Azərbaycanın qalib ölkə kimi tanınması idmançılarımızın məsuliyyətini daha da artırıb- ÖZƏL
15:38 Siyasət"Azərbaycan idmançılarının beynəlxalq arenalarda üçrəngli Dövlət Bayrağımızı ucaltdıqları anlar hər bir vətəndaş üçün sonsuz qürur mənbəyidir. Son beş ildə Azərbaycanın qalib ölkə kimi tanınması, xüsusilə Vətən müharibəsində əldə olunan tarixi Qələbə idmançılarımızın məsuliyyətini daha da artırıb. Onlar artıq müzəffər xalqın nümayəndələri kimi yarışlara çıxır, bu amil isə onların çıxışlarına əlavə ruh və güc verir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib: "2025-ci ilin əsas idman hadisələrindən biri MDB ölkələrinin üçüncü Oyunlarının Azərbaycanda keçirilməsi oldu. Bu mötəbər yarışların bir neçə şəhərdə, o cümlədən Gəncə və Xankəndidə təşkili ölkəmizin yüksək təşkilatçılıq qabiliyyətini, regionlarda yaradılmış müasir infrastrukturun səviyyəsini nümayiş etdirdi. Minlərlə xarici qonağın iştirak etdiyi bu tədbir Azərbaycanın qonaqpərvərliyini, bölgələrinin gözəlliyini və potensialını dünyaya tanıtdı. Komanda hesabında ikinci yerə layiq görülməyimiz idmançılarımızın peşəkarlıq səviyyəsinin və hazırlığının göstəricisi oldu.
Bakıda ilk dəfə UFC turnirinin keçirilməsi Azərbaycanın artıq ən nüfuzlu və populyar idman platformalarında da möhkəm yer tutduğunu göstərdi. Dünya mediasının diqqət mərkəzində olan bu yarış ölkəmizin beynəlxalq imicinin möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, Formula 1 yarışlarının illərdir uğurla təşkili Azərbaycanın qlobal idman xəritəsində mövqeyini daha da gücləndirib. İlk Formula 1 yarışından sonra turist sayının 20 faiz artması idmanın iqtisadi və turizm baxımından da strateji əhəmiyyətini aydın şəkildə ortaya qoyur".