TRIPP layihəsi Cənubi Qafqazda regional inteqrasiyanın simvoluna çevrilir- ÖZƏL

Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan bildirib ki, Azərbaycandan Naxçıvana qədər uzanan və Ermənistan ərazisindən keçməsi nəzərdə tutulan TRIPP nəqliyyat dəhlizi layihəsi Rusiya və İran üçün də yeni iqtisadi imkanlar yaradacaq. Onun sözlərinə görə, İran artıq narahatlıqlardan daha çox fayda görür, Rusiya isə layihədə iştirak etməyə hazır olduğunu açıqlayıb. 
TRIPP layihəsinin reallaşması regionda güc balansına necə təsir göstərə bilər, bu, Azərbaycan-Ermənistan münasibətlərində yeni əməkdaşlıq mərhələsi yarada, yoxsa rəqabəti dərinləşdirə bilər? Layihədə Rusiya və İranın maraqlı tərəf kimi iştirakı Qərbin regional təsirini zəiflədə bilərmi, yoxsa əksinə, çoxqütblü əməkdaşlıq formatını gücləndirər?
Mövzu ilə bağlı politoloq Tural İsmayılov Olaylar.az-a açıqlama verib: 
" Ararat Mirzoyanın TRIPP nəqliyyat dəhlizi ilə bağlı açıqlaması Cənubi Qafqazda siyasi ritorikanın yox, iqtisadi rasionalizmin önə keçdiyini göstərir. 2026-cı ilin ikinci yarısında praktiki icrası gözlənilən bu layihə regionda qarşıdurma yox, əlaqəlilik üzərindən qurulan yeni güc balansının formalaşdığını təsdiqləyir. Naxçıvanı Azərbaycanla Ermənistan ərazisi üzərindən birləşdirən marşrut nəqliyyat xətti olmaqdan daha çox, regionun geoiqtisadi xəritəsini yenidən cızan mexanizmdir.
TRIPP-in reallaşması Azərbaycan-Ermənistan münasibətlərində funksional əməkdaşlıq mərhələsini dərinləşdirə bilər. Burada tərəfləri bir araya gətirən faktor siyasi sentimentlər deyil, tranzit gəlirləri, logistik səmərəlilik və regional inteqrasiya maraqlarıdır. 2026 sonrası mərhələdə münasibətlərin mahiyyəti emosional gündəmlərdən çıxıb texniki koordinasiya və qarşılıqlı fayda müstəvisinə keçir. Bu da regionda sabitliyi ideoloji çağırışlarla yox, iqtisadi mexanizmlərlə möhkəmləndirir.
Rusiya və İranın layihədə maraqlı tərəf kimi iştirakı Qərbin rolunu sıfırlamır, lakin onu dəyişir. Region artıq tək mərkəzli təsir zonası deyil, çoxistiqamətli əməkdaşlıq platformasına çevrilir. Moskva üçün TRIPP cənub logistik xəttinin gücləndirilməsi, Tehran üçün isə Şimal-Qərb ticarət axınlarının genişlənməsi deməkdir. Qərb isə bu konfiqurasiyada kənar müşahidəçi yox, balanslaşdırıcı tərəf rolunda qalmağa çalışacaq.
2026 kontekstində TRIPP layihəsi bir reallığı təsdiqləyir: Cənubi Qafqazda güc artıq silahlanma ilə deyil, marşrutlara nəzarət, bağlantıların idarəsi və iqtisadi çəkilərlə ölçülür. Oyunun dili dəyişib və bu dilin adı nəqliyyatdır". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31