Bakı və İrəvan arasında yeni mərhələ: Qarşılıqlı etimadın iqtisadi yolu – ÖZƏL
14:47 Siyasət"Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması istiqamətində sülh müqaviləsinin imzalanması ilə paralel olaraq bu gün həyata keçirilən addımlar təqdirəlayiqdir və bunlar qarşılıqlı etimadın qurulmasına, eləcə də davamlı sülhün əldə olunmasına müsbət töhfə kimi dəyərləndirilməlidir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, xüsusilə baş nazir müavinləri səviyyəsində delimitasiya, demarkasiya və demokratik institutlarla bağlı işçi qruplarının mütəmadi görüşlərinin keçirilməsi vacibdir.
Azərbaycan tərəfindən Ermənistan istiqamətində tranzit yüklərin daşınmasına icazə verilməsi, ardınca isə Azərbaycan neftinin Ermənistana satılması ilə bağlı qəbul edilən qərarlar qeyd etdiyim kimi, sülh prosesinin irəliləməsi və qarşılıqlı etimadın formalaşması baxımından mühüm faktorlardır. Bu prosesdə hər iki ölkənin vətəndaş cəmiyyətləri arasında əməkdaşlıq və qarşılıqlı təmasların da xüsusi əhəmiyyət daşıdığını vurğulamaq lazımdır. Bununla yanaşı, hazırkı mərhələdə Ermənistan məhsullarının Azərbaycanın xüsusilə qida sənayesi bazarında geniş alıcı kütləsi qazanacağını düşünmək real deyil. Burada müəyyən təhlükəsizlik riskləri də istisna olunmur. Eyni zamanda, Azərbaycan qida sənayesi məhsullarının Ermənistan bazarına birbaşa və geniş şəkildə çıxışı da bu gün üçün tam real görünmür. Məhsulların hər iki ölkənin bazarına daxil olması avtomatik olaraq onların istehlakçılar tərəfindən kütləvi şəkildə qəbul ediləcəyi anlamına gəlmir. Biznes mühitində əsas meyar mənfəətdir və əgər gəlir perspektivi yoxdursa, biznes subyektləri bu proseslərdə maraqlı tərəf olmaya bilər. Çünki bu, onların zərərə uğramasına, hətta iflasa gətirib çıxara bilər.
Ekspert əlavə edib ki, buna baxmayaraq, qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi, xüsusilə ticarət əlaqələrinin bərpası baxımından ilk növbədə icmalararası əlaqələrin formalaşması böyük əhəmiyyət kəsb edir. Bunun üçün isə zaman əsas amillərdən biridir. Müəyyən müddət keçməli, qarşılıqlı etimad mühiti formalaşmalıdır.
"Bu mərhələdə Ermənistan tərəfinin Azərbaycan bazarına çıxara biləcəyi daha real məhsullar əsasən sənaye təyinatlı mallar ola bilər. Digər mühüm məsələ isə Naxçıvan istiqamətində "Azərbaycandan Azərbaycana" prinsipi əsasında Azərbaycan vətəndaşlarının və onlara məxsus yüklərin daşınmasına icazə verilməsi, eyni zamanda təhlükəsiz keçid mexanizminin yaradılmasıdır. Bu addım Ermənistanın Azərbaycanla başlanan və hazırda uğurla davam edən sülh prosesinə verə biləcəyi ən böyük töhfələrdən biri ola bilər. Bunun müqabilində isə Azərbaycan tərəfi Ermənistana daha çox yanacaq və enerji təyinatlı məhsulların ixracını genişləndirə, bu yolla Ermənistanın daxili tələbatının müəyyən hissəsinin ödənilməsinə dəstək göstərə bilər," - deyə siyasi şərhçi vurğulayıb.
Lamiyə Cəbrayılova