“Qarşıda bizi yeni qələbələr gözləyir”-Deputat
11:32 Siyasət"2025-ci il Azərbaycan xalqı üçün bir çox mühüm hadisələrlə yadda qaldı. Cənab Prezidentin həyata keçirdiyi siyasət nəticəsində qələbəmiz daha da möhkəmləndi, Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri daha da sürətləndi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib. Deputat qeyd edib ki, ötən ilin ən mühüm hadisələrindən biri də 8 avqust tarixində ABŞ Prezidenti Donald Tramp, Prezident İlham Əliyev və Ermənistanın Baş naziri arasında görüşün keçirilməsi və sülh müqaviləsinin paraflanmasıdır: "Bu bir daha onu göstərir ki, ötən il ölkəmiz üçün bir çox baxımdan uğurlu olmuşdur.
Bu gün Azərbaycan-Ermənistan münasibətləri artıq yeni mərhələyə qədəm qoyub. Hər iki tərəf münasibətlərin normallaşması üçün səylərini səfərbər ediblər. Artıq iki ölkə rəsmiləri arasında təmaslar daha da artıb, artıq Azərbaycan nefti Ermənistana ixrac olunur.
Bu gün çox sevindiricidir ki, Azərbaycan Türkiyə münasibətləri də özünün yeni, sürətli inkişaf dövrünü yaşayır. Ölkə liderlərinin sıx təmasları, qarşılıqlı səfərlər, imzalanan sənədlər, təsdiqlənən qərarlar bunu bir daha təsdiq edir.
Bu il ölkəmizlə Mərkəzi Asıya respublikaları arasında əlaqə və təmasların artması baxımından da uğurlu olub. Cənab Prezidentin ötən il Orta Asiya Respublikalarına davamlı səfərləri, türk dövlətlərinin liderlərinin Azərbaycanı ziyarəti bu baxımdan xüsusi əhəmiyyət daşıyır".
Deputat bildirib ki, ötən il Azərbaycanla ərəb ölkələri arasında əlaqə və münasibətlərin inkişafı baxımından da önəmli olmuşdur: "Müsəlman dünyasının bir parçası olaraq Azərbaycan ərəb dünyasi ilə də əlaqələrin inkişafına xüsusi önəm verir. Son illər bir sıra ərəb ölkələrinin ölkəmizə sərmayə qoyuluşunu artırması bunu bir daha təsdiq edir. Potensial isə daha böyükdür.
2025-ci il ölkəmizin Avropa ölkələri ilə əlaqələrinin inkişafı baxımından da əlamətdar olmuşdur. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artması qürurvericidir. Sonda qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində 2025-ci ildə də Azərbaycanın regionda və dünyada nüfuzu daha da artıb. Qarşıda isə bizi yeni qələbələr gözləyir".