Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü: “Birlik sayəsində ərazi bütövlüyünə nail olduq"- ÖZƏL

" 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının yeni tarixində ən mühüm hadisələrdən biridir. Belə ki, 35 il öncə Azərbaycan xalqı onu iki yerə bölmüş sərhəd məftillərini dağıtmaqla, tikanlı məftilləri sökərək bu tarixi ədalətsizliyə etiraz etdi. Həmin gün Azərbaycanlıların vahid məqsəd uğrunda həmrəyliyinin birləşdiyi gün kimi qeyd olundu və artıq 35 ildir ki, bu tarix qeyd edilir".

 

Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında söyləyib:

"Bu gün dünyada yaşayan hər bir azərbaycanlının həyatında iz qoyan və yaddaşında xüsusi yer tutan bir gün kimi xatırlanır. Bundan başqa, bu gün dünya azərbaycanlıları bir daha vahid məqsəd ətrafında birləşməyi düşünür və bu istiqamətdə hərəkət edir. Bu baxımdan məhz milli həmrəylik bizə onu göstərdi ki, biz birlik nəticəsində 44 günlük savaş zamanı işğal altında olan torpaqlarımızı azad etdik, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olundu. Azərbaycan bölgənin ən güclü və ən hörmətli dövlətlərindən birinə çevrildi və artıq beynəlxalq səviyyədə də ölkəmizin nüfuzu ciddi şəkildə artmaqdadır. Bunların hamısı məhz milli həmrəylik sayəsində mümkün olub.
Yəni, biz bu nəticələri milli həmrəyliyimiz və vahid məqsəd uğrunda birliyimiz nəticəsində əldə etmişik. Düşünürəm ki, bundan sonrakı daha böyük hədəflərimiz üçün də milli həmrəyliyə ciddi ehtiyacımız var və bu həmrəyliyə nail olmaqla həmin hədəflərə çatmaq imkanı əldə edəcəyik". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31