Həmrəyliyi Günü xalqın zəngin tarixi yaddaşının təntənəsidir- ÖZƏL
11:50 Siyasət"31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqın zəngin tarixi yaddaşının və milli həmrəyliyinin təntənəsidir. Bu əlamətdar gün əsrlər boyu müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların mənəvi bağlılığını, milli şüurun gücünü və gələcəyə yönəlmiş iradəsini ifadə edən mühüm ictimai-siyasi hadisə kimi dəyərləndirilir. Həmrəylik anlayışı həmin kontekstdə ortaq dəyərlər ətrafında birləşmək kimi fundamental məqamları özündə ehtiva edir. Məhz bu dəyərlərin sistemli şəkildə formalaşdırılması və qorunması müstəqillik dövründə həyata keçirilən məqsədyönlü dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Bədəl Bədəlov deyib: "Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyev milli həmrəyliyin tarixi və ideoloji əsaslarını düzgün qiymətləndirərək bu anlayışı dövlətçilik fəlsəfəsinin ayrılmaz tərkib hissəsi kimi müəyyənləşdirmişdir. Ulu Öndərin uzaqgörən siyasi baxışları milli birliyin uzunmüddətli strateji yanaşma tələb edən dövlət siyasəti olduğunu ortaya qoymuşdur. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında qəbul olunan qərarla 31 dekabr tarixi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilmişdir. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul edilməsi üçün Azərbaycan Respublikasının Ali Sovetinə müraciət etmişdir. Dekabrın 25-də Ali Sovetin Milli Şurası tərəfindən qəbul olunan qərara əsasən, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun təsdiqlənmiş və bütün azərbaycanlılar rəsmən həmin günü bayram kimi qeyd edir. Qısa müddət ərzində sözügedən təşəbbüs ümumxalq məzmunu qazanaraq bütün dünyada yaşayan soydaşlarımız üçün ortaq mənəvi platformaya çevrilmiş və milli ideyanın ifadəsi kimi formalaşmışdır.
Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlıları ilə əlaqələrin möhkəmləndirilməsini daim diqqət mərkəzində saxlamışdır. Diasporun təşkilatlanması Ümummilli Liderin siyasi kursunda strateji vəzifə kimi dəyərləndirilmiş, bu sahədə ardıcıl və məqsədyönlü addımlar atılmışdır. Xarici səfərləri zamanı soydaşlarımızla keçirdiyi görüşlər, onların problemləri ilə yaxından maraqlanması və verdiyi tövsiyələr milli kimliyə bağlılığın ideoloji dayaqlarını daha da möhkəmləndirmişdir. Heydər Əliyevin milli qüruru ifadə edən fikirləri bu gün də xalqımız üçün mənəvi istinad nöqtəsi olaraq qalır".