"Rus Evi" bağlandı, nöqtə qoyuldu: Azərbaycan suveren qərar verir, Moskva isə ictimai rəyə təsir göstərməyə çalışır- ÖZƏL
15:37 SiyasətXarici işlər naziri Ceyhun Bayramov dekabrın 26-da keçirilən mətbuat konfransında Bakıda "Rus Evi"nin bağlanması məsələsindən danışıb. Nazirin sözlərinə görə, məsələyə dair Moskva nümayəndələri ilə sonuncu təmas bir neçə həftə öncə olub. Ceyhun Bayramov ləğvetmə prosesinin tam başa çatdığını və "Rus Evi" ilə bağlı yarımçıq heç bir məsələnin qalmadığını vurğulayıb. Maraqlıdır ki, Rusiya KİV-də zaman-zaman Bakıda sözügedən mərkəzin yenidən açılacağına dair məlumatlar yayılır.
Ceyhun Bayramov prosesin tam başa çatdığını bəyan etsə də, Rusiya mediası mərkəzin yenidən açılacağını iddia edir. Moskvadan gələn bu əsassız mesajların əsas məqsədi nədir? Bu hadisə Rusiya-Azərbaycan münasibətlərində yeni bir soyuqluq mərhələsindən xəbər verir, yoxsa?

Mövzu ilə bağlı siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlama verib:
" "Rus Evi"nin bağlanmasının səbəbləri ilə bağlı Azərbaycan tərəfi rəsmi mövqeyini açıqlayıb. Xarici işlər naziri Ceyhun Bayramov da mətbuat konfransında bu məsələyə dair kifayət qədər aydın və konkret izahat verib. Rəsmi Bakının mövqeyinə görə, məsələ Rusiya tərəfi ilə aparılan müzakirələr nəticəsində artıq bağlanıb və Azərbaycan üçün bu mövzunun yenidən gündəmə gətirilməsi məqsədəuyğun hesab olunmur.
Gələcəkdə vəziyyətin dəyişməsi yalnız yeni siyasi razılaşmalar və müzakirələr kontekstində mümkün ola bilər. Hazırkı mərhələdə isə "Rus Evi"nin yenidən açılması ilə bağlı hər hansı hüquqi və ya siyasi əsas yoxdur.
Rusiya mediasında bu istiqamətdə yayılan məlumatlar dövlətin rəsmi mövqeyindən daha çox Rusiyanın maraqlarını müdafiə edən ayrı-ayrı media subyektlərinin yanaşmasını əks etdirir. Bu xəbərlər, sadəcə, informasiya xarakteri daşımır, eyni zamanda, ictimai rəyə təsir göstərmək məqsədi güdür. Əsas hədəf Azərbaycan ictimaiyyətində çaşqınlıq yaratmaq və ölkəyə siyasi təzyiq göstərməkdir. Bu isə Rusiyanın və onunla bağlı media kanallarının Azərbaycana qarşı zaman-zaman istifadə etdiyi üsullardan biridir.
Eyni zamanda, bu addımlar Azərbaycanın reaksiyasını ölçmək, rəsmi Bakının mövqeyində hər hansı dəyişiklik olub-olmadığını yoxlamaq məqsədi də daşıya bilər.
Bütün bunlar Rusiya-Azərbaycan münasibətlərində soyuqluqdan daha çox, Cənubi Qafqazda formalaşmış yeni regional reallıqların təzahürüdür.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan regionda yaratdığı siyasi və hüquqi reallıqlar fonunda suveren qərarlar qəbul edir. Ölkə öz ünvanına yönələn təhdid və ya mənfi ritorikanı cavabsız qoymur, lazım gəldikdə sərt və açıq mövqe nümayiş etdirir.
"Rus Evi"nin bağlanması da bu baxımdan ölçülüb-biçilmiş, planlaşdırılmış və suverenlik prinsiplərinə əsaslanan daxili qərardır. Azərbaycan bu addımla göstərir ki, öz ərazisində fəaliyyət göstərən mədəni-humanitar strukturlar tam şəkildə dövlət nəzarəti altındadır və bu məsələ ölkə üçün prinsipial xarakter daşıyır.
Eyni zamanda, qeyd edilməlidir ki, bu qərar Rusiya ilə münasibətlərin qopması və ya kəskinləşməsi anlamına gəlmir. Söhbət ikitərəfli münasibətlərdən deyil, Azərbaycanın daxili hüquqi və suverenlik çərçivəsində verdiyi qərardan gedir".
Zeynəb Mustafazadə