Qazax–İcevan yolu Zəngəzur dəhlizinə alternativ ola bilərmi? – ŞƏRH – ÖZƏL
15:48 Siyasət"Zəngəzur dəhlizi məsələsi strateji əhəmiyyət daşıyan bir mövzudur. Bu, beynəlxalq əhəmiyyətli layihə olmaqla yanaşı, Mərkəzi Asiya ölkələrinin Avropa ilə əlaqələrini təmin edəcək mühüm körpü rolunu oynayır. Eyni zamanda Türk dünyasını birləşdirən strateji məqsədlərə xidmət edən vacib bir xəttdir".
.jpg)
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, politik və geostrateji baxımdan bu dəhliz Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək mühüm bir marşrutdur. Zəngəzur dəhlizinin açılması faktiki olaraq Avropanın Çin və Mərkəzi Asiya ilə iqtisadi əlaqələrinin daha da genişlənməsinə imkan yaradacaq. Bu isə ticarət və tranzit baxımından yeni perspektivlər açır.
"Qazax-İcevan yolu məsələsinə gəlincə, bu marşrut müəyyən məqsədlərə xidmət etsə də, Zəngəzur dəhlizini əvəzləyəcək səviyyədə deyil. Bəli, Qazax-İcevan yolunun açılması Azərbaycanla Ermənistan arasında ticarət əlaqələrinin inkişafına müsbət töhfə verə bilər və alternativ yol kimi nəzərdən keçirilə bilər. Lakin bu yolun açılması Zəngəzur dəhlizinin açılmasına heç bir şəkildə mane olmur. Hər iki yol paralel və aktiv şəkildə fəaliyyət göstərə bilər.
Sadəcə olaraq, Qazax-İcevan yolu Zəngəzur dəhlizini əvəz edəcək strateji gücə malik deyil. Çünki Zəngəzur dəhlizinin əhəmiyyəti daha böyük miqyaslıdır və daha qlobal məqsədlərə xidmət edir. Bu dəhlizin açılması dünyada təhlükəsiz tranzit marşrutlarının genişlənməsinə də ciddi töhfə verəcək," - deyə ekspert əlavə edib.
Z. Əmrəliyev qeyd edib ki, hazırda Mərkəzi Asiya və Çin regionundan Avropaya daşınan malların təhlükəsizliyinin təmin olunması ilə bağlı kifayət qədər ciddi problemlər mövcuddur. Dünyada baş verən qlobal hadisələr, terror qruplarının fəaliyyəti, eləcə də Rusiya-Ukrayna münaqişəsinin hələ də aktiv fazada olması Qərbin Şərq ölkələri ilə ticarətində mühüm çətinliklər yaradır. Zəngəzur dəhlizinin əhəmiyyəti məhz bu kontekstdə - Qərb və Şərq arasında etibarlı körpü rolunu oynamasında özünü göstərir.
Qazax-İcevan marşrutu isə əsasən Azərbaycanla Ermənistan arasında qısa əlaqə yaratmaq baxımından əhəmiyyət kəsb edə bilər. Gələcəkdə bu yolun açılması mümkündür, lakin istənilən halda Zəngəzur dəhlizini əvəz etməyəcək.
Ekspertin fikrincə, İranın bu məsələlərə münasibəti isə başa düşülən deyil. Nə Zəngəzur dəhlizinin, nə də Qazax-İcevan yolunun açılmasının İran üçün birbaşa əhəmiyyəti yoxdur. Bu baxımdan İranın məsələyə bu qədər sərt reaksiya göstərməsi məntiqi görünmür. Hər halda, Zəngəzur dəhlizinin açılması məsələsi tamamilə Azərbaycanın iradəsindən asılıdır. Vaşinqtonda keçirilən görüşdə tərəflər bu barədə razılıq əldə ediblər və bu yolun açılması qaçılmazdır.
Lamiyə Cəbrayılova