Zəngəzura alternativ kimi Qazax–İcevan: Regionu rahatladan yol, yoxsa yeni risklər?- ÖZƏL
13:37 Siyasətİran Zəngəzur dəhlizinin açılmasına qəti şəkildə qarşı çıxaraq, buna alternativ olaraq Qazax-İcevan yolunun bərpasını təşviq etməyə başlayıb. SEPAH-a bağlı "Tasnim" agentliyi bu marşrutu Şərqlə Qərbi birləşdirən ən qısa quru yolu kimi təqdim edib.
Rusiya və İran "Tramp marşrutu" adlandırılan layihəyə qarşı birləşərək İrəvana təzyiqləri artırıb. Dəmir yolunun tam bərpası üçün Azərbaycanın Sofulu və Bərxudarlı kəndlərinin qaytarılması strateji zərurət kimi vurğulanır.
Zəngəzur dəhlizi daha böyük layihə olsa da, Qazax-İcevan marşrutu regionda gərginliyi azaltmaq üçün müvəqqəti və sürətli çıxış yolu kimi nəzərdən keçirilir.
Qazax-İcevan yolu Zəngəzur dəhlizini əvəzləyə bilərmi, yoxsa bu, sadəcə zaman qazanmaq üçün atılan müvəqqəti addımdır?

Rusiya və İranın "Tramp marşrutu"na qarşı birləşməsi regionda qüvvələr nisbətini necə dəyişə bilər? Mövzu ilə bağlı siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlama verib:
" Son zamanlar bəzi dövlətlər Zəngəzur dəhlizinə alternativ kimi Qazax-İcevan yolunu irəli sürürlər, məqsəd isə öz maraqlarını təmin etməkdir. Lakin bu marşrutun müvəqqəti və texniki xarakter daşıyır. Onu Zəngəzur dəhlizi ilə eyniləşdirmək əsasən ölkələrin fərdi maraqlarından və yanaşmalarından irəli gəlir.
Zəngəzur dəhlisi strateji əhəmiyyətə malik, regional ölkələri birləşdirən, qlobal, uzunmüddətli və sistemli bir layihədir. Bu layihə Azərbaycanın qərb rayonlarını Naxçıvan ilə birləşdirəcək, həmçinin Mərkəzi Asiya dövlətləri ilə əlaqə yaradacaq. Türkiyə isə Azərbaycanın geosiyasi maraqları baxımından vacib tərəfdaşdır.
Digər tərəfdən Qazax-İcevan yolu hüquqi, təhlükəsizlik və geosiyasi baxımdan dayanıqlı deyil və yalnız müvəqqəti regional alternativ kimi istifadə oluna bilər.
Bu baxımdan Rusiya bu dəhlizin Qərbin iştirakını artırmasını öz regional təsirinin azalması kimi görür, İran isə dəhlizin açılması ilə regional nəqliyyat üstünlüyünün zəifləyəcəyindən qorxur. Onlar Zəngəzur layihəsini Qərbin dəstəklədiyi bir təşəbbüs kimi qiymətləndirərək özlərinə təhdid kimi görürlər. Bu, Ermənistan üzərində təzyiqi artırır və Azərbaycan üçün diplomatik və strateji imkanları genişləndirir".
Zeynəb Mustafazadə