Zəfər adı xalqımıza çox yaraşır - ÖZƏL
14:29 Siyasət"Prezident İlham Əliyevin iştirakı ilə 2022-ci ilin aprelində Dünya Azərbaycanlılarının V Qurultayının, Zəfər Qurultayının cənnət Qarabağın döyünən qəlbi, mədəniyyətimizin paytaxtı və tarixi Qələbəmizin rəmzi azad Şuşa şəhərində keçirilməsi hər bir azərbaycanlıda böyük qürur hissi yaratdı. Bu gün dünya azərbaycanlılarının birliyindən, həmrəyliyindən bəhs edərkən bu əlamətdar hadisəni xüsusi qeyd edirik". "Olaylar" xəbər verir ki, bunu YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov deyib: "Tarixi Zəfərimizdən sonra dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın Şuşada bir araya gəlməsi özündə mühüm çağırışları ehtiva etdi. Bu Qurultayın Zəfər Qurultayı adlandırılması, bizim üçün deyil, həmçinin dünyanın müxtəlif ölkələrində yaşayan bütün azərbaycanlılar üçün mühüm əhəmiyyət kəsb edir. Dünya azərbaycanlıları Şuşada bir araya gələrək, diaspor tariximizdə bir ilkə imza atdılar. Cənab İlham Əliyev dünyanın 65 ölkəsindən Şuşaya toplanmış 400-dək nümayəndənin iştirak etdiyi həmin Qurultayda "Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır... Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, böyük xoşbəxtlikdir - hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün. Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarşısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər" söylədi. Bu fikirlər bütün dünya azərbaycanlılarına öz döğma torpaqlarında, Qalib Vətənində olmağın qürurunu, sevincini yaşatdı".