Zəngəzur dəhlizində Rusiya faktoru: “Mane ola bilmir, amma razı da deyil” – ŞƏRH – ÖZƏL
15:32 Siyasət"Rusiya Cənubi Qafqazda mövcudluğunu qoruyub saxlamağa çalışır və bu xətt üzrə fəaliyyətini davam etdirir. Bütün əsas və strateji məsələlərə baxdıqda, Rusiyanın bu proseslərdə öz maraqlarını hələ də ön planda saxladığı aydın görünür".
_(1).jpg)
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, əslində Ermənistan və Azərbaycan arasında əsas problemlər artıq həll olunub, bölgədə genişmiqyaslı münaqişə riski qalmayıb. Bu şəraitdə öz maraqlarının tam təmin olunmadığını düşünən əsas dövlət Rusiyadır. Zəngəzur dəhlizi ilə bağlı məsələ də bu kontekstdə diqqət çəkir. Rusiya açıq şəkildə etiraz etməsə də, bu prosesdən narazı olduğu hiss olunur. Moskva açıq "yox" deməyə, məsələni sərt şəkildə gündəmə gətirməyə və ya ABŞ prezidenti Donald Trampla birbaşa qarşıdurmaya getməyə meyilli deyil. Lakin paralel şəkildə, pərdəarxası üsullarla narazılığını və etirazını müxtəlif formalarda ifadə edir.
Ekspert qeyd edib ki, bu narazılıq Rusiya səfirinin açıqlamalarında da öz əksini tapıb. O, 2020-2022-ci illərdə imzalanmış üçtərəfli razılaşmaları xatırladaraq, Zəngəzur dəhlizinə məhz bu razılaşmalar çərçivəsində Rusiyanın nəzarət etməli olduğunu vurğulamağa çalışıb. Hazırda isə Rusiya bu prosesdən kənarda qalıb. Rusiyanın kənarda qalması və alternativ nəqliyyat marşrutlarının açılması Moskvanı qane etmir. Buna görə də Rusiya tərəfi müxtəlif yollarla narazılığını ifadə edir və prosesə müəyyən təsir mexanizmləri axtarır. Hələlik bu narazılıq daha çox söz və mesajlar səviyyəsində ifadə olunur.
Bəzi ekspertlərin fikrincə, Rusiya gələcəkdə bu yolun açılmasına birbaşa və ya dolayı yolla əngəl törətməyə cəhd göstərə bilər. Alternativ olaraq isə elə bir mexanizm tapmağa çalışa bilər ki, Rusiya da bu prosesdə iştirakçı olsun və öz maraqlarını təmin etsin, yəni kommunikasiyalardan müəyyən iqtisadi və siyasi pay alsın.
Ə. Mustafa əlavə edib ki, bu baxımdan son vaxtlar Ermənistan ərazisindəki dəmir yollarının Rusiyanın mülkiyyətində olması məsələsinin yenidən gündəmə gətirilməsi də təsadüfi deyil. Rusiya açıq şəkildə deməsə də, mesaj belədir: əgər birbaşa nəzarət imkanı verilmirsə, heç olmasa dəmir yolu infrastrukturu üzərindən müəyyən gəlir və təsir mexanizmi təmin olunsun.
"Bütün bunları ümumiləşdirsək, demək olar ki, Rusiya hazırda regionda gedən proseslərə tam mane ola bilmir. Lakin bu, Rusiyanın gələcəkdə hər hansı fürsət və imkan yaranacağı təqdirdə proseslərə müdaxilə etməyəcəyi anlamına da gəlmir.
Bu məsələ zamanla formalaşacaq prosesdir və Rusiya da məhz bu zaman faktorundan istifadə edərək, regional kommunikasiya xətlərində öz payını qorumaq və mövqeyini saxlamaq niyyətini bu cür yollarla ifadə edir," - deyə ekspert vurğulayıb.
Lamiyə Cəbrayılova