Türkiyə-Ermənistan yaxınlaşması sülh prosesinə mane ola bilərmi? – ŞƏRH – ÖZƏL
15:33 Siyasət"Türkiyənin Ermənistanla münasibətlərin yaxınlaşdırılmasını sözsüz ki, Türkiyənin özünün də elan etdiyi kimi Azərbaycanla müntəzəm şəkildə məsləhətləşərək həyata keçirdiyini və keçirməli olduğunu görürük. Çünki hələlik Ermənistanla Azərbaycan arasında əslində sülh müqaviləsi bağlanmayıb. Yəni bu, Amerikada sülh müqaviləsinin paraflanmasıdır, amma sülh müqaviləsinin bağlanması demək deyil".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, bəzən çox müxtəlif qurumların açıqlamaları sülh müqaviləsinin bağlanması kimi təqdim olunur, amma bu belə deyil. Və bu gün üçün Ermənistanla Azərbaycan arasında Ermənistan ərazisindən tranzit yollar açılıb, öz məhsullarını da satır, Qazaxıstan və Rusiyadan gələn taxıl daşımaları da həyata keçirilir. Bu, Ermənistana bir şans verir ki, sülh müqaviləsinin bağlanması prosesi sürətləndirilsin. Təbii ki, Azərbaycan hələ də sərtdir. Konstitusiya ilə bağlı dəqiqlik aydın qəbul edildikdən, ərazi iddiaları dəqiq şəkildə aradan qaldırıldıqdan sonra sülh müqaviləsi bağlana bilər. Yəni bu prosesdə eyni zamanda bu gün üçün Ermənistanda real düşünən Paşinyanın hakimiyyətdə qalması da müəyyən mənada köməkçi rol oynaya bilər. Orada iyun ayında seçkilər olacaq və bu seçkilərdə Paşinyanın qalib gəlməsinə də müəyyən dəstək verilə bilər. Çünki Paşinyanın atdığı addımlar revanşistlərdən fərqli olaraq sülh müqaviləsinə doğru gedən bir xətt üzərindədir.
"Ermənistanla Türkiyə arasında ümumiyyətlə tam əlaqələrin bərpasını gözləmirəm. Çünki bu proses tam sürətlə həyata keçirilərsə, tam start verilərsə, Ermənistan sülh müqaviləsini uzada bilər. Ermənistanın əsas istəyi Türkiyə üzərindən Avropaya çıxış əldə etməkdir. Əgər bunu əldə edərsə, Ermənistan tam blokadadan çıxarsa, sözsüz ki, həm Zəngəzur dəhlizi məsələsini uzada bilər, həm də sülh müqaviləsi prosesini ləngidə bilər. Ona görə müəyyən addımların atılması region üçün təbii ki, önəmlidir. Müəyyən münasibətlər Ermənistan üçün bir şans yarada bilər ki, regionda sülhə ehtiyac olduğunu, iqtisadi əlaqələrin vacibliyini anlasın. Amma tam açılma və Türkiyə ilə Ermənistan arasında əlaqələrin tam bərpası, sözsüz ki, Ermənistanın əlinə böyük bir fürsət verə bilər və Ermənistan bu fürsətdən istifadə edərək sülh müqaviləsindən yayınmağa cəhd göstərə bilər," - deyə ekspert əlavə edib.
Siyasi şərhçi qeyd edib ki, biz unutmamalıyıq ki, Ermənistanla eyni regionda yaşayırıq və hətta real düşünən Paşinyan olsa belə, Ermənistanın siyasi elitasına o qədər də bel bağlamaq olmaz. Çünki onlar istənilən fürsətdən öz mənfur niyyətləri üçün istifadə etməyə meylli olan bir siyasi çevrədir, bir cəmiyyətdir. Ona görə də sözsüz ki, müəyyən addımlar atıla bilər, amma tam bərpa sülh müqaviləsi bağlandıqdan sonra olmalıdır.
Lamiyə Cəbrayılova