Ölkəmizə quru sərhədlərini açması üçün təzyiq göstərilir-Komitə sədri
11:30 Siyasət"Unutmayaq ki, 44 günlük Vətən müharibəsi zamanı sərhədlərdə tətbiq edilən xüsusi rejim və məhdudiyyətlər qələbəmizdə həlledici rol oynadı. Məhz həmin tədbirlər kənar hərbi müdaxilələrin yolunu kəsdi, silah və canlı qüvvə axınının qarşısını aldı, arxa cəbhədə sabitliyi təmin etdi". "Olaylar" xəbər verir ki, bu sözləri deputat Zahid Oruc Milli Məclisin növbəti plenar iclasında quru sərhədlərinin bağlı qalması ilə danışarkən deyib: "Qurtuluş savaşımızda 500 kilometrdən çox dövlət sərhədi işğaldan azad edildi. Bir vaxtlar ölkəmizin sərhədlərinin pozulmasına susanlar, müharibə zamanı nəzarətsiz ərazilərdən Qarabağa silah və yanacaq daşıyanlar, 90-cı illərdə yüz minlərlə evi, mülkü talan edib Araz üzərindən satanlar indi Azərbaycandan tam açıq sərhəd tələb eləyirlər".
Zahid Oruc sərhədləri açıq olan Gürcüstan və Ermənistanla Azərbaycanın fərqli mövqelərdə olduğunu deyib: "Sual veririk: ÜDM-in 10 faizi turizmdən formalaşan ölkələrin təhlükəsizlik reallığı Azərbaycanla eynidirmi? Xeyr. Çünki biz torpaqlarımızı azad etmişik, lakin müharibə başa çatsa da təhlükəsizlik riskləri avtomatik yoxa çıxmayıb".
Deputat Rusiya və İranda yaşayan soydaşlarımızın təzyiqlərə məruz qaldığını bildirib: "Daha iki qonşu dövlət soydaşlarımıza basqı eləyərək, -şimalda onları mütəşəkkil cinayətkar dəstə, cənubda isə azərbaycanlıları humanitar təsir silahına çevirərək, ölkəmizə sərhədləri açması üçün informativ-siyasi təzyiq göstərirlər. Azərbaycan isə kvotalara məcbur deyil. Sərhədləri azad edən dövlət risklər azaldıqca məhdudiyyətləri də ləğv edəcəyinə inanır".