Ermənistanda “son nöqtə” əməliyyatı: Paşinyan kilsəyə qarşı güc tətbiqinə hazırlaşır? – ÖZƏL
15:34 Siyasət"Ermənistanın baş naziri Nikol Paşinyanın parlament seçkiləri ərəfəsində Erməni Apostol Kilsəsi ilə bağlı atdığı addımlar təkcə dini institutla hökumət arasında qarşıdurma deyil, bu, birbaşa ölkənin daxili siyasi stabilliyinə yönəlmiş riskli manevrdir. Paşinyanın "son nöqtə" ifadəsi əslində kompromis axtarışından çox, güc tətbiqi ilə məsələni bağlamaq niyyətindən xəbər verir ki, bu da Ermənistan cəmiyyəti üçün ciddi sarsıntılar vəd edir".

Bu sözləri siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert qeyd edib ki, Erməni Apostol Kilsəsi yüzilliklər boyu təkcə dini deyil, həm də milli-identik institut kimi çıxış edib. Belə bir struktura qarşı güc strukturlarının cəlb olunması, ruhanilərin saxlanılması və katolikos II Qareginin iqamətgahdan uzaqlaşdırılması cəhdləri cəmiyyətdə dərin parçalanmanı qaçılmaz edir. Bu, Paşinyanın artıq zəifləmiş sosial dayaqlarını daha da sarsıda, küçə etirazlarını və siyasi xaosu gücləndirə bilər.
Kilsə ilə dövlət arasında gərginliyin artması Ermənistan daxilində yeni cəbhə açılması deməkdir. Müxalif qüvvələr bu prosesi "milli dəyərlərə hücum" kimi təqdim edərək Paşinyana qarşı geniş koalisiya formalaşdıra bilərlər. Xüsusilə regionlarda və konservativ elektoratda hökumətə inamın sürətlə azalması real ssenaridir.
"Hesab edirəm ki, bu addım təhlükəsizlik və iqtisadi problemlərlə üzləşən ölkə üçün əlavə destabilizasiya faktoru yaradır.
Seçkilər kontekstində isə bu gərginlik Paşinyan üçün ciddi risklər doğurur. Kilsə faktoru seçki kampaniyasında simvolik və emosional silaha çevrilə, hökumət əleyhinə səfərbərlik alətinə istifadə oluna bilər. Hakimiyyətin güc yolu seçməsi Paşinyanın "demokratik lider" imicinə ağır zərbə vurur və onu avtoritar üsullara meylli lider kimi təqdim edir," - deyə ekspert bildirib.
Siyasi şərhçi əlavə edib ki, Paşinyanın kilsə ilə açıq qarşıdurma kursu Ermənistanın daxili siyasi balansını daha da pozur. Bu qarşıdurma nə ölkəyə sabitlik gətirəcək, nə də hökumətin mövqelərini gücləndirəcək. Əksinə, Ermənistan yeni siyasi böhran mərhələsinə daxil olmaq təhlükəsi ilə üz-üzədir. Həm də nəzərə alaq ki, Kilsənin Rusiyadan idarə olunması ruspərəs kütlənin də aktivləşməsi deməkdir. Bu addım təhlükəli addımdır və seçkiyə yaxşı heç nə vəd etmir.
Lamiyə Cəbrayılova