"Böyük Ermənistan" mifinin sonu: Paşinyan reallığı qəbul edir? – ÖZƏL

"Rusiya artıq ənənəvi olaraq, 44 günlük müharibədən sonra da Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına mane olmağa çalışır. Hamıya bəllidir ki, sülh müqaviləsinin imzalanmaması üçün əlindən gələni edən, eyni zamanda Zəngəzur dəhlizi kimi kritik layihələrin reallaşmasına əngəl törətməyə çalışan tərəf məhz Rusiyadır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Ramiyə Məmmədova deyib. Ekspert bildirib ki, Rusiya müxtəlif vasitələrlə Ermənistanı həm Qərbdən, həm Türkiyədən uzaqlaşdırmağa çalışır, eyni zamanda Azərbaycanla Ermənistan arasında münasibətlərin və münaqişənin tam həll olunmaması, daim "lokal gərginlik" səviyyəsində qalması üçün səylər göstərir.

Bunu həm Azərbaycan tərəfi, həm Türkiyə, həm də Ermənistan rəhbərliyi çox yaxşı anlayır. Baş nazir Nikol Paşinyanın son çıxışları da əslində bu reallığa işarə edir. O demək istəyir ki, vaxtilə "Böyük Ermənistan" ideyası həm Rusiya xüsusi xidmət orqanları, həm də erməni revanşist ideoloqları tərəfindən ortaya atılıb, sonradan şişirdilərək ideologiya səviyyəsinə qaldırılıb.
Bu ideologiya iki xalq, iki dövlət arasında dərin düşmənçilik yaradıb, türklərin erməni cəmiyyətində qəbul edilməməsinə, onların tamamilə düşmən obrazında təqdim olunmasına gətirib çıxarıb. Ermənistan əsrlər boyu bu xəstə ideologiya ilə yaşadığı üçün nəticədə Azərbaycan-Ermənistan müharibələri, Türkiyəyə qarşı əsassız iddialar və Azərbaycan torpaqlarına yönəlik tələblər ortaya çıxıb və uzun illər davam edib. Bu gün Ermənistan Konstitusiyasında da həmin iddiaları əks etdirən maddələr mövcuddur. Azərbaycan tərəfi haqlı olaraq çalışır ki, bu maddələr birbaşa Ermənistan Konstitusiyasından çıxarılsın və gələcəkdə bu cür ərazi iddialarına bir daha yol verilməsin.

"Paşinyanın mövqeyində mühüm həqiqətlər var. O, Ermənistan cəmiyyətini bu xəstə ideologiyadan çıxarmaq, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq, sülh müqaviləsini imzalamaq və ölkəsinə daha parlaq, sabit bir gələcək qazandırmaq üçün mümkün olan addımları atmağa çalışır.
Bu baxımdan Paşinyana müəyyən mənada dəstək vermək lazımdır. Çünki o anlayır ki, revanşist və zərərli ideologiya ilə yaşayan Ermənistanın inkişaf etməsi mümkün deyil. Məhz buna görə də bu ideologiyanın artıq sona çatması üçün səylər göstərir. Şübhəsiz ki, Rusiya bu prosesə mane olmaq üçün yenə əlindən gələni edəcək. Lakin mənə elə gəlir ki, nə Azərbaycan, nə Türkiyə, nə də Ermənistan bu müdaxilələrə əvvəlki kimi imkan verməyəcək. Əksinə, tərəflər çalışacaqlar ki, sülh müqaviləsi üzrə danışıqlar yekunlaşsın, maddələr razılaşdırılsın və proses mərhələli şəkildə başa çatsın. Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün real zəmin formalaşsın və 2026-cı il region üçün sülh, inkişaf və böyük layihələr ili kimi tarixə düşsün," - deyə siyasi şərhçi vurğulayıb.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31