CAATSA sanksiyalarının ləğvi: Türkiyənin NATO daxilində “strateji qayıdışı” və Azərbaycan faktoru – ÖZƏL

"CAATSA ilə bağlı sanksiyalar Türkiyəyə 2017-ci ildə tətbiq olunmuşdu. Bunun əsas səbəbi Türkiyənin Rusiya istehsalı olan S-400 zenit-raket sistemlərini alması idi. Məhz bu qərardan sonra Türkiyə ABŞ hərbi arsenalının satış və istifadə proqramlarından, o cümlədən F-35 layihəsindən kənarlaşdırıldı".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib: Bu gün CAATSA sanksiyalarının yenidən ləğvi və ya yumşaldılması nə deməkdir? 

Bu, Türkiyənin yenidən NATO və ABŞ silah sistemlərinin alış prosesinə qayıtması anlamına gəlir. Həm hava, həm quru, həm də dəniz məkanında istifadə olunan müasir silah sistemlərinin alınması, eyni zamanda F-35 layihəsinə yenidən inteqrasiya perspektivi yaranır. Bu isə Türkiyənin NATO daxilində ən güclü ordulardan birinə çevrilməsini daha da möhkəmləndirə bilər.
Bununla Türkiyə təkcə hərbi texniki baxımdan deyil, həm də əməliyyat imkanları baxımından güclənəcək. Yenidən NATO və ABŞ ilə birgə hərbi təlimlərdə iştirak, ABŞ istehsalı olan təyyarə, helikopter və digər hava vasitələrinin istifadəsi, eləcə də bu sistemlərin mərkəzi idarəetmə və koordinasiya mexanizmlərinə qoşulma imkanı əldə ediləcək. Nəzərə almaq lazımdır ki, bu silah və texnologiyaların beyin mərkəzləri ABŞ-də yerləşir və bu, Türkiyənin həmin nəzarət və koordinasiya sistemlərinin bir hissəsinə çevrilməsi deməkdir.

"Bütün bunlar bugünkü mərhələdə Türkiyənin maraqlarına cavab verən və onun hərbi potensialının yenidən bərpasına xidmət edən amillərdir. CAATSA-nın ləğvi Türkiyənin yenidən böyük və təsirli bir hərbi güc kimi mövqeyini möhkəmləndirəcək.
Təbii ki, bu proses Azərbaycan üçün də son dərəcə mühüm əhəmiyyət daşıyır. Çünki Azərbaycan üçün Türkiyənin gücü, əslində, Azərbaycanın da gücü deməkdir. Türkiyənin hərbi-siyasi baxımdan möhkəmlənməsi Azərbaycanın regionda daha güclü mövqelərə sahib olmasına və hərbi baxımdan da əlavə dayaq qazanmasına şərait yaradır," - deyə ekspert qeyd edib.

Siyasi şərhçi bildirib ki, eyni zamanda Türkiyənin rolunun artması Qafqaz regionunda, eləcə də Aralıq dənizi, Qara dəniz, Yaxın Şərq və Yunanıstanla münasibətlər kontekstində balansın Türkiyənin xeyrinə dəyişməsinə səbəb olacaq. Bu da Ankaranın regional və qlobal miqyasda strateji çəkisini daha da artıracaq.
Bütün bu proseslər fonunda ABŞ-nin Türkiyəni Rusiya ilə yaxın hərbi-texniki əməkdaşlıqdan müəyyən qədər uzaqlaşdıraraq yenidən öz təhlükəsizlik sisteminə cəlb etməyə çalışdığı da açıq şəkildə müşahidə olunur. Yəni CAATSA-nın ləğvi və ya yumşaldılması, eyni zamanda ABŞ-nin Türkiyəni yenidən öz geosiyasi orbitinə qaytarmaq cəhdi kimi də qiymətləndirilə bilər.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31