Fazil Mustafa: “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü yalnız bayram deyil, eyni zamanda milli məsuliyyət günüdür”

Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:

"31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın milli birliyini, tarixi yaddaşını və dövlətçilik iradəsini təcəssüm etdirən əlamətdar gündür. Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını ortaq dəyərlər, vahid milli kimlik və Vətən sevgisi ətrafında birləşdirir.

Bu tarixi gün xalqımızın azadlıq və birlik iradəsinin parlaq təzahürünə çevrilmişdir. 1989-cu ildə baş verən Sərhəd hərəkatı uzun illər süni maneələrlə ayrılmış azərbaycanlıların mənəvi birliyinin açıq ifadəsi olmuş, milli oyanış prosesində mühüm rol oynamışdır. Həmin hadisələr sonradan ümummilli həmrəylik ideyasının dövlətçilik səviyyəsinə yüksəldilməsinə möhkəm zəmin yaratmışdır.

Milli birliyimizin əsas dayağı olan azərbaycançılıq ideologiyası əsasında həyata keçirilən ardıcıl və məqsədyönlü diaspor siyasəti dünya azərbaycanlılarının daha sıx təşkilatlanmasına, eləcə də Azərbaycanın milli maraqlarının beynəlxalq müstəvidə ardıcıl və prinsipial şəkildə müdafiəsinə mühüm töhfələr verməkdədir.

Bu gün Azərbaycan gücünü, iradəsini və tarixi Qələbəsini bütün dünyaya sübut etmiş müstəqil və qalib dövlətdir. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası Ali Baş Komandanın uzaqgörən və qətiyyətli rəhbərliyi, Müzəffər Azərbaycan Ordusunun rəşadəti və xalqımızın sarsılmaz iradəsi sayəsində mümkün olmuşdur. Qazanılan bu möhtəşəm Zəfər milli həmrəyliyin real və dönməz gücə çevrildiyini bir daha nümayiş etdirmişdir.
Vətən müharibəsi günlərində dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımızın göstərdiyi birlik, fəallıq və qəti mövqe Azərbaycan xalqının bölünməzliyinin, yüksək milli ruhunun və sarsılmaz həmrəyliyinin parlaq təzahürü oldu. Bu birlik Zəfərin ideoloji və mənəvi dayaqlarından biri kimi tarixə yazıldı.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü yalnız bayram deyil, eyni zamanda hər bir azərbaycanlı üçün milli məsuliyyət günüdür. Bu məsuliyyət dilimizin, mədəniyyətimizin və milli-mənəvi dəyərlərimizin qorunması, tarixi həqiqətlərimizin beynəlxalq ictimaiyyətə çatdırılması, eləcə də gənc nəslin azərbaycançılıq ruhunda formalaşdırılması ilə sıx bağlıdır.

Bu əlamətdar gün münasibətilə dünyanın dörd bir yanında yaşayan bütün soydaşlarımızı səmimi-qəlbdən təbrik edir, onları milli birliyimizin daha da möhkəmlənməsi, dövlətimizin qüdrətinin artması naminə daim fəal və həmrəy olmağa çağırıram. Qoy Vətən sevgisi bizi hər zaman bir amal ətrafında birləşdirsin, Azərbaycan adı dünyanın hər yerində qürur və ehtiramla səslənsin, milli birliyimiz isə əbədi və sarsılmaz olsun.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31