkildə göründü.
"Digər tərəfdən, Dünya Azərbaycanlılarının Həmrəylik Günü Azərbaycan dövlətinin beynəlxalq siyasətində "yumşaq güc" aləti kimi strateji önəm daşıyır. Xaricdə yaşayan soydaşlarımız dövlət siyasətinin təbii tərəfdaşına çevrilir, milli çıxarların müdafiəsində diplomatiyanı tamamlayan ictimai-siyasi dayağa çevrilir. Bu, dövlət-diaspor münasibətlərini emosional bağlılıqdan çıxarıb institusional və nəticəyönlü işbirliyi səviyyəsinə yüksəldir.
Bu baxımdan, 31 Dekabr həm keçmişin anısı, həm də gələcəyin yol xəritəsi kimi xarakterizə olunmağı haqq edir. O, azərbaycanlıların harada yaşamasından asılı olmayaraq, bir dövlətə, bir kimliyə və bir tarixi məsuliyyətə bağlı olduqlarını dünyaya nümayiş etdirməkdədir. Hazırkı qlobal çağırışlar fonunda bu həmrəylik Azərbaycan dövlətinin mövqelərini möhkəmləndirən, diasporun isə təsir gücünü artıran əsas amillərdən biridir," - deyə araşdırmaçı-yazar əlavə edib.
Dövlətimiz zaval görməsin!
Lamiyə Cəbrayılova