Millətin ən böyük silahı onun birliyi və sarsılmaz həmrəyliyidir- ÖZƏL

"Tarix sübut etmişdir ki, bir millətin ən böyük silahı onun birliyi və sarsılmaz həmrəyliyidir. Azərbaycan xalqı üçün "həmrəylik" anlayışı illər keçdikcə sadəcə bir termin olmaqdan çıxıb, milli kimliyimizin və dövlətçilik tariximizin onurğa sütununa çevrilmişdir. Bu gün biz zəfərlərimizdən qürurla bəhs ediriksə, bunun təməlində məhz milyonlarla ürəyin eyni amal uğrunda döyünməsi dayanır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Milli Məclisin deputatı Anar Məmmədov deyib: "31 dekabr tarixi təqvimlərimizdə xüsusi yer tutur. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın müxtəlif nöqtələrində yaşayan soydaşlarımızı ortaq bir amal ətrafında birləşdirdi. Bu həmrəylik bizə mənəvi körpülər qurmağı, sərhədləri aşan bir sevgi ilə Vətənə bağlı olmağı öyrətdi.

Dahi şəxsiyyət 1993-cü ildə xalqın təkidli tələbi ilə ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra milli birliyi təmin etməklə yanaşı, Azərbaycan diasporunun və lobbisinin formalaşdırılması istiqamətində də ardıcıl, məqsədyönlü siyasət yürütdü. Dünyanın müxtəlif dövlətlərində yaşayan azərbaycanlıların mütəşəkkil diaspor halında formalaşması və güclənməsi, onların məskunlaşdığı ölkələrdə siyasi, iqtisadi fəaliyyətini genişləndirməsi bu siyasətin prioritet istiqamətlərini təşkil etdi. Dünya azərbaycanlılarının müstəqil dövlət, vahid məqsəd ətrafında sıx birləşdirilməsi ideyasının müəllifi olmuş Ümummilli Liderimiz xarici ölkələrə çoxsaylı səfərlərində diasporumuzun nümayəndələri ilə görüşlər keçirib, onların problem və qayğıları ilə yaxından maraqlandı. Ulu Öndər Heydər Əliyevin tükənməz səyləri nəticəsində azərbaycançılıq milli ideologiyamıza çevrildi, cəmiyyətimizdə həmrəyliyə nail olundu, dünya azərbaycanlıları vahid ideya ətrafında birləşdilər. Dahi rəhbər hər zaman məhz milli birlik sayəsində xalqımızın Qarabağ kimi ağır problemdən qurtuluşunun mümkünlüyünü də xüsusi vurğulayırdı. 2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının I Qurultayında Prezident Heydər Əliyev nitqini, "Qoy çaylarımız qurumasın! Qoy ağaclarımız kəsilməsin! Qoy çırağımız sönməsin!", - deyə xoş arzularla bitirərək, eyni zamanda dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin respublikamızla əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin təmin olunmasının vacibliyinə diqqət çəkmişdi. Dahi şəxsiyyət xalqımızın, dövlətimizin xoş gələcəyinin milli həmrəyliyimiz, azərbaycançılıq ideyası ətrafında birləşməyimiz sayəsində mümkün olacağına işarə vuraraq bu birliyə nail olmağa çağırış etmişdi. Həmin qurultayda Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması, xüsusilə də Ermənistanın təcavüzkarlıq siyasətinin ifşası, bədnam erməni lobbisinə qarşı sistemli və ardıcıl əks-hücumun təşkili məsələləri başlıca vəzifə olaraq qarşıya qoyulmuşdu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31