Paşinyan reytinq itirir-"Real Ermənistan" konsepsiyası xilas planına çevrilib- ÖZƏL

""Böyük Ermənistan" konsepsiyasının müəllifi 17 əsrdə yaşamış ruhani ata Fleryedir və bu konsepsiya ilk olaraq Avropa monarxları tərəfindən Osmanlı imperiyasını parçalamaq, onu İranla daimi müharibələr vəziyyətində saxlamaq məqsədilə işlənilmiş, Osmanlı nüfuzunun Yaxın və Orta Şərqdə, Qafqazlara da sarsıdılmasına xidmət edəcək bir geosiyasi layihəyə kimi düşünülmüşdü. Ermənilər bu proseslərdə katalizator rolunda çıxış etməli idilər. Rusiyanın 19 əsrdə apardığı müharibələrin nəticəsi olaraq Qafqaz onun nüfuz dairəsinə keçdikdən sonra Osmanlı və İrana qarşı, habelə Qərblə Yaxın Şərq uğrunda gedən mübarizədə erməni faktorundan yararlanmağı Moskva da qət etmişdir.
Paşinyan hazırkı geosiyasi reallıqlar konteksində korporativ maraqlarından çıxış edərək "Real Ermənistan" konsepsiyasını irəli sürüb və siyasi hakimiyyət uğrunda mübarizədə bu layihədən səmərəli şəkildə istifadə edir". 
Bu fikirləri politoloq Elşən Manafov Olaylar.az-a açıqlamasında söyləyib: 
"Unutmaq lazım deyil ki, "Qarabağ Ermənistandır" kimi avantürist və məsuliyyətsiz bəyənatın müəllifi məhz Paşinyan olmuşdur, bu çağırış əslində Dağlıq Qarabağ ətrafında gedən danışıqları dalana dirəməklə hərbi əməliyyatları qaçılmaz etmişdir. Sorosun maliyyə dəstəyi ilə Ermənistanda "məxməri inqilabı" həyata keçirən Paşinyan Ermənistanı məqsədəyönümlu şəkildə Azərbaycanla müharibəyə sürükləyərək qlobalist dairələrin bölgədə geosiyasi durumu onların xeyrinə və Rusiyanın zərərinə dəyişməklə bağlı sifarişini yerinə yetirmiş, məğlubiyyətin səbəbini isə Moskvanın üzərinə yükləməklə Ermənistanda antirusiya ovqatı yaratmaq və beləliklə bölgədə nüfuz dairəsi uğrunda gedən mübarizədə qlobalistlərin maraqlarına cavab verəcək şəraitin formalaşmasına nail olmaq istəmişdir. Lakin, ABŞ-da prezident seçkilərində qlobalistlərin məğlubiyyətindən sonra o geosiyasi güc mərkəzləri arasında manevr etmək vəziyyətində qalıb. Paşinyanın reytinqi əvvəlki dövrlərlə müqayisədə xeyli aşağı düşüb, hardasa 16% civarındadır, buna görə də, o "Real Ermənistan" konsepsiyasından iki əlli yapışıb, bunu onun opponentləri, o cümlədən "Çiçəklənən Ermənistan" partiyasından olan keçmiş deputat, siyasi şərhçi Aram Abovyan da yaxşı bilirlər. Onlar Paşinyanı Ermənistan ətrafında təhlükəsizlik arxitekturasının dağıdılmasında qınayır, seçiciləri ona səs verməməyə çağırırlar.
Azərbaycanla münasibətlərin nizama salınması və nəhayət ki, normallaşdırılması perspektivləri baxımdan Paşinyan əlbəttə ki, bizim dövlət maraqlarımıza cavab verən siyasətçidir, lakin Ermənistanda ona olan etimadın kifayət qədər aşağı düşdüyü şəraitdə münasibətlərimizi referendumun doğura biləcəyi ehtimallar üzərində qurmaq mövqeyində də deyilik. Ermənistanla sülhün imzalanmasında maraqlı olan dövlətimizin kommunikasiya yollarının açılması, dəmir yolu xətti ilə Ermənistana taxıl və yanacağın yola salınması kimi xoşməramlı addımlarımızdan sonra Ermənistanın siyasi kluarlarında bizə düşmən ölkənin nefti lazım deyil, onun büdcəsinə xeyir verməməliyik kimi çağırışlara görə (Azərbaycan nəzərdə tutulur), mətbuat və cəmiyyətdə səsləndirilən fikirlərə görə dolayı yolla olsa belə Paşinyan və ətrafı məsuliyyət daşıyır. Onun MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə Rusiya prezidenti Putinə nəqliyyat blokadasının aradan qaldırılması ilə bağlı bəlağətli açıqlamaları da göstərir ki, bu adam kifayət qədər sürüşkən siyasətçidir və ona bel bağlamaq realist siyasətin tələbləri baxımından özünü doğrultmaya da bilər". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31