Cənubi Qafqazda yeni dəhliz savaşı: Ermənistan Moskvanı oyundan kənarlaşdırır? – ÖZƏL

"Hazırda TRIPP marşrutu layihəsi ətrafında kifayət qədər mürəkkəb və qəliz vəziyyət formalaşıb. ABŞ ilə Ermənistan arasında bu marşrutun icrası ilə bağlı hüquqi sənədlər hazırlanır və yaxın vaxtlarda onların imzalanacağı gözlənilir. Lakin paralel olaraq Rusiya bu marşrutun yalnız ABŞ-nin iştirakı ilə açılmasına etiraz edir və nəyin bahasına olursa-olsun layihədə iştirak etməyə çalışır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, Rusiyanın Ermənistan üzərində təzyiq göstərmək üçün müəyyən mexanizmləri mövcuddur. Xüsusilə Ermənistan dəmir yollarının Rusiyanın nəzarətində və istismarında olması rəsmi İrəvan üçün ciddi problemlər yaradır. Məhz bu səbəbdən Paşinyan hakimiyyəti hazırda məsələ ətrafında müxtəlif siyasi və iqtisadi manevrlərə əl atır. Layihənin reallaşdırılması ilə bağlı irəli sürülən təşəbbüslər də bu manevrlərin tərkib hissəsidir. Rəsmi İrəvan marşrut xəttinin bərpası ilə bağlı xərcləri Rusiyanın üzərinə yükləməyə çalışır. Burada ikiqat məqsəd güdülür: əgər Rusiya bu xərcləri öz üzərinə götürərək dəmir yolu və ya avtomobil yolunun bərpasını təkbaşına həyata keçirməzsə, o zaman Moskvanın bu layihədə iştirak imkanlarının məhdud olduğu daha açıq şəkildə gündəmə gətiriləcək. Eyni zamanda Ermənistan tərəfi onu da nəzərə alır ki, Rusiyanın təzyiqləri qarşısında davam gətirmək mümkün olmazsa, heç olmasa dəmir yolunun bərpası ilə bağlı maliyyə yükü Rusiya tərəfindən qarşılansın və Ermənistan büdcəsindən əlavə vəsait ayrılmasın.

Ekspert əlavə edib ki, bu kontekstdə Rusiyaya ünvanlanan müraciətdə qeyd olunur ki, əgər Moskva bu işləri üzərinə götürməzsə, Ermənistan dəmir yolunun bərpasını öz büdcəsi hesabına həyata keçirməyə hazırdır. Rəsmi bəyanatlar da məhz bu məntiq üzərində qurulub. 
İrəvan anlayır ki, mövqelərini formalaşdırmaq və gücləndirmək üçün TRIPP marşrutu mühüm mexanizmdir və bu istiqamətdə irəliləməyə çalışır. Lakin Cənubi Qafqazda ciddi geosiyasi maraqları olan və regiondan çıxmaq istəməyən Rusiya nəyin bahasına olursa-olsun bu layihədə iştirakını təmin etməyə cəhd göstərir. Mövcud müşahidələr isə onu göstərir ki, Rusiya ilkin mərhələdə layihəyə nə maliyyə, nə də real resurs sərf etmək niyyətində deyil. Bu səbəbdən böyük ehtimalla baş nazir Nikol Paşinyanın seçdiyi bu taktiki manevr həm Rusiya, həm də İran üçün müəyyən çətinliklər yarada bilər. 

"Ümumilikdə isə layihə ilə bağlı real vəziyyətin gələn ilin yay aylarında daha aydın şəkildə ortaya çıxacağı gözlənilir. Çünki ABŞ və Ermənistan arasında hüquqi sənədlərin imzalanması yaxın aylarda başa çatacaq və rəsmi İrəvanın açıqlamalarına görə, yay aylarında marşrut üzrə praktiki işlərə başlanılacaq. Əgər bu müddət ərzində Ermənistan tərəfi Kremlin təzyiqlərinə tab gətirə və Rusiyanın layihəyə qoşulmaq cəhdlərindən yayına bilərsə, ABŞ-Ermənistan sənədlərinin imzalanmasından və icra mərhələsinin başlanmasından sonra Rusiyanın bu layihəyə real şəkildə müdaxilə imkanları xeyli zəifləyəcək. Beləliklə, təxminən 5-6 ay ərzində, yay aylarınadək TRIPP marşrutu ətrafında formalaşan ümumi mənzərə böyük ölçüdə aydınlaşmış olacaq," - deyə sonda E. Xalidbəyli vurğulayıb.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31