Bu müharibədə təcavüzkara güzəşt olmamalıdır- ÖZƏL

"Beynəlxalq hüquqa, bəşəri dəyərlərə etinasızlıq davam etdikcə   siyasi münasibətlər tragikomediya vəziyyətinə düşür. Florida ştatında  Volodimir Zelenski ilə ABŞ prezidenti arasında keçirilən görüş ən azından ekspertlər tərəfindən diqqətlə izlənilirdi. Həmin müzakirələrdən sonra Trampın  Rusiya prezidenti haqqında  "Vladimir Putin  Ukraynanın uğurunu istəyir, bunun üçün çox şey edir" açıqlaması acı gülüş doğurur.  Dünyanın bir nömrəli güc mərkəzinə, ABŞ-a rəhbərlik edən cənab Trampı anlamaq olmur". "Olaylar" xəbər verir ki, bunu siyasi ekspert Əkrəm Bydəmirli deyib: " Müasir dünyanın gözü qarşısında Ukraynada dinc insanlara qarşı törədilən qətlləri, şəhərlərin yer üzündən silinməsini, yaşayış evlərinin, xəstəxanaların, uşaq bağçalarının vurulmasını necə unutmaq olar?
Təbii ki, müharibənin öz qaydaları var. Amma hədəf dinc insanlar, yaşayış binaları, xəstəxanalar olmamalıdır. Bu qədər ağır cinayətlərdən sonra təcavüzə məruz qalanı deyil, təcavüz edəni bütün məqamlarda dəstəkləmək, görünür strateji ticari istəklərdən irəli gəlir. 
XII əsrdə  Şərqdə müəyyən mənada intibah dövrü olanda  Qərbdə quldarlıq prinsipləri hökm sürürdü. Bu gün qoca Avropa qitəsi yenədəmi əvvəlki dönəminə qayıtmaq istəyir. XXI əsrdə ticari yanaşmalarla müharibənin taleyini həll etmək mümkünsüzdür. 
Digər tərəfdən Rusiya-Ukrayna müharibəsində ədalətsiz yanaşma, rəsmi Moskvanın istəklərinə boyun əymək Şərqi Avropa ölkələri  ilə bərabər keçmiş sovet respublikaları üçün də ciddi təhlükələr vəd edir. Məhz ona görə, bu müharibədə təcavüzkara heç bir güzəşt olmamalı, bu gün unudulan beynəlxalq hüququn prinsipləri tətbiq olunaraq proses yekunlaşmalıdır. Yalnız  ədalətli sülhdən və yaxud uzunmüddətli atəşkəsdən sonra  ticari məqsədlərin reallaşması mümkün olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31