“Konstitusiya və Suverenlik İli” çərçivəsində Milli Məclis tərəfindən 18 tədbir keçirilib
16:18 SiyasətYola saldığımız il ölkəmizin həyatı üçün xüsusi əhəmiyyət daşıyan bir dövrə təsadüf etdi. Bunu Milli Məclisin payız sessiyasının bu gün keçirilən sonuncu iclasında spiker Sahibə Qafarova sessiya və il ərzində görülmüş işlər haqqında danışarkən deyib. Spiker Sahibə Qafarova vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən 2025-ci ilin ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan edilməsi haqqında qərar dövlət hakimiyyəti sisteminin, o cümlədən qanunvericilik orqanının işinə əlavə məna və dəyər ölçüsü gətirib. O, "Konstitusiya və Suverenlik İli" çərçivəsində Milli Məclisin təşkilatçılığı ilə keçirilən tədbirlər haqqında danışaraq, "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda parlamentin xüsusi iclası da daxil olmaqla, ümumilikdə 18 tədbir keçirildiyini bildirib. Həmçinin, Milli Məclisdə Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyinə həsr edilən və 20-dək ölkənin parlament nümayəndə heyətləri, o cümlədən 8 ölkənin parlament sədrləri və sədr müavinləri, eləcə də 7 beynəlxalq təşkilatın təmsilçiləri, ümumən isə 100-dən çox iştirakçının qatıldığı beynəlxalq parlament konfransının keçirildiyi xatırlanıb.
Bundan başqa, "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilən ən mühüm tədbirlərdən biri də oktyabr ayında Milli Məclisin iclasında "Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi" yubiley medalının təsis edilməsi olub. Bu barədə qanun Prezidentin müvafiq sərəncamı ilə təsdiq edilmiş Tədbirlər planına uyğun olaraq qəbul edilib. İl çərçivəsində həmçinin müxtəlif konfranslar, görüşlər də təşkil olunub.