Birbaşa reyslər sülhə töhfə verəcəkmi? Politoloqdan Açıqlama - ÖZƏL

Türkiyə hökuməti İstanbul-İrəvan-İstanbul birbaşa reyslərinin başlanma tarixini açıqlayıb. Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç bildirib ki, Türk Hava Yolları 11 mart 2026-cı ildən etibarən bu marşrut üzrə gündəlik uçuşlar həyata keçirəcək. Qeyd olunur ki, bu qərar sentyabr ayında elan edilən müntəzəm uçuş planlarının davamıdır və "Ermənistanla münasibətlərin normallaşması istiqamətində atılan ilkin addımlardan biri" kimi qiymətləndirilir.
Türkiyə-Ermənistan arasında birbaşa uçuşların başlanması normallaşma prosesinə hansı praktiki töhfələri verə bilər? Bu prosesin region ölkələri, xüsusən də Azərbaycan üçün mümkün siyasi və iqtisadi nəticələri nələr ola bilər?

Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib: 
" Türkiyə və Ermənistan arasında birbaşa uçuşların başlanması normallaşma prosesində faydalı ola bilər, amma bu proses Azərbaycanla koordinasiyalı şəkildə həyata keçirilməlidir. Türkiyə Ermənistanın həm Azərbaycan, həm də öz haqq və hüquqlarına nə qədər hörmət etdiyini nəzərə alaraq şərtləri müəyyən etməlidir. Ermənistan bu günə qədər israrla Azərbaycan torpaqlarını işğalda saxlayırdı və nəticədə həm  Azərbaycan, həm də Türkiyə ilə sərhədlər bağlı qalmışdı. Ermənistan həm iqtisadi, həm də siyasi cəhətdən blokadada idi. İndi işğal başa çatıb və hər iki tərəf müharibəni bitirmək, sülh əldə etmək və iqtisadi-siyasi prosesləri həll etmək üçün müsbət addımlar atır. Son bəyanatlar da praktikaya çevrilir.
İndi Türkiyə uçuşlar məsələsini bu prosesə uyğun şəkildə həyata keçirməlidir. Yəni Ermənistan nə qədər güzəştə gedəcəksə, Azərbaycan və Türkiyə tərəfi də atacağı addımları ona uyğun həyata keçirməlidir. Belə olduqda həm Azərbaycan, həm Türkiyə üçün, həm də ədalət və maraqlar baxımından daha məqbul şərtlər ortaya çıxacaq. Bu, sülh və normallaşma prosesinə fayda verəcək.
Əgər proses birtərəfli davam edərsə, yəni yalnız biz Ermənistana güzəşt edək, amma Ermənistan öz maraqlarını əsas götürərək hərəkət etməyə davam edərsə, normallaşma prosesinin fayda verməsi mümkün olmayacaq. Bir nöqtədən sonra  Azərbaycan və Türkiyə tərəfi qarşılıq görməsə, proses avtomatik olaraq dayandırılacaq.
Prosesin Azərbaycan üçün siyasi və iqtisadi nəticələrinə gəldikdə isə, tərəflər üzərinə götürdükləri öhdəlikləri səmimi və tam şəkildə həyata keçirərsə, Ermənistan şovinist ideyalardan uzaqlaşarsa, mərhələli şəkildə Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətlərinin bərpası, regional iqtisadi və siyasi əməkdaşlığın canlanması mümkün olacaq. Bu canlanma gələcəkdə yeni üstünlüklər yaradacaq. Ən azından Orta Dəhliz aktivləşəcək, "Bir Kəmər, Bir Yol" layihəsi fəaliyyət göstərəcək, etimad mühiti formalaşacaq və tərəflər hərbi baxımdan bir-birindən zərbə gözləməyəcəklər". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31