Tammiqyaslı müharibə ritorikası: İranın mesajı real eskalasiyaya səbəb ola bilərmi?- ÖZƏL

İran prezidenti Məsud Pezeşkian bildirib ki, İran hazırda ABŞ, İsrail və Avropa ilə faktiki olaraq tammiqyaslı müharibə şəraitindədir. Onun sözlərinə görə, Qərb və İsrail İranın güclənməsini istəmir, lakin ölkənin hərbi potensialı əvvəlkindən xeyli artıb və Tehrana qarşı hər hansı zərbə olarsa, daha sərt cavab veriləcək.
İran rəhbərliyinin "tammiqyaslı müharibə şəraiti" ilə bağlı açıqlaması regiondakı geosiyasi balansı necə dəyişə bilər? İranın sərt cavab verməyə hazır olduğunu bəyan etməsi bölgədə mümkün hərbi eskalasiya riskini nə dərəcədə artırır və bu, qonşu ölkələr üçün hansı təhlükəsizlik çağırışları yarada bilər?
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib: 
" Pezeşkianın tam miqyaslı müharibə şəraiti ilə bağlı açıqlaması indiki vəziyyətdə hər hansı dəyişiklik yaradacaq bir amil deyil. Çünki münasibətlərdə artıq kifayət qədər ciddi uçurumlar mövcuddur. Yəni diplomatik baxımdan və açıqlamalar fonunda bundan daha artıq dalana dirənmiş bir vəziyyətdən danışmaq mümkün deyil.
Bundan sonra bölgədə yalnız qarşıdurmaların yaşanması ehtimalı var, lakin indiki şəraitdə inanmıram ki, nə İran, nə də onun düşmən hesab etdiyi ölkələrdən hər hansı biri ilk gülləni atan tərəf olmaq istəsin. Çünki dünyanın müxtəlif nöqtələrində kifayət qədər ciddi problemlər var və bu problemlər bir-biri ilə müəyyən mənada bağlıdır. İran və onun düşmən hesab etdiyi ölkələr də həmin problemlərə ya birbaşa, ya da dolayı yolla daxil olublar. Ona görə də əlavə problem, əlavə hərbi təzyiq və ya əlavə hərbi gərginlik riskləri hazırki şəraitdə heç bir tərəf üçün arzuolunan deyil.
İkinci suala gəldikdə isə, İranın bu açıqlaması sadəcə bir növ təhdid xarakteri daşıyır. Təbii ki, İran olmasın, başqa bir dövlət olsun - əgər bir dövlət başqa bir dövlətə hücum edəcəksə, həmin dövlət, hücum edən tərəf ondan güclü də olsa, zəif də olsa, buna qarşı cavab tədbirləri görəcək. Bu, dəyişməyən bir reallıqdır. İran prezidentinin bunu ayrıca vurğulamasına da ehtiyac yoxdur.
Hər kəs bilir ki, istər ABŞ, istər başqa bir dövlət, istərsə də İrandan zəif və ya güclü hər hansı bir ölkə İrana hücum edərsə, İran buna cavab verəcək. Eyni qaydada başqa bir ölkə də belə bir vəziyyətlə üzləşərsə, özünü və maraqlarını qorumaq üçün cavab vermək məcburiyyətində qalacaq. Buna görə də düşünürəm ki, bu açıqlama hər hansı bir hərbi eskalasiya riski yaratmır və ciddi problemə səbəb olacaq məzmun daşımır. Regiondakı vəziyyət onsuz da hər kəsə məlumdur.
Bu tip açıqlamaları vaxtaşırı həm İran, həm də onun düşmən hesab etdiyi ölkələr səsləndirir. Region üçün eskalasiya riski isə yalnız o zaman aktuallaşacaq ki, tərəflərdən biri digərinə real zərbə endirsin və qarşıdurma artıq siyasi ritorika səviyyəsində deyil, hərbi meydanda başlasın". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31